Bu gün:
Xezer.info » Bu gün » Prezident: “Azərbaycanda daxili təhlükə mövcud deyil, bütün təhlükələr xaricdən qaynaqlanır”

Prezident: “Azərbaycanda daxili təhlükə mövcud deyil, bütün təhlükələr xaricdən qaynaqlanır”


Prezident: “Azərbaycanda daxili təhlükə mövcud deyil, bütün təhlükələr xaricdən qaynaqlanır”
Azərbaycanda daxili təhlükə mövcud deyil, bütün təhlükələr xaricdən qaynaqlanır

Bunu Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə yekun nitqi ilə çıxışı zamanı deyib.

Beynəlxalq terrorizmə toxunan dövlətimizin başçısı qeyd edib: "Beynəlxalq terrorizmlə bağlı məsələlərə gəldikdə, bir qədər əvvəl qeyd etdiklərim bununla bilavasitə əlaqəlidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq terrorizmlə mübarizədə yalnız hərbi vasitələrlə uğur qazanmaq mümkünsüzdür. Çünki əvvəlcə ideoloji təhlükələrdən qorunmaq lazımdır. İnsanları qane edəcək yaşayış standartları və rahatlıq təmin olunmalıdır ki, onlar həyatlarından məmnun olsunlar. Onlar təhsil almalıdırlar. Qeyd etdiyim kimi, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır".

İlham Əliyev bildirib ki, Azərbaycanda getdikcə daha çox savadlı gənclər müxtəlif mühüm vəzifələrdə çalışırlar:

"Yəni, bu, ekstremizmə qarşı əsas səddir. Terrorizm prosesin son mərhələsidir. Manipulyasiya, savadsızlıq, təbliğat, narazılıq, sosial qeyri-bərabərlik, yoxsulluq, işsizlik və nəhayət, terrorizm. Yəni, bütün bu amillər aradan qaldırılmalıdır. İşsizlik bizdə 5 faiz təşkil edir. Əslində, bundan da az ola bilər, ancaq bəziləri işləməyərək yalnız dövlətdən ianə almaq istəyir. Biz yoxsulluğu demək olar ki, aradan qaldırmışıq. Çünki 2003-cü ildə bu göstərici 49 faizə bərabər idi, indi isə 6 faizdir. Bir məsələni də nəzərə almaq lazımdır ki, Ermənistandan fərqli olaraq əhalimizin sayı artır. Orada əhali azalmaqdadır. Əhalimiz ildə 100 min nəfərdən artıq çoxalır. Bu səbəbdən işsizliyin aşağı səviyyədə saxlanılması olduqca ciddi çağırışdır. Təbii ki, biz terrorizmlə mübarizə sahəsində beynəlxalq səylərə töhfəmizi veririk. Bu mənada, bizim ölkədə daxili təhlükə mövcud deyil. Bütün təhlükələr xaricdən qaynaqlanır".(azərtac)