Sərhəd xidmətinin əsgəri necə oldu ki, gömrük rəisinə çevrildi... - Müəmmalı yüksəlişin yaratdığı problemlər...
03-may-2017Azərbaycanın Qazax rayon ərazisində Gürcüstan sərhədində yerləşən “Sınıq körpü” gömrük postunda vətəndaşların maşınla sərhədi keçməsi 72 saatdan bir həyata keçirilir.
Avropa.info-ya daxil olan məlumata görə sərhəd- keçid məntəqəsi təxminən bir aydır bu iş qrafiki ilə işləyir. Qrafikə əsasən, vətəndaşların sərhəd-keçid məntəqəsindən piyada keçidi isə 24 saatdan bir icra olunur.
Vətəndaşlar bu qaydaların Dövlət Gömrük Komitəsi tərəfindən deyil, məhz “Sınıq körpü” gömrük postunun rəhbərliyi tərəfindən qoyulduğunu deyir. Dövlət Gömrük Komitəsinə məsələ ilə bağlı dəfələrlə şikayət ünvanlansa da, heç bir tədbirin görülmədiyi bildirilir.
Yaranmış problemlə bağlı redaksiyamıza şikayət ünvanlayan İlham Musayev sərhəd-keçid məntəqəsində bu qərarın baş leytenant Vüsal İbrahimovun “Sınıq körpü” gömrük postuna rəis müavini təyin olunmasından sonra tətbiq olunduğunu deyir.
İşin maraqlı tərəfi isə Vüsal İbrahimovun bundan öncə “Sınıq körpü” gömrük postunda Dövlət Sərhəd Xidmətinin əsgəri kimi xidmət etməsidir.
Vüsal İbrahimov sərhədçi kimi hərbi xidmətini başa vurduqdan sonra heç bir təcrübəsi olmadan gömrük postunda rentgen cihazına nəzarət etmək üçün təyinat alıb.
Burada iki ay işləyəndən sonra Vüsal İbrahimov “Sınıq körpü” gömrük postuna rəis müavini təyin olunub. İ. Musayev gömrük postu ilə bağlı qərarın Tovuz rayonunun gömrük idarəsinin rəisi Mehman Sadıqov, “Sınıq körpü” gömrük postunun rəisi Nazim Sultanov və onun müavini Vüsal İbrahimov tərəfindən verildiyini deyib.
Şikayətçilər gömrük postunda, həbsxanalarda olduğu kimi, dəmir barmaqlıqların quraşdırıldığını deyir. Vətəndaşlar bu problemin ən qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumların tədbir görməsini istəyir.