Abşeron RİH-nin memarı Akif Əliyev müharibə veteranından nə istəyir?
19-may-2017Xezer.info Yenimeydan.info-ya istinadən xəbər verir: Redaksiyamıza müraciət edən Qarabağ müharibəsi veteranı Həsənov İdris Şura oğlu Abşeron Rayon İcra Hakimiyyətində rastlaşdığı qanunsuzluqlardan boğaza yığıldığını bildirir. Onun sözlərinə görə bütün hüquqi sənədlərinin olmasına baxmayaraq Rayon İcra Hakimiyyəti ona ev tikməyinə imkan vermir. Səbəbi isə cox sadədir - adıçəkilən Rayon İcra Hakimiyyətində tüğyan edən RÜŞVƏT. Qarabağ veteranı özünə məxsus bütün sənədləri qaydasında olan torpaq sahəsində ev tikmək üçün müvafiq layihə ilə Rayon İcra Hakimiyyətinə müraciət edir. Memarlıq şöbəsinin Elmir adlı işçisi heç nədən çəkinmədən, açıq formada müharibə veteranından 4700 manat rüşvət tələb edir. Eşitdiyindən şoka düşən İdris Həsənov memarlıq şöbəsinin müdiri Akif Əliyevə müraciət etməli olur. Akif Əliyevdən aldığı cavab isə müharibə veteranına “snayper gülləsi” kimi dəyir. Sən demə şöbə əməkdaşı öz müdirinin yanında şükürlü imiş. “Əməkdar memar” adını daşıyan Akif Əliyevin müharibə veteranına verdiyi cavab aşağıdakı formada olur: - “Məninm nəyimə lazımdır ki, sən Qarabağda vuruşmusan? Gətir pulumu ver, işini gör” Akif Əliyevin vətəndaşlara qarşı kobud rəftarı barəsində ölkə mətbuatında dəfələrlə məlumatlar yer alıb. Lakin görünən odur ki, bunların Akif Əliyevin fəaliyyətinə heç bir təsiri olmayıb. Abşeron Rayon İcra Hakimiyyətinin isə “rüşvət yuvası”na çevrilməsi barədə informasiyalar ölkə mətbuatında kifayət qədərdir. Bütün bunlara baxmayaraq “rüşvət maşını” adıçəkilən qurumda bütün sürətilə işləməkdədir.
Baş verən olayla bağlı geniş araşdırma yazımızla bu günlərdə tanış olacaqsınız. Hələ ki, bunları deməklə kifayətlənirik.
Mövzu ilə bağlı yazıda adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var...