Yağmurlu hava nə vaxtadək davam edəcək? - RƏSMİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Publika.az-a verdiyi məlumata görə, hava şəraitinin qeyri-sabit davam edəcəyi gözlənilir:
“Ayın 5-ə qədər qeyri-sabit hava şəraiti davam edəcək. Artıq ayın 5-dən sonra günün ikinci yarısından etibarən Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 15-18 dərəcə isti olacaq.
Ayın 4-də Bakıda arabir yağış yağacağı, gündüz saatlarında bəzi yerlərdə intensiv hal alacağı gözlənilir. Havanın temperaturu isə 14-16 dərəcə isti təşkil edəcək.
Bölgələrdə ayın 4-də yağışlı hava şəraiti davam edəcək. Gecə və səhər bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı da var. Aran rayonlarında havanın temperaturu 14-17 dərəcə, dağlıq rayonlarında 5-9 dərəcə isti, ayın 5-də isə müvafiq olaraq Aran rayonlarında 15-20 dərəcə, dağlıq rayonlarında isə 7-12 dərəcə isti gözlənilir.
Asif Verdiyevinin sözlərinə görə, son günlərdə aramsız yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında suyun səviyyəsində artım müşahidə olunur:
“Xüsusilə Lənkəran-Astra ərazisindən keçən Lənkəran çayında suyun səviyyəsində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunub.”