Bu gün:
Xezer.info » Sosial » SOS: Ölkədə 7 milyon insan bu xəstəliyə yoluxa bilər

SOS: Ölkədə 7 milyon insan bu xəstəliyə yoluxa bilər


SOS: Ölkədə 7 milyon insan bu xəstəliyə yoluxa bilər
“Azərbaycanda 7 milyon insan malyariya xəstəliyinin riski altında yaşayır”

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.

O qeyd edib ki, ölkənin ərazisinin 80 faizi malyariyaya görə endemikdir: "Xəstəliyi yayan ağcaqanadların artıb çoxalması üçün əsasən Mil-Muğan, Lənkəran, Aran rayonları və Quba-Xaçmaz zonasında münbit şərait var. Malyariyanı yayan ağcaqanadlar qamışlıq, bataqlıq sularda, şirin sularda çoxalır. Xəstəlik əsasən iyun-oktyabr aylarında qeydə alınır. Digər aylarda xəstəlik baş verərsə, deməli bu, ötən ildən qalıb və indi özünü biruzə verir. Xəstəliyin əsas əlamətləri üşütmə, titrətmə, hərarət və tərləmədir".

S. Məmmədov əlavə edib ki, ölkədə yerli malyariya baş verməsə də, başqa ölkələrdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur. Onun sözlərinə görə, hər il ölkədə xaricdən gətirilən malyariya xəstəliyi ilə bağlı 1-3 hal qeydə alınır: "Keçən il 1, 2015-ci ildə 2, 2014-cü ildə 4 belə hal baş verib. Bu xəstəliyin ildırım sürəti ilə yayıldığını, xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli olduğunu nəzərə alsaq, ilk mərhələdə aşkarlanmalı, lazımi tədbirlər görülməlidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı belə xəstəliklərin gətirilmə ehtimalı daha çoxdur. Məsələn, ötən illərdə keçirilən Gənclər Forumuna gələn afrikalı əməkdaşda bu xəstəlik aşkarlanıb. Vaxtında aşkar edildiyi üçün lazımi tədbirlər görülüb. Həmin şəxs sağalıb və ölkəsinə göndərilib. May ayında isə Bakıda IV İslam Həmrəyliyi oyunları keçiriləcək. Oyunlara görə ölkəmizə əsasən ərəb ölkələrindən çoxlu sayda turistlər, qonaqlar gələcək. İslam ölkələrində də malyariya xəstəliyi qeydə alınır. Buna görə də bütün qabaqlayıcı tədbirlər görülüb. Ehtiyat dərman preparatları var və mütəxəssislər daim məlumatlandırılır. Əgər şübhəli şəxs olsa, ondan qan nümunəsi götürülüb mərkəzin referans laboratoriyasında yoxlanılacaq. Bununla bağlı bütün lazımi tədbirlərə hazırıq".