Ermənistan silahlı qüvvələri mövqelərimizi 120 atəşə tutub
16-apr-2017Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.