Bu gün:
Xezer.info » Dünya » Moskva ilə Ankara arasında növbəti gərginlik - TƏHLİL

Moskva ilə Ankara arasında növbəti gərginlik - TƏHLİL


Moskva ilə Ankara arasında növbəti gərginlik - TƏHLİL
Moskva ilə Ankara arasında növbəti gərginlik - TƏHLİL
Türkiyə ilə Rusiya arasında münasibətlərdə yenə gərginlik müşahidə olunur. Moskva ilə Ankara arasında gərginlik bu dəfə Türkiyədə istirahət etməyə qərar verən rus turistlərinin başında çatlaya bilər. Belə ki, "Rosaviasiya” Rusiya aviakompaniyalarına Türkiyə aeroportlarına çarter reyslərinin dayandırılması barədə teleqram göndərib. İdarədən buna səbəb kimi Türkiyə daxilindəki siyasi vəziyyət göstərilir. Rusiya nəşrlərinə açıqlamasında "Rosaviasiya”dakı mənbə də bunu təsdiqləyib.

Qeyd edək ki, Rusiya hakimiyyət orqanları Türkiyəyə çarter reyslərini 2015-ci ildə - Türkiyənin öz hava məkanında Rusiyaya məxsus təyyarəni vurmasından sonra dayandırıb. Lakin 2016-cı ildə iki ölkə prezidenti - Vladimir Putin və Rəcəb Tayib Ərdoğanın görüşündən sonra münasibətlər normallaşıb. Ardınca da Rusiyadan Türkiyənin kurort şəhərlərinə uçuşlar və turistlərin axını yenidən start götürüb. Bu ilin əvvəlindən isə yay aylarında Türkiyədə istirahət etmək üçün yerlərin sürətlə bronlaşmasına başlanılıb. Məlumat üçün bildirək ki, Türkiyə Rusiya turistlərinin ən çox səfər etdikləri ölkələr sırasındadır. Rusiya Turoperatorlar Assosiasiyasının hesablamalarına görə, tək ötən ilin yanvar-sentyabr aylarında (tətbiq edilən moratoriumun qüvvədə qalmasına baxmayaraq) 545 min insan gedib. Bu ilin əvvəlindən isə artıq bu sayda turist Türkiyədə istirahət etmək üçün turoperatorlara müraciət edib. Hal-hazırda Türkiyədə 10 minə yaxın rusiyalı turist var.

Yeni qalmaqal isə təsadüfi deyil. Belə ki, növbəti qalmaqal Ankaranın Rusiyanı taxıl ixracı güzəştindən məhrum etməsi ilə başlayıb. Tətbiq edilən rüsum taxıla görə 130 faiz, düyüyə görə isə 45 faiz artıb. Bu ilin martında Türkiyə hökuməti Rusiyanı gömrük vergisindən azad olan ölkələr sırasından çıxarıb. Söhbət taxıl, qarğıdalı, günəbaxan yağı, düyü, paxla və s. məhsulların ölkəyə idxalından gedir. İndi həmin mallara 130 faizlik rüsum tətbiq edilir. Bu da faktiki olaraq idxalın tam dayandırılması deməkdir. Ankara atdığı bu addımı qarşı tərəfin türk məhsullarına qarşı tətbiq etdiyi qadağanı tam şəkildə aradan qaldırmaması ilə izah edir. Məsələn, türk tomatlarına tətbiq edilən qadağalar hələ də qüvvədədir. Halbuki, qardaş ölkədə istehsal olunan bu məhsulların 60 faizi Rusiyaya ixrac olunurdu.

Rusiya tərəfi bunu daxili istehsalı gücləndirməklə izah edib. "Biz Rusiyaya qarşı təzyiq göstərilməsini qəbul və rədd edə bilmərik. Son vaxtlar bu istiqamət üzrə Rusiya istehsallı məhsullarda artım hiss olunur”, - deyə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev bildirib. Ankarada fəaliyyət göstərən Beynəlxalq Strateji Tədqiqatlar Təşkilatının eksperti Kərim Xas bildirib ki, çarter reyslərinin ləğvi Türkiyəyə qarşı tətbiq edilən müvəqqəti təzyiq vasitəsidir. Əsas məram Rusiya taxılına qarşı tətbiq edilən rüsumun aradan qaldırılmasıdır.

Özü də gərginlik tək ticarət və turizm sahəsində deyil. Suriya məsələsi iki ölkə arasında əməllicə problemlər yaradır və heç biri də geri çəkilənə oxşamır. "Rusiya ilə Türkiyənin Suriya məsələsində fikir ayrılıqları var”. Bunu ötən gün Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O, yaxın zamanda Putinlə Ərdoğan arasında görüşün nəzərdə tutulmadığını da bildirib.

"Rusiyanı narahat edən hal Türkiyənin ümumiyyətlə Suriyadan çıxmaq istməməsidir”. Bunu isə Türkiyənin "T24” qəzeti yazır. Qəzet yazır ki, Türkiyənin Suriyaya edilən kimyəvi hücumu pisləməsi də Moskvada narazılıq doğurub. "Al-Monitor” nəşrində dərc edilən məqalədə müdafiə analitiki Arda Mevlutoğlu yazır ki, "Ankarada bir çoxları hesab edir ki, ABŞ-ın Suriyaya hücumu ABŞ-ın YPG döyüşçülərindən asılılığını azaldacaq – Türkiyə də məhz bunun həsrətindədir.

Lakin Ankara ABŞ-ın hücumunu hər növ dəstəklə təmin edəcəyi barədə tələsik bəyanat verdi. Bu, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında məngənə ola bilər. Həm də Türkiyənin kəskin dönüşlərə ehtiyacı olmadığı vaxtda. Post-İŞİD mərhələsində Suriyanın yenidən qurulması zamanı Türkiyənin Tramp və ya Putin ilə sövdələşə biləcəyi məsələsi hələ də açıq qalır. Ankaranın siyasəti daha ölçülü-biçili, sakit və proseslərin inkişafına əsaslanmış olmalıdır”. Müəllif yazır ki, Suriyanın gələcəyi ilə bağlı Rusiya və ABŞ arasında nüfuz mübarizəsi gedir: "Ankara bəzən son dərəcə Vaşinqtonpərəst və bəzən Moskvapərst olur. Buna görə Türkiyə ziddiyyətli, gözlənilməz oyunçu kimi qəbul olunur”.

Beləliklə, indi hamını belə bir sual düşündürür - Türkiyənin Əsədə qarşı düşmənçiliyi Rusiya ilə münasibətlərdə yeni gərginliyə səbəb olacaqmı? Suriya hava məkanında ABŞ və Rusiya arasında koordinasiya və rabitənin ləğvi Türkiyənin əməliyyatlarına necə təsir edəcək? Çox güman ki, bu suallara yaxın gələcəkdə cavab tapmaq mümkün olacaq. Daha dəqiq desək, Birləşmiş Ştatların Suriya siyasətini dəqiqləşdirdikdən sonra. Hər halda görünən odur ki, Tramp administrasiyası hər vəchlə Əsəd rejiminin ləğvini tələb edir. Bu cür yanaşma isə Kremlin ürəyincə deyil. \\kaspi.az\\