General Habil Vəliyevlə birgə MN-nin zabitlərinə necə “torba tikib” - Yenilənir
18-may-2017Bu yaxınlarda saytımızda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həbs olunan “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin Müdafiə Nazirliyinin generalını necə ələ alması, onun vasitəsilə oğlunun Mərkəzi Ordu İdman Klubunda hərbi xidmət keçməsini təmin etməsi və başqa detallar barədə məqalə dərc olunmuşdu. Mənbəmizin verdiyi digər məlumatlar isə kifayət qədər ciddi ittihamlarla zəngin olduğu üçün onları dərindən araşdırmaq zərurəti yaranmışdı. Araşdırmalar zamanı gəldiyimiz nəticələrdə “reket jurnalist”lə “məğlub general”ın münasibətlərinin daha dərinlərə getdiyi aydın görünür. Münasibətlər o qədər isti olub ki, nəinki “reket jurnalist” generalın xidmətlərindən geninə-boluna istifadə edib, hətta öz növbəsində general da yaranmış situasiyadan məharətlə istifadə edərək Habil Vəliyevin “jurnalist” fəaliyyətindən yetərincə bəhrələnə bilib. Ötən məqaləmizdə məlumat vermişdik ki, Habil Vəliyev həm generala, həm də onun məktəb direktoru işləyən bacısına mətbuatda himayədarlıq etmək funksiyasını boynuna götürərək müəyyən maddi maraqlar çərçivəsində bu “missiya”nı həyata keçirib. Sən demə, general da Habil Vəliyevin “xüsusi bacarıqlar”ından və “qabiliyyətlər”indən öz qaranlıq məqsədləri üçün istifadə etməyi bacarıb. Beləliklə, general Müdafiə Nazirliyində xoşu gəlməyən, soyuq münasibətlərdə olduğu zabitləri Habil Vəliyevin nəzarətində olan “Gündəlik Bakı” qəzeti vasitəsilə “yaylım atəşi”nə tutmağa başlayıb. Hədəfləri dəqiq müəyyən edən general “sərrast atəş”lə bir neçə zabitin vəzifəsindən uzaqlaşdırılmasına nail ola bilib. Bu işdə generala Cavad və Məzahir adlı “silahdaşlar”ı da yaxından yardımçı olublar (red: - Cavad və Məzahir adlı şəxslərin ətrafında apardığımız araşdırmaların nəticələri ilə gələn yazılarımızda tanış olacaqsınız). Müdafiə Nazirliyinin daxilində baş verənlərdən kifayət qədər məlumatlı olan bu “trio” informasiyaları Habil Vəliyevə ötürməklə “rəqiblər”inə sarsıdıcı zərbə vurublar.
Redaksiyamıza daxil olan məlumatlar onu deməyə əsas verir ki, general və onun ətrafı Ali Baş Komandanın və Müdafiə Nazirinin tapşırıqlarının yerinə yetirmək əvəzinə, “reket jurnalist”lə əlbir olaraq nazirlikdə çalışan digər zabitlərə böhtan atmaqla onları şantaja məruz qoyublar.
Adıçəkilən generalın kimliyilə bağlı araşdırmalarımız sona çatmaq üzərədir. Sadəcə olaraq, əldə etdiyimiz məlumatlardan göründüyü kimi həmin generala qarşı ittihamlar kifayət qədər ciddi olduğu üçün əldə etdiyimiz informasiyalar son dərəcə diqqətlə incələnir.
Redaksiyamıza daxil olan məlumatların böyük bir qismi araşdırma ərəfəsindədir. Əminik ki, növbəti araşdırmalarımızın nəticəsi daha dəhşətli faktlarla zəngin olacaq. Məqalədə adı çəkilən istənilən tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
P.S. Ümid edirik ki, məqaləmiz müvafiq dövlət qurumlarının diqqətini cəlb edəcək və baş verənlər hüquqi müstəvidə araşdırılacaq. Baş Prokurorluğa, Müdafiə Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə göndərəcəyimiz sorğuların “reket jurnalist” Habil Vəliyevin davam edən istintaqı zamanı araşdırılacağına şübhə etmirik. Bizi izləyin...
Ardı var...
Vediinfo.az