Kürdlər dövlət müstəqilliyini elan edərsə... - "Bu, bölgədə dəhşətli qarşıdurmalara təkan verəcək"
25-sen-2017İraqın şimalında kürdlərin müstəqilliklə bağlı referendum keçirilməsi hələ müstəqil Kürdüstan dövlətinin yaradılması və bunu irəli aparılması demək deyil.
Bunu Gununsesi.info-ya açıqlamasında ekspert Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, mümkündür ki, Bərzani özünü saldığı bu mürəkkəb vəziyyətdən sadəcə olaraq referendumun nəticələrinin qərara bağlanmasını qeyri-müəyyən zaman üçün ertələsin. “Qeyd etmək lazımdır ki, bölgə dövlətərinin bu məsələdə kifayət qədər sərt tutum sərgiləmələri, Qərbi də daha loyal mövqe sərgiləməyə vadar etdi. Diqqət etsək görərik ki, referendumla bağlı açıqlamalarında istər avropalılar, istərsə də ABŞ rəsmiləri artıq daha ehtiyatlıdırlar. Onlardan fərqli olaraq Türkiyə və İran isə təzyiqlərini artırmaqdadırlar”- deyə, ekspert vurğulayıb.
O əlavə edib ki, əslində referendum keçirilməsi faktının özü artıq, Qərbin manevr imkanlarını artırır və bundan daha qabağa getmək indiki şəraitdə onlara lazım deyil: “Qərb onsuz da refendemin nəticələri ilə rəsmi Tehranın nəzarətində olan rəsmi Bağdada, həm də kürd məsələsinə son dərəcə həssas yanaşan Ankaraya təzyiq rıçaqları əldə edəcək. İraq və Suriyada son dərəcə mürəkkəb siyasi vəziyyətin yaşandığı, ərəb ölkələrinin sürətlə İsraillə yaxınlaşdığı və buna paralel olaraq Yaxın Şərqdə xarici şərtlərin təsiri ilə Rusiyanın da dəstəklədiyi Türkiyə-İran duetinin formalaşdığı bir zamanda Qərbin bu məsələdə daha da uzağa getməsi, belə deyək, referendumun nəticəsi olaraq Kürdüstan adlı bir dövlətin varlığını elan etdirməsi (!) daha ciddi və vahim qarşıdurmaların yaşanmasına təkan verəcək. Nə Vaşinqton, nə də qoca qitə isə buna hazır deyil”- deyə, V.Zifəroğlu deyib.