Rusiya “od”u Azərbaycan sahillərinə çəkir
11-apr-2017Rusiya “od”u Azərbaycan sahillərinə çəkir
General Patruşev portfelində Bakıya nə gətirib?; ABŞ-ın Suriyanı vurması Rusiya hakimiyyətinin qəzəbini artırıb və bu səbəbdən də indi ətraf ölkələrdə siyasətini daha da sərtləşdirmək xətti götürür; Rusiya Təhlükəsizlik Şurası katibinin Bakıya qəfil səfəri, Xəzərdəki təlimlər, Qarabağ cəbhəsində hər gün artan gərginlik bu aqressiyanın yalnız görünən hissəsidir
Ötən həftə ABŞ raketlərinin Suriyanı vurmasından sonra Azərbaycanın daxil olduğu coğrafiyada da gərginlik xeyli artıb. Nəzəri baxımdan Azərbaycan indi dünyanın ən qaynar nöqtəsi və dünyanı iki düşərgəyə bölmüş Suriyadan xeyli uzaqdır. Amma prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, dünyadakı gərginliklər Azərbaycana da təsirsiz ötüşmür.
Prezidentin ötən ay bu mövzuda dediklərini xatırlatmaq yerinə düşür. “Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbəttə ki, bizi çox narahat edir. Çünki biz təcridolunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər”, deyə, prezident bildirib.
Aprelin 10-da yaranmış gərginliyi təsdiqləyən bir məlumat yayılıb. Belə ki, günün ikinci yarısında məlum olub ki, Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşev gözlənilmədən Bakıya səfər edib. Məlumatı Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən “İnterfaks” agentliyi yayıb. Məlumatda deyilir ki, Patruşev Bakıya təhlükəsizlik məsələlərinə dair Rusiya ilə Azərbaycan arasında məsləhətləşmələrin aparılması üçün səfər edib. Kəşfiyyat şefinin portfelində nələrin olduğunu söyləmək mümkün deyil, amma səfərdə Suriya məsələsinin də müzakirə edildiyi şübhə doğurmur.
Vaşinqtonun Suriyaya raket zərbəsindən sonra dünyada gərginlik daha da artıb.
Azərbaycanın iki yaxın qonşusu olan Rusiya və İranın Əsəd rejiminə açıq dəstəyi, bu məsələdə daha bir yaxın qonşumuz Türkiyənin fərqli münasibət sərgiləyərək ABŞ-ın bombardmanlarına haqq qazandırması regionumuzda gərginliyi göz önünə gətirir. Rəsmi Bakı dünya güclərinin bölüşdürə bilmədiyi heç bir savaşlarda tərəf olmamağa çalışır, özünü “atəş altına” atmamaq siyasəti yürüdür. Amma belə görünür ki, indi qonşu Rusiya xüsusi bir siyasət apararaq dünyadakı gərginlik nöqtələrini artırmağa, yeni gərginlik ocaqlara yaratmağa və sonra da öz gücünü göstərməyə daha çox həvəslidir.
Artıq bir həftədir ki, Xəzərin Rusiya sahillərində hərbi təlimlər keçirilir. Suriyadakı məlum hadisələrdən sonra Kreml Xəzərdəki donanmasını yüksək döyüş hazırlığına gətirib. Rəsmi olaraq Rusiya hərbi təlimləri Xəzər donanması hissələrinin qış dövrü üçün yoxlamalarla izah edir.
Aprelin 10-dan başlayan yekun yoxlamada donanma komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi altında keçirilir. Hərbi təlimlərə Həştərxan və Mahaçqala qarnizonlarında yerləşən hərbi hissələr və birləşmələr cəlb edilib. Sahil bölmələrindən əlavə, gəmi birləşmələrinin - “Tatarıstan” və “Dağıstan” raket gəmilərinin, “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”, “Volqodonsk” və “Mahaçqala” kiçik raket və artilleriya gəmilərinin hazırlığı yoxlanılır. Qeyd edək ki, aprelin 6-dan Xəzər dənizində təlimlərin keçirildiyi 1500 dəniz mili sahəsi mülki gəmilərə bağlıdır.
Rusiya KİV-ləri Xəzər donanmasındakı təlimlərə də xüsusi diqqəti maraq doğurur. Çünki KİV-lər hərbi təlimləri “Rusiyanın mübahisəli dənizdə əzələ nümayişi” kimi qiymətləndirir ki, bu mesajın Kremlin maraqları ilə üst-üstə düşdüyü şübhə doğurmur. Doğrudur, Xəzərdə “atəşin” kimə qarşı yönəldiyi açıq göstərilmir, amma Rusiyanın “diş qıcadığı” Xəzəryanı ölkələr sırasında Azərbaycan da var, bəlkə də bu sıralamada elə ilk ölkəmizin adı gəlir. Demokratiya məsələlərində fikir ayrılığına baxmayaraq, Xəzəryanı ölkələr arasında Qərblə ən yaxın əlaqə və münasibətlərdə olan tək ölkə Azərbaycandır. Məhz Azərbaycan Xəzərlə bağlı bir neçə qlobal layihələrlə Qərblə əməkdaşlıq edir. Son aylar Cənub Qaz Dəhlizi layihəsinə Qərbin ciddi siyasi və maddi dəstəyi artırması da Rusiyanı narazı salan məsələlərdən biridir.
Azərbaycanın Xəzərdəki neft-qaz siyasətində müstəqil mövqeyi var ki, bu kimi səbəblərdən Moskva ilə Bakının münasibətləri tam olaraq istiləşmir. Zahirən hər şey qaydasında, hətta daha parlaq münasibətlər sistemi kimi görünsə də, Kreml hələ də imperiya maraqlarından tam əl çəkmir. Bu, həm də Rusiyanın Xəzər siyasətində özünü daha qabarıq göstərir. Ötən ilin noyabrında Rusiyanın Xəzər dənizindən Suriyanın Rakka, İdlib və Hələb şəhərlərini vurmasını yada salaq. Rusiya Suriyadakı hədəflərə “Kalibr” qanadlı raketləri ilə daha yaxın mövqelərdən vura biləcəyi halda, bunu Xəzərdən etməyə qərar vermişdi ki, bu da Moskvanın təkcə Qərbə deyil, keçmiş sovet respublikalarına güc nümayişi kimi izah edilirdi. Rusiya sanki Xəzər dənizinin istisnasız olaraq onun hərbi məsuliyyət zonası olduğunu nümayiş etdirmək niyyəti güdür və son hərbi təlimlərin də bir məqsədi budur.
ABŞ-ın Suriyanı vurmasından sonra Rusiyanın daha da aqressivləşdiyi diqqət çəkir. Rusiya Əsəd mövqelərinə zərbədən sonra Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında memorandumun fəaliyyətini dayandırıb. Rəsmi təbliğat ABŞ prezidenti Donald Trampın seçkidə “Vaşinqton daha digər dövlətlərin daxili işlərinə müdaxilə etməyəcək”, vədini xatırladırlar. Belə görünür ki, Trampın prezidentliyi dövründə dünyada təkbaşına ağalıq edəcəyi illüziyaları quran Kreml indi çıxılmaz vəziyyətə düşüb. Onun başı üzərindən Suriyanın vurulması Kremlin qəzəbini artırıb və bu səbəbdən də indi ətraf ölkələrdə siyasətini daha da sərtləşdirmək xətti götürə bilər.
Xəzərdəki təlimlər, Qarabağ cəbhəsində hər gün artan gərginlik bu aqressiyanın yalnız görünən hissəsidir.
Daha bir maraqlı məqam Rusiya hakimiyyətinin reytinqini müəyyən edən “Levada” sorğu mərkəzinin son nəticələridir. Reytinqə görə, Rusiya baş nazirinin reytinqi 10 faiz geriləyib. Rusiya prezidenti Vladimir Putin 82 faiz seçicinin rəğbətini qazansa da, ondan narazıların sayı artıb. Bu rəqəm 17 faizə yüksəlib.
Rusiya seçicilərinin “daha çox rəğbət göstərdiyiniz iki məmur kimdir” sualı da maraqlı nəticə üzə çıxarıb. Bu, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovdur. Heç kimə sirr deyil ki, hər iki nazir Rusiyanın sərt siyasət tərəfdarı kimi tanınır. İndi Rusiyanın həm son terror, həm də ABŞ-ın güc göstərisindən sonra “sifətini” qorumağa, daha dəqiqi isə xüsusilə gücü yetə biləcək istiqamətlərdə siyasətini sərtləşdirəcəyi, Azərbaycanın da daxil olduğu regiona “od salacağı” gözləniləndir.
Azərbaycan bu kimi təhlükələrə hazır olmalıdır.
“YM”