Texnoparkda inanılmaz fırıldaqlar və… – Pirverdiyevin qızı, Əli Abbasovun kürəkəni…
12-iyun-2017Texnoparkda inanılmaz fırıldaqlar və… – Pirverdiyevin qızı, Əli Abbasovun kürəkəni…
“Paket”dən dövlətə vergi, pensiya fonduna köçürmələr adı ilə pul tutulur, dövlət vəsaitləri talan edilir
“Pirverdiyev bilir ki, bu yaxınlarda texnoparki ondan alacaqlar. Ona görə də STP-ni yeyib dağıdır”
Bir müddət bundan əvvəl Saleh Məlikzadə adlı oxucumuzun “AzPolitika.info”ya göndərdiyi məktub əsasında ölkədə ən böyük texnopark olan Sumqayıt Texnologiyalar Parkında (STP) hökm sürən bəzi özbaşınalıqlar haqqında məlumat vermişdik. “ETİBAR PİRVERDİYEVİN ANORMAL “PAKET” SİSTEMİ” başlığı ilə dərc olunan həmin yazıda STP-də işçilərin hüqularının pozulmasından, dövlətin vəsaitinin şəxsi maraqlar əsasında dağıdılmasından söhbət açılırdı.
Texnoparkda inanılmaz fırıldaqlar və… – Pirverdiyevin qızı, Əli Abbasovun kürəkəni…
Xatirladaq ki, məktubda “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin nazarətində olan texnoparkda işçilərə rəsmi olaraq 200-300 maat maaş yazıldığı, “paket”lə birlikdə bəzilərinin 400 , bəzilərinin 1000 manata qədər əmək haqqı aldığı vurğulanırdı. Bunun səbəbi kimi isə rəhbərliyin özünə yaxın işçilərə 700-800 manat, başqalarına 100-200 manat “paket” verməsi göstərilirdi. ”Zavod rəhbərlərinə, bəzi söbə rəhbərlərinə və sair vəzifəli şəxslərə ayrıca “paket” gəlir. Onların “paketi” ayda 2000 manatdan 15 000-20 000 manata kimi dəyişir” –deyə məktubda qeyd olunurdu.
Bu günlərdə “AzPolitika.info”ya müraciət edən Murad Əliyev adlı başqa bir oxucumuz yuxarıda yazılanları təsdiqləməklə yanaşı bəzi başqa faktları da açıqlayıb.
17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır
Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, inşasına 2007-ci ildən başlanılan Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihə hesab oluna bilər. Hazırda özündə 17 zavodu birləşdirən böyük Texnopark 2009-cu il dekabr ayının 22-dən istismara verilmişdir. Bu layihəyə nə qədər investisiya qoyulduğu açıqlanmasa da, bunun 100 milyonlarla ölcülə biləcəyi şübhə doğurmur. Çünki fəaliyyətə başlayan zavodlarda ən müasir, ən son və təbii ki, ən bahalı avadanlıq və texnologiyalardan istifadə edilir. Belə ki, Sumqayıt Texnologiyalar Parkında ”Liebherr”, “Komatsu”, “Hitachi”, “Bomag”, “Borg”, “Mercedes” və s. kimi dünyanın qabaqcıl texnikasından, maşın və mexanizmlərindən istifadə edilir.
250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Cənubi Qafqazda unikal istehsalat kompleksi olan STP yaxın gələcəkdə ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək. Yeni zavodlar istifadəyə veriləndən sonra işçilərin sayı 10 min nəfərdən çox olacaq.
Ancaq təəssüf ki, ölkənin iqtisadityyatının inkişafı baxımdan böyük əhəmiyyət daşıyan bu layihələrin icrasına məsul olan şəxslər qanunsuzluqlara, ədalətsizliyə və mənimsəmələrə yol verirlər. Murad Əliyevin məktubunda yazılanlar da bunu təsdiqləyir. Məktubda deyilir:
“Salam, hörmətli “AzPolitika.info”. Biz vətəndasların problemlərini işıqlandırdığınız üçün sizə təsəkkür edirəm. Çox təəssüf ki, biz vətəndaslar dövlət orqanlarında öz dərdimizə əlac tapa bilmirik. Ona görə də üz2müzü sizə tuturuq.
Mənim sikayətim “Sumqayıt Texnologiyalar Park”ı MMC-dəndir. Burda fəhlələrə, sıravi işçilərə hec bir hörmət qoyulmur. Texnoparkda problemlər xirtdəyəcəndi”.
“Bəzi vəzifəli şəxslərə “paket” yox, “diplomat” verilir”
Məktub müəllifi daha sonra əmək haqqı sahəsindəki qanunsuzluqlardan danışır: “Yarıtmaz idarəetmə ve kadr siyasəti, anormal əmək haqqı, qanunların saya sayılmaması fəhlələrin səbr kasasını daşırmaq üzrədir. Əmək haqqı “paket” sistemi ilə verilir. Kimə nə qədər istəyirlər “paket” verirlər. Bəzən təzə işə qəbul olan, heç bir is təcrübəsi olmayan isçilər uzunmüddətli əmək stajı və təcrübəsi olan isçilərdən iki dəfə cox əmək haqqı alır. Aklad 200-400 manat arasındadır. Amma istədikləri adama 2000-4000 manat, hətta daha artıq “paket” verirlər. Bəzi vəzifəli şəxslərə (söbə müdirləri, direktorlara) isə “paket” yox, “diplomat” verilir”.
Şikayətçi maraqlı bit faktı da açıqlayır. İddia edir ki, Pirverdiyevin texnoparkın idarəçiliyinə yerləşdirdiyi adamlar işçilərə verilən “paket”dən belə sanki rəsmi maaş kimi ödəmələr tuturlar: “İşçiyə verilən “paket”dən dövlətə vergi, pensiya fonduna köçürmələr adı ilə pul tutulur. Təbii ki, bu vəsaitlər də mənimsənilir. Məzuniyyət, bülleten, əlavə is saatlari aklad maaşına görə ödənilir, “paket”ə daxil edilmir. Amma işə gəlməyəndə ümumi maaşımızdan pul tuturlar, “paket”i də azaldırlar, özlərinə götürürlər. İşlədiyimiz ayin maaşını 3-cü ayda alırıq. Yəni 2 ayın pulu həmişə onlarda qalır, pullarımızı banklarda firladırlar”.
“Hər altı aydan bir isçiləri ixtisar edirlər”
Daha sonra məktubda STP-də yol verilən digər qanunsuzluqlardan söhbət açılır: “Müqavilə 3-6 aylıq bağlanır. Hər altı aydan bir işçiləri ixtisar edirlər. İxtisar edəndə isə qanunlar bir yana, Allahı da unudurlar. İşçiyə heç bir xəbərdarlıq etmirlər, kompensasiya vermirlər. Harda imkansiz, adamı olmayan işçilər var, onları ixtisar edirlər. Axı qanunvericilikdə var ki, ixtisar olunmazdan əvvəl işçilərə xəbərdarlıq edilməlidir. Ona hər həftənin bir günü əmək haqqı ödənilməklə, iş axtarmaq imkanı yaradılmalıdır. Bunların heç birinə əməl olunmur. Qanunları saya salan yoxdur.
Cənab Prezident qeyd edib ki, hər bir dövlət məmuru xalqına xidmət etməlidir. Azərbaycan vətəndasına hər yerdə hörmət edilməlidir, incidilməməlidir. İndi gəlin baxaq görək, STP-də bu deyilənlərə necə əməl edirlər.
İşçiləri işə aparıb gətirən avtobusların nə pəncərəsi var, nə də kondisioneri. STP-də şüsə sexi ola-ola avtobusları normal şüşələrlə belə təmin etmirlər. Halbuki, özləri dövlətin hesabına “lüks” maşınlarda gəzirlər. İşcilər burda dərdini deməyə adam tapmır. STP-də iki icracı direktor olsa da, hec birinin qəbul günləri yoxdu”.
“STP-nin balansında olan maşınlar Pirverdiyevin villalarında və obyektlərində isləyir”
Şikayətçi məktubda Pirverdiyevin adamlarının STP-də dövlət vəsaitini dağıtdıqlarını bildirir: “STP-də izafi xərclər baş alıb gedir. Parkın ərazısi bütünlüklə betonlanıb. Amma ayrıllan pullar “yeyildiyindən”, bu iş elə keyfiyyətsiz görülüb ki, indi betonlar cat catdir. Buna görə də həmin betonları dağıdırlar, 100 minlərlə manat dövlət vasaiti “havaya sovrulur”.
Etibar Pirverdiyevə yaxın hər yerindən duran vəzifəli şəxsə xidməti maşın təsis edilib. Bu məqsədlə ayda külli miqdarda dövlət vasaiti yanacağa silinir. Sənəddə də yazırlar ki, həmin yanacaq parkın tikintisi zamani istifadə olunur.
Bundan əlavə bəzi maşınlar STP-nin balansında olsa da, burdan yanacaqla təmin edilsə də, gerçəkdə Pirverdiyevin villalarında və obyektlərində isləyir”.
“Pirverdiyevin qızı STP-də söbə müdiridir, amma onu işdə görən olmayıb”
Məktubda Etibar Pirverdiyevin yaxınları və texnoparkda həyata keçirilən maliyyə fırıldaqları ilə bağlı maraqlı iddialar irəli sürülür: “Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva STP-də söbə müdiridir. Ayda 2000 manat da maaş verilir. Daha doğrusu işə çıxmadan bu maaşı alır. Çünki onu texnoparkda bir gün də olsa görən olmayıb. Məgər onun o pula ehtiyaci var?
Bu pula nə qədər adamı ixtisar etməyib, isdə saxlamaq olardı. Pirverdiyev bilir ki, bu yaxınlarda texnoparkı ondan alacaqlar. Ona görə də STP-ni yeyib dağıdır. Bütün lazımlı maliyyə sənədləri məhv edilir. Törəmə şirkətlər vasitəsiylə pullar mənimsənilir. Bu günə qədər STP kimi boyuk təşkilatın Arxiv İdarəsi yoxdur.
Təchizat söbəsinin son bir neçə ildə dəfələrlə müdiri dəyisdirilib. Səbəb isə sadədir – müdirlərin əli ilə “yeyib” dağıtmaq və sonra izi itirmək.
STP-yə xaricdən alınan avadanlıqların qiymətləri şişirdilib, baha qiymətə sənədləşdirilir. Daxili bazardan alınan məhsullar Pirverdiyevə yaxın şəxslərdən və sirkətlərdən baha qiymətə alınır. Sonda da həmin adamlardan və sirkətlərdən mal alındığı üçün əlavə pul (bonus) alırlar”.
“Müdafiə Nazirliyinə gedən məhsullar bazar qiymətindən 2-3 qat baha satılır”
Məktub müəllifi STP-də istehsal olunan məhsulların satışında da böyük maxinasiyalara yol verildiyini iddia edir: “STP-də isrehsal edilib kənara satılan məhsulların qiymətləri də bir neçə dəfə şişirdilir. Əsasən də Müdafiə Nazirliyinə gedən məhsullar bazar qiymətindən 2-3 qat baha satılır. Bu yolla da budcəni dağıdırlar.
Texnoparka Hesablama Palatasından gələn yoxlamaları rüşvət verib, yola salırlar.
İdarəetmə bərbad vəziyyətdədir. Rəhbər vəzifələrə peşəkarlar yox, sadəcə Pirverdiyevə yaxın, tanış və qohum olan adamlar götürülür.
Daha əziyyət çəkib universitet oxumaq, savadlı olmaq, təcrübə toplamaq lazım deyil. Sadəcə Pirverdiyevin qohumu olmaq və ona salam vermək kifayətdir”.
STP-də vəzifə tutanlar: Əli Abbasovun kürəkəni, Pirverdiyevin qızının tələbə yoldaşı…
Məktubda bunu sübut etmək üçün konkret adlar da çəkilir: “Biznesin inkisafı idarəsinin rəisi var, Cəmil Qasımov. Pirverdiyevin qızının tələbə yoldaşı olub. İxtisasca hüquqsünasdır. İndi də ona vəzifə verməkdən ötrü xüsusi idarə yaradıblar. Yaşı 30-a yaxın ixtisasca hüquqşünas olan adam Biznesin İnkişafi İdarəsinə rəhbərlik edir.
Bundan əlavə Ağır Maşınqayırma Zavodunun direktoru var – Rzabəy Məmmədov. Onun da yaşı maksimum otuz olar. Deyilənə görə, Pirverdiyevin qudası Əli Abbasovun qohumu, hətta kürəkənidir.
Adi mühəndisdi, dərhal oldu iki nəhəng zavodun direktoru. Gəzəndə elə bil ki, alçaq dağları bu yaradıb. Heç kimi də saymır . Gunah onda deyil, günah belə adamları rəhbər vəzifələrə qoyub, xalqın heysiyyatı ilə oynayan Pirverdiyevdədir.
Ona görə də STP bu gündədir, idarəetməyə kimi gəldi qoyurlar”.
“Pirverdiyevin xoşuna gəlməyənlər dərhal işdən azad olunur”
Məktubda bildirilir ki, peşəkarlar, istehsalatda canın çürüdən adamlar qalır qıraqda, qohumlar vəzifəyə təyin olunur: “Heç kim burda əmək haqqı sahəsindəki anormallığı guya görmür. Əmək müfəttişliyi hara baxır?
Heç kim Pirverdiyevə yaxınlaşıb dərdini deyə bilmir. Çünki Pirverdiyevlə üzbəüz gələn adam bilir ki , üzü, xarici görünüşü, paltarı, hətta yerişi Pirverdiyevin xoşuna gəlməsə, o adam dərhal işdən azad olunacaq. Təəccüblənməyin, belə hallar STP-də bas verib”.
Sonda məktub müəllifi Prezidentdən və aidiyyatı qurumlardan texnoparkda baş verənlərlə bağlı tədbir görməyi xahiş edir: “ Mən istərdim bu məktubu ölkə rəbərliyi, aidiyyatı orqanlar oxusun və burda baş verənlərlə bağlı tədbir görsünlər. Dövlət orqanları nəyi gözləyirlər? İnsanlar artıq qanunsuzluqlardan, hüquqlarının pozulmasından boğaza yığılıb”.
Məktubda adı çəkilən şəxslərin, eləcə də STP rəhbərliyinin və cənab Pirverdiyevin də mövqeyini işıqlandımağa hazırıq.