Diaqnostik qiymətləndirmənin tarixləri açıqlandı
07-apr-2017İlk diaqnostik qiymətləndirmə 16-21 apreldə Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq
5 gün ərzində keçiriləcək qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək. Lent.az-ın məlumatına görə, Ağstafa, Tovuz və Qazax rayonlarının ümumitəhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 25-27 apreldə Tovuz rayonunda keçiriləcək. Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi 1-6 mayda Qax rayonunda təşkil olunacaq. 12-17 mayda Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edəcək. Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmə isə iki gün davam edəcək. 24-25 mayda keçiriləcək qiymətləndirməyə Bakı şəhərindəki Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb ediləcək. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə “Simulyativ test” bölməsi yaradılıb. Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
***
Təhsil Nazirliyi bölgələr üzrə yekun diaqnostik qiymətləndirmənin keçirilmə tarixlərini açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd, Cəbrayıl müəllimləri 16-21 aprel, Ağstafa, Tovuz, Qazax müəllimləri 25-27 aprel, Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Ağdam, Laçın, Kəlbəcər, Xocalı müəllimləri 1-6 may, Yevlax, Ağdaş, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Xocalı, Laçın müəllimləri 12-17 may, Bakı müəllimləri (Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli, Laçın) isə 24-25 may tarixlərində diaqnostik qiymətləndirmədə iştirak edəcək.
Qeyd edək ki, diaqnostik qiymətləndirmə bölgələr üzrə Olimpiya İdman Mərkəzlərində təşkil ediləcək.