Dollar Mərkəzi Bankın məzənnəsindən də ucuz satılır - SƏBƏB
12-apr-2017Dollar Mərkəzi Bankın məzənnəsindən də ucuz satılır - SƏBƏB
Son günlər dollar nəinki qara bazarda, hətta bəzi banklar tərəfindən də Mərkəzi Bankın qoyduğu məzənnədən ucuz satılır.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnəsinə görə 1 ABŞ dolları 1.7029 AZN-ə təklif edilir.
Qara bazarda isə dolların alışı 1.60-162 AZN arası, satışı isə 1.69 AZN-dir.
Bəzi banklarda isə dollar-manat məzənnəsi belədir:
VTB Bank-da alış 1$- 1.6150 AZN, satış 1.7030 AZN-dir
ABB-də – 1 $- 1.6200 AZN, satış 1.7100 AZN-dir
Kapital Bank- alış 1$- 1.6300 AZN, satış 1.7195 AZN
Bank of Baku- alış 1$- 1.64 AZN, satış 1.700 AZN-dir. Hətta nağdsız satış 1.695 AZN-dir
UniBank-da – alış 1$- 1.6300 AZN, satış 1.7050 AZN.
AmrahBank-da alış 1$ 1.63 AZN, satış isə 1.665 AZN-dir
Ümumiyyətlə, bankların dollar alqı-satqısına dair müəyyənləşdirdiyi məzənnə siyasətindən görünür ki, xarici valyuta bu dəfə Mərkəzi Bankın məzənnəsindən baha deyil, əksinə ucuz alınıb-satılır.
Ekspertlərin fikrincə, hökumət hazırda nə manatın daha da bahalaşmasını, nə dolların daha çox ucuzlaşmasını istəyir. Artıq bu ilin əvvəlindən etibarən, milli valyutamız dollar qarşı 8 faizə yaxın dəyər qazanıb. Bu prosesin bir müddət davam edəcəyi ehtimal edilir.
İqtisadi və Sosial İnkişa Mərkəzinin rəhbəri Vüqar Bayramov facebook səhifəsində qeyd edir ki, son günlər dollara tələbin yenidən azalması müşahidə edildi. Bunun da 3 mühim səbəbi var: “Mərkəzi Bankın depozit hərracları manat bazasını qısa müddətli olsa da belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir. İkincisi, banklardan vəsaitlərin nağdlaşdırılmasına tətbiq edilən limitlər nağd pul, xüsusən M0 aqreqatının həcmini kəskin azaldıb. Yəni, hətta büdcədən hesablara ayrılan və eləcə də özəl şirkətlərinin özlərinin gəlirlərinin nağdlaşdırma ilə bağlı qadağaların tətbiq edilməsi manat kütləsinin həcmini azaldır. Qeyd edim ki, sadələşdirilmiş vergi subyektləri ay ərzində 15, əlavə dəyər vergisi ödəyiciləri isə 30 min manat nağdlaşdıra bilərlər. Nəticədə, əslində dollara tələb yaradacaq və valyuta bazarında məzənnəni optimallaşdıracaq vəsaitlər bank hesablarındadır və onlar bazara daxil olmur. Üçüncüsü təbii ki, psixoloji təsirlərdir ki, bu da birbaşa əhalinin dollar təklifinin artırır. Buna görə də, növbəti dövrdə milli valyutanın məzənnəsinin necə dəyişməsi birbaşa manat bazasının həcmindən asılı olacaq”.
V.Bayramov bildirir ki, yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə aldıqda o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyili aşağı düşüb: “Əgər manat bazasının məhdudlaşdırılması prosesi davam edərsə o zaman dollara tələb aşağı olaraq qalacaq. Dollara tələbi sadəcə dövriyyədə manat kütləsinin artması yüksəldə bilər. Digər tərəfdən də, nəzərə almaq lazımdır ki, manatın bazasının məhdudlaşdırılması qısa müddətli dövr üçün nəzərdə tutlan siyasət olmalıdır. Mərkəzi Bank mərhələli şəkildə manat bazasının məhdudlaşdırılmasını optimallaşdırma ilə əvəz etməlidir ki, real sektorda xərcləmələri təşviq edilə bilsin”.