Bu gün:
Xezer.info » Manşet » Şəmkir polisində şok olay: DİN-ə şikayət edən gənci döyüb...

Şəmkir polisində şok olay: DİN-ə şikayət edən gənci döyüb...


Şəmkir polisində şok olay: DİN-ə şikayət edən gənci döyüb...
Şəmkir Rayon Polis Şöbəsində inanılmaz özbaşınalıq baş verib.

Axar.az xəbər verir ki, iyunun 14-də Anar Rauf oğlu Süleymanovun idarə etdiyi KİA markalı, 57 BO 635 dövlət nömrə nişanlı avtomobil Şəmkir RPŞ-nin yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra maşın sənəd təqdim edilmədiyindən duracağa aparılıb. 20 yaşlı gənc A.Süleymanov isə tələb olunan rüşvəti gətirməsi üçün evə göndərilib.

A.Süleymanovun ailəsindən verilən məlumata görə, gənc ədalətsizliyə etiraz olaraq DİN-in 102 “qaynar xətti”nə məlumat verib və ölçü götürülməsini xahiş edib. Əsl problem də bundan sonra başlayıb.

Hadisədən 2 gün ötəndən sonra Polis Şöbəsinə dəvət edilən A.Süleymanov DİN-in “qaynar xətti”nə şikayət etdiyi üçün təhqir edilib və döyülüb. Daha sonra isə guya bu gəncin Şəmkir Rayon Polis Şöbəsində, Yol Polisi Şöbəsinin rəisinin otağında, polislərin içində DYP rəisi Eldar Həsənovu təhqir etdiyi, polislərin ünvanına nalayiq sözlər dediyi barədə sənədləşmə aparılıb və Şəmkir Rayon Məhkəməsinə göndərilib.

A.Süleymanovun anası bildirib ki, Şəmkir RPŞ-nin DYP şöbəsinin rəisi Eldar Həsənov iyunun 14-də oğlunu şəxsən özü saxlayıb:

“Əgər oğlum qanunvericiliyi pozmuşdusa, iyunun 14-də avtomobil müsadirə olunarkən niyə Anarı da həbs etməmişdilər? Niyə 2 gün müddətində gözlədilər? Yalnız Anar DİN-in “qaynar xətti”nə bu barədə müraciət edəndən sonra “yadlarına düşdü” ki, demə, Anarın sənədləri qaydasında olmayıb və o, küçədə polisin ünvanına nalayiq sözlər deyib. Əgər Anar iyunun 14-də polisin ünvanına nalayiq sözlər demişdisə, onu niyə dərhal polis şöbəsinə aparıb, barəsində tədbir görməmişdilər?!”

A.Süleymanovun anasının sözlərinə görə, rüşvət tələbinin qarşılığında oğlunun DİN-in “qaynar xətti”nə müraciəti E.Həsənovu hövsələdən çıxarıb və o, bu yola əl atıb:

“Bu gün bizə bildirdilər ki, oğlum qanunvericiliklə nəzərdə tutulan cəriməni ödəyəndən sonra onu azad edəcəklər. Özüm şəxsən gedib, cəriməni ödədim, ancaq Şəmkir polisi Anar barəsində Şəmkir Rayon Məhkəməsində 10 sutkalıq inzibati həbs cəzası qərarının çıxarılmasına nail oldu”.

Ananın sözlərinə görə, Anar Süleymanovun azadlığa buraxılmamasının səbəbi aldığı xəsarətlərdir:

“Oğlumu Polis Şöbəsində vəhşi kimi döyüb, ona ciddi xəsarətlər yetiriblər. Azadlığa çıxanda bu faktın hər kəsə bəlli olacağını bildikləri üçün onu saxta ittihamla 10 sutkalıq həbsə atdırdılar”.

Ana Şəmkir polisində vaxtaşırı olaraq belə hadisələrin baş verdiyini xatırladaraq, oğlunun taleyindən çox narahat olduğunu diqqətə çatdırdı:

“Mən Daxili İşlər naziri Ramil Usubova müraciət edirəm, oğlumun başına hansısa bəla gələcəyindən narahatam. Cənab nazirimizdən xahiş edirəm ki, bu işi nəzarətinə götürsün, oğlumun bu şəxslərin əlindən sağ-salamat qurtarmasına yardım eləsin”.

Qeyd edək ki, hadisə ilə bağlı DİN-ə və Şəmkir rayonundan millət vəkili seçilən Sona Əliyevaya Axar.az olaraq müraciət etmişik.

Mövzunu davam etdirəcəyik.