Bank sektorunda yeni çalxalanmalar gözlənilir
11-may-2017Bank sektorunda yeni çalxalanmalar gözlənilir
Əkrəm Həsənov: “...Pulları banklardan çıxarmağa ona görə qoymurlar ki...”
Nağdlaşdırma ilə bağlı tətbiq olunan məhdudiyyətdən sonra sahibkarların ən böyük problemi bank sektoru ilə bağlıdır. Sahibkarlar hesablarında olan vəsaiti çıxara bilmədikləri kimi, həmin vəsaitlərin təhlükəsizliyi ilə bağlı da əmin deyillər. Çünki istənilən halda bank müflis elan olunarsa, həmin vəsaitlərin qaytarılma ehtimalı batma ehtimalından daha aşağıdır.
Digər tərəfdən, iri və ora sahibkarlar üçün müvafiq olaraq müəyyənləşdirilən 15 min və 30 min manatlıq aylıq limit onların cari xərcləri üçün belə kifayət etmir. Bu səbəbdən son aylarda real sektor bu qanundan ciddi əziyyət çəkir.
Ölkənin maliyyə sektorunda yaranmış bu anormal durumu izah edən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da vurğuladı ki, hazırda çox acınacaqlı durum yaranıb: “Dövlət başçısı qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstəyi dövlətin prioritetlərindən biri elan edib və bu sahədə son dövrdə kifayət qədər mütərəqqi qərarlar qəbul edilib. Amma bank sistemi buna ciddi əngələ çevrilib. Sahibkar ilk növbədə qoyduğu sərmayənin və biznesinin təhlükəsiz inkişafına əmin olmaq istəyir. Lakin ilk problem ən sadə məsələdə yaranır: dövriyyə vəsaitini harada saxlasın? Xatırladıram ki, hər hansı biznes üçün dövriyyə vəsaiti bir nömrəli məsələdir. Bu məsələdə problem yaranan kimi ödəniş sistemi iflic olur. Necə ki, bizdə indi olub: zəncirvari şəkildə birinin ödənişi vaxtında və tam etməməsi digərlərinə də mənfi təsir göstərir. Təbii, normal halda sahibkar pulunu bankda saxlamalıdır. Amma ölkədə 10-dan çox bank bağlanıb və sahibkarlar orada pullarını itirib. Çünki ləğvetmə prosesi də qeyri-şəffafdır, bunu artıq "Bank Standard"ın Kreditorlar Komitəsinin sədri kimi də deyə bilərəm. Real heç bir məlumat verilmir".
Ekspert bağlanan banklarda sahibkarlara məxsus vəsaitlərin qaytarılması ehtimalının çox aşağı olmasına da toxundu: “Fiziki şəxslərin əmanətləri heç olmasa pis-yaxşı sığortalıdır, Əmanətlərin Sığortalanması Fondu kompensasiya edir. Amma elə həmin fond da açıq bəyan edir ki, sahibkarların bağlanan banklardakı vəsaiti faktiki batıb. Əlbəttə, sual yaranır ki, bu banklara Mərkəzi Bank vaxtilə necə nəzarət edib ki, bu qədər vəsait batıb? Amma indi əsas problem heç bu da deyil. Əsas problem odur ki, bankının çökməsindən qorxan sahibkar pulunu bank hesabından çıxara bilmir. Ona görə yox ki, qanun buna imkan vermir, ona görə ki, Palata banklara qanunsuz və özbaşına göstəriş verib. Məlum olduğu kimi, ilin əvvəlində qüvvəyə minmiş ”Nağdsız hesablaşmalar haqqında" Qanun sahibkarlara və hüquqi şəxslərə ay ərzində müəyyən limit -15000 və ya 30000 manat çərçivəsində nağd ödənişlər etməyə imkan verir. Nağdlaşdırmaya görə də 1 faiz vergi tutulur. Halbuki həmin verginin özü konstitusiyaya ziddir və çox absurddur, amma yenə də önəmli olan heç bu da deyil. İndi sahibkar deyir ki, mən hesabımda pul saxlamaq istəmirəm və ya az pul saxlamaq istəyirəm, qoy pulum kassamda qalsın, nağdlaşdırmaya görə 1%-lik vergini də ödəyirəm. Kassadakı pulunu da qanundakı limit çərçivəsində nağd xərcləyəcəyini bəyan edir və bildirir ki, əlavə ödənişləri olsa, pulu yenidən bank hesabına mədaxil etməyə hazırdır. Amma banklar vəsaitin nağdlaşdırılmasına imkan vermir. Deyirlər ki, Palata Qanundakı limiti (15000 və ya 30000 manat) nağd xərclərə deyil, nağdlaşdırmaya da tətbiq edir".
Əkrəm Həsənovun fikrincə, Palata qanun və səlahiyyətləri çərçivəsində bank sisteminə etimadı bərpa edə bilmir deyə, qanunsuz göstərişlər sayəsində yaxşı işlədiyini göstərmək istəyir: “Məqsəd faktiki müflis bankların sahibkarlar hesabına xilasıdır. Yəni Palata həmin bankları müflis elan etməyəcək və vətəndaşların əmanətlərinin də Əmanətlərin Sığortlanması Fondu tərəfindən Mərkəzi Bankın kreditləri hesabına kompensasiya edilməsi zərurəti olmayacaq. Sadəcə, sahibkarların vəsaiti bankların öhdəliklərinin könüllü restrukturizasiyası adı altında əllərindən alınacaq. Yəni bank sahiblərinin və inzibatçılarının oğurladığı pullar sahibkarların hesabına silinəcək. Bunun qanunvericilik bazası da apreldə tezbazar qəbul edilib qüvvəyə mindi. Sizin qəzetə müsahibəsində millət vəkili Qüdrət Həsənquliyev hətta buna haqlı etirazını da bildirmişdi. Bir sözlə, sahibkarların vəsaitinin əllərindən alınmasına hazırlıq gedir, ona görə də pullarını banklardan çıxarmağa qoymurlar. 100 il sonra bolşevik eksperimenti təkrarlanır”.
İqtisadçının sözlərinə görə, belə şəraitdə sahibkarlar bizneslərini bağlamağa meyllidirlər: “Qanunsuzluğun baş alıb getdiyi şəraitdə iqtisadi aktivlik yalnız azalacaq. Bununla belə, mən sahibkarlara ruhdan düşməməyi tövsiyə edirəm. Şikayət etsinlər, məhkəmələrdə iddia qaldırsınlar. Əminəm ki, Palatanın bu özbaşınalığının mahiyyəti üzə çıxarılsa, müvafiq tədbirlər görüləcək. Çünki qeyd etdiyim kimi, Palatanın bu hərəkətləri dövlətin siyasətinə ziddir və yalnız onun öz dar maraqlarına xidmət edir”.