“Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının sayı 3000-dən çoxdur”
24-apr-2017“Bu günədək xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları 3000-dən çoxdur”
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu gün Azərbaycanda 2500-ə yaxın məscid var. Bu məscidlərin 1500-i tam şəkildə fəaliyyət göstərir. Bu məscidlərdə gündəlik, həftəlik ayinlər icra olunur, dini tədbirlər həyata keçirilir.
Komitə sədri qeyd edib ki, hələ bir müddət əvvəl “Dini etiqad azadlığı haqqında” qanuna xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının belə dini ayinləri aparmasına qadağa qoyan maddə əlavə edilmişdi: “Xaricdə dini təhsil alan şəxslər var ki, onlar orada 3, 5, 8 il oxuyublar. Azərbaycana qayıtdıqda isə onlar öz baxışlarını da buraya gətirir və onu təbliğ etməyə çalışırlar. Bu da Azərbaycan Konstitusiyasına zidd olan məsələlər ortaya çıxarır. Amma vətənini, dövlətini sevən, tək dini deyil, dünyəvi təhsil alan şəxslər də var. Biz bununla onların da fəaliyyətini məhdudlaşdırmış olmuşduq. Bunun da nəticəsində onlar ya Azərbaycandan getmiş olurdular, ya da başqa qruplarda fəaliyyətlərini davam etdirirdilər. Biz çalışmalıyıq ki, belə vətəndaşların bacarıqlarından, savadlarından istifadə edilsin”.
S.Novruzov əlavə edib ki, bu gün 200-ə yaxın xaricdə təhsil almış Azərbaycan vətəndaşı bu cür ayin və tədbirləri həyata keçirir.