Bu gün:
Xezer.info » Xəbər » Məmurlar İlham Əliyevin regionlar planını belə tormozlayırdı - Təfsilat

Məmurlar İlham Əliyevin regionlar planını belə tormozlayırdı - Təfsilat


Məmurlar İlham Əliyevin regionlar planını belə tormozlayırdı - Təfsilat
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafa xidmət edən fəaliyyətinin ən mühüm cizgilərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır.

Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib.

Bu barədə Ulus.Az-ın Analitik Mərkəzi məlumat yayıb.

Bütövlükdə, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla belə bir real tezisi meydana çıxarır.

Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir.

Ümumiyyətlə, dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur.
Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır.

Belə ki, büdcənin 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.

Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

Məmurlar neft pullarının ölkəyə axını şəraitində insanların sosial problemlərini həll etmək əvəzinə bu pulları oğurlayıb sosial problemlər məngənəsində çabalayanların gözü qarşısında özlərinə imarətlər, malikanələr quranda mənfi nəticələr meydana çıxdı.

Günahkar ona görə məmurlardır ki, neft pulları sadə insanlara, onların sosial problemlərinin həllinə yox, öz bizneslərinin genişləndirilməsinə xərclənir.

Bu oğurluqlar olmasaydı, gizli iqtisadiyyatın genişlənməsinə imkan verilməsəydi, indi ölkədə nə bu qədər işsizlik olardı, nə də sosial ədalətsizlik bu qədər genişlənməzdi. Əvəzində gücdən düşmüş iqtisadiyyatımız dirçələrdi.

Məmurlar ona görə günahkardır ki, 10-15 il ərzində oturduqları kreslolardan bu vəziyyətdən çıxış yolu axtarmayıb, sosial problemlərin həllinə yönəlik ciddi islahatlar aparmayıblar.

İndiyədək hansısa nazirdən, komitə rəhbərindən ölkə iqtisadiyyatını dirçəltmək üçün bircə dənə ağıllı təklif eşitmisinizmi? Yox! Heç kəs iddia etmir ki, bu ölkədə, daha doğrusu, indiki iqtidarda bacarıqlı, istedadlı məmur yoxdur.

Var, amma onlar öz istedad və bacarıqlarını rəhbərlik etdiyi sahədə hansısa irəliləyişə nail olmağa xərcləmək istəmirlər.

Əvəzində öz bacarıqlarını özlərinin varlanmasına, büdcə və neft pullarının oğurlanması hesabına bizneslərini genişləndirməyə xərcləyiblər.

İndiyədək heç bir nazir ölkədəki sosial-iqtisadi problemlərdən çıxış yollarına dair bir dəfə də olsun məqalələrlə çıxış etməyib.