Bu gün:
Xezer.info » Eksklüziv » İlham Əliyevdən idmançılara böyük müjdə

İlham Əliyevdən idmançılara böyük müjdə


İlham Əliyevdən idmançılara böyük müjdə
"Hər il 20-dən çox idmançıya dövlət tərəfindən mənzillər verilir" - Prezident

"Azərbaycanda dövlət və ictimai təşkilatlar idmançıların məişət problemlərinin həllində fəal iştirak edirlər. "Hər il ilin yekunlarına görə, iyirmidən çox görkəmli idmançıya dövlət tərəfindən mənzillər, digər mükafatlar, təqaüdlər verilir. Yəni, biz daim çalışırıq ki, idmançılarımızı dəstəkləyək. Çünki bu gün idman Azərbaycanda, bizim cəmiyyətimizdə çox önəmli ictimai amilə çevrilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

"İdmançı olmaq çox şərəfli peşədir. İdmançılara cəmiyyətdə hörmət böyükdür. Onu da qeyd etməliyəm ki, bizim idmançılarımız həm idman yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar. İdmançılar, onların uğurları, onlara dövlət tərəfindən verilən qiymət və dəstək əlbəttə ki, uşaqları da idman bölmələrinə cəlb edir. Çünki uşaqlar da görürlər ki, əgər sən idmanda böyük uğur qazanarsansa, onda həm xalq, həm dövlət səni yüksək qiymətləndirəcək. Beləliklə, bu gün Azərbaycanda yeniyetmə, uşaq idmanı da uğurla inkişaf edir”, - deyə o vurğulayıb.

O qeyd edib ki, bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait var: "Bizim çempionlarımızın uğurlu çıxışları, onların qələbələri gəncləri də, uşaqları da əlbəttə ki, idmana cəlb edir. Hər dəfə bizim idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qaldıranda hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu qələbələrə, bu qələbə sevincini xalqımıza bəxş etdiklərinə görə Azərbaycan idmançılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çıxışımın sonunda bir məsələyə də toxunmaq istərdim. Bu gün biz Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik. Bəziləri elə hesab edirlər ki, elə də olmalıdır. Biz gərək keçmişə də baxaq, müqayisə də edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında 14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir. Bizim həmişə güclü idmançılarımız olub. Sovet vaxtında da Azərbaycan nümayəndələri xalqımızı SSRİ yığma komandalarında ləyaqətlə təmsil ediblər. Ancaq əlbəttə ki, indiki nailiyyətlərlə o vaxtkı nailiyyətlər müqayisəedilməz dərəcədə fərqlənir.

Bu gün biz müstəqil dövlət kimi medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, nəyin hesabına mümkün olub? Əlbəttə, görülən işlər, apardığımız siyasət hesabına - bu barədə mən artıq öz fikirlərimi bildirdim. Mən görülən işlərin bir hissəsini qeyd etdim. Amma əsas səbəb və bunun əsas qaynağı bizim müstəqilliyimizdir. Biz 26 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o cümlədən idman sahəsində də bu uğurlara imza atıb. Bir neçə gün bundan əvvəl dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinin indeksini açıqlayıb. Azərbaycan il ərzində iki pillə irəli gedərək 37-ci yerdən 35-ci yerdə qərarlaşıb. Bu da MDB məkanında birinci yerdir. Yəni, 140-a yaxın ölkənin iqtisadiyyatları təhlil edilib. Onların arasında Azərbaycan - gənc müstəqil dövlət 35-ci yerdədir. Bu, nəyin hesabına mümkün olub? Düşünülmüş siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Bunun təməlində bizim müstəqilliyimiz dayanır. Müstəqilliyimiz ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Bu gün medallar qazanan, idman şöhrətimizi dünyada artıran idmançılarımızın böyük əksəriyyəti müstəqillik dövründə doğulub, onların hamısı müstəqillik dövründə formalaşıb. Azərbaycan bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcək. Bizim gələcəkdə idman uğurlarımız daha da çox olacaq. Bütün idmançıları əldə edilmiş qələbələr münasibətilə təbrik edirəm və yeni qələbələr, uğurlar arzulayıram”.