Universitetlər qapısını varlıların üzünə açır - Azərbaycanda hamı oxuyacaq
12-iyun-2017Hazırlıq kursları repetitorların da bazarını öldürəcək
Kamran Əsədov: “Bu kurslarda oxuyanlar bir il sonra qəbul imtahanları verəcəklər”
Azərbaycanda “Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir. Dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılacaq və bu kurslar vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. Hazırlıq kurslarının isə ödənişli olması nəzərdə tutulur.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə “Təhsil haqqında” Qanuna edilən dəyişilkliyin əleyhinə çıxıb. Millət vəkili hesab edir ki, bu dəyişiklik imtahandan uğursuz nəticə əldə edən insanlar üçün universitetlərə qəbul olmaq imkanı yaradır: ”Mənə elə gəlir ki, bu dəyişiklik ali məktəblərin təhsil səviyyəsini aşağıya endirir. Ona görə də bu dəyişikliyin əleyhinəyəm”.
Digər ekspertlər isə hesab edir ki, universitetlərdə ödənişli hazırlıq kurslarına imkan yaradılması gələcəkdə “savadsızlar ordusu”nun yetişməsi deməkdir. Bununla yanaşı universitetlərdə ödənişli hazırlıq kursunun keçirilməsi repititorların işinə də müəyyən mənada əngəl yaradacaq. Belə ki, repetitor yanına getməli olan abituriyentlər daxil olmaq istədikləri ali məktəbin hazırlıq kursunda təhsil alacaqlar və onlara lazım olan fənnləri mənimsəmək imkanı qazanacaqlar.
Bu həm repetitorların bazarını “öldürəcək”, həm də xaricə təhsil almaq üçün gedənlərin sayını azaldacaq.
“Bu, repetitorluğa təsir göstərməyəcək”
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələ bir neçə müddətdir ki, müzakirə olunur: “Lakin hesab edirəm ki, təklif olunan dəyişiklik cari il üçün nəzərdə tutulmur. İlk növbədə ona görə ki, 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul üçün rəsmi qəbul başlayıb. Bundan əlavə, ali təhsil müəssisələrinin belə bir hazırlıq qruplarının yaradılması ilə bağlı hazırlığı başlamayıb. İkinci tərəfdən isə, bu heç də azərbaycanlı gənclərin təhsil dalınca xarici ölkələrə getmələrinə mane olmayacaq.
Ona görə ki, hazırlıq qruplarında təhsil alan tələbələr bir ildən sonra yenidən qəbul imtahanlarında iştirak edəcək və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali məktəblərə qəbul olacaqlar. Çünki hazırlıq qruplarında təhsil almaq hansısa hüquqi qüvvəyə malik deyil. Bu dünya təcrübəsində də mövcuddur. Təklif edirəm ki, bu hazırlıq qruplarında təhsil alan tələbələr 1 il sonra qəbul imtahanlarında iştirak edib həmin universitetlərə qəbul olsalar, ikinci kursdan dərsə başlamalıdırlar. Bunu zəruri edən amil son illər universitetlərə qəbulun aşağı düşməsi və universitetlərin gəlirlərdən məhrum olmasıdır”.
Ekspert məlum qanuna ediləcək dəyişikliyin repetitorların işinə mane olacağı məsələsinə də toxunub. O, deyib ki, ali məktəblərdə qəbul prosesini bilən müəllimlərin sayı demək olar ki, azdır. Ona görə də, bu repetitorluğa təsir göstərməyəcək.