Azay Quliyev ATƏT PA-da çağırış edib: “Körpə qatilləri cəzalandırılmalıdır”
07-iyul-2017Azay Quliyev ATƏT PA-da çağırış edib: “Körpə qatilləri cəzalandırılmalıdır”
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması, mülki əhalini bilərəkdən hədəfə alması, xüsusilə də bu yaxınlarda 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz haldır. Biz, parlamentarilər olaraq bu “körpə qatillərini” şiddətlə qınayıb onların layiq olduqları cəzanı almalarını tələb etməliyik ki, onlar etdiklərindən ruhlanıb öz cinayətlərini gələcəkdə də davam etdirməsinlər.
Teref.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinə təqdim olunan hesabat layihəsi haqqında çıxışı zamanı bu qurumun vitse-prezidenti Azay Quliyev deyib.
ATƏT PA-nın vitse-prezidenti deyib: “Hər birimizə aydın olmalıdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları münaqişənin kökündə duran əsas məsələdir. Ermənistan xalqı öz müqəddəratını təyin etmək və bərbərlik hüququ kimi nəcib prinsipləri öz xeyrinə təhrif edərək Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını və işğal olunmuş əraziləri özünə birləşdirmək niyyətini gizlətmək istəyir. Buna görə də, ümumi prinsiplərin bu cür sui-istifadəsinə Assambleyanın imkan verməməsi yüksək əhəmiyyət daşıyır. Öz müqəddəratını müəyyən etmək hüququnun mənası və əhatə çərçivəsi beynəlxalq hüququn müvafiq sənədlərində aydın formada göstərilir. Xüsusən də, Helsinki Yekun Aktında qeyd olunur ki, öz müqəddəratını təyin etmək hüququ yalnız dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq həyata keçirilə bilər”.