MANATIN MƏZƏNNƏSİ və PUL QITLIĞI PROBLEMI – Baxış
03-apr-2017Və ya Azərbaycanda iqtisadi tənzimləmənin problemləri
Son günlər ölkə mətbuatının gündəmində olan mühüm müzakirə mövzularından biri Azərbaycanda manatın mübadilə məzənnəsinin dövriyyədə pul kütləsinin həcminin azaldılması ilə əlaqədar sabitləşməsi, bu sabitləşmənin iqtisadiyyata mümkün ola biləcək neqativ təsirləridir. Yaranmış vəziyyətlə bağlı bir sıra iqtisadçılar – millət vəkili Vahid Əhmədov, iqtisadçı ekspert Qubad İbadoğlu və s. mətbuatda öz fikirlərini bildiriblər. Bu gün AMEA İqtisadiyyat institutunun əməkdaşı, iqtisadçı-ekspert Ağa-Kərim Hacıyevin fikirlərini oxuculara təqdim edirik.
-Hazırda Azərbaycanda iqtisadi inkişafın səviyyəsi və sürəti biri-biri ilə qarşılıqlı əlaqədə olan bir sıra makroiqrtisadi parametrlərlə – manatın mübadilə məzənnəsi, faiz dərəcəsi, inflyasiya, dövriyyədə olan pul kütləsinin həcmi və sturkturu, ondan asılı olaraq əhalinin və iqtisadi sybyektlərin ödəniş qabiliyyətliyi səviyyəsi və s. üzrə dəyişikliklərlə müəyyənləşir. Bütün sivil dövlətlərdə ölkə hökumətləri və mərkəzi bankların bu baxımdan konkret öhdəlikləri mövcuddur. Onlar ölkə parlamenti qarşısında həmin öhdəliklər üzrə hesabat verirlər. Yəni, istər ölkə hökuməti, istər Mərkəzi Bank, istərsə də publik qurumların fəaliyyətini qiymətləndirəcək göstəricilər üzrə konkret hədəflər və məsuliyyətlər müəyyənləşdirilir. Məsələn, əgər Mərkəzi Bank üçün belə göstərici kimi müəyyən dövr üzrə inflyasiya səviyyəsi müəyyənləşirsə o, bu göstəricinin təmin olunması üzrə cavabdehlik daşıyır. Eyni ilə, əgər ölkə hökumətinin fəaliyyətinin qiymətləndirilməsi üçün əsas meyar müəyyən dövr üzrə istehsalın və ya məşğulluğun səviyyəsinin təmin olunması müəyyənləşirsə, müvafiq olaraq ölkə hökuməti bu göstəricilərin təmin olunması üzrə məsuliyyət daşıyır.
Müzakirə olunan mövzu mahiyyət etibarı ilə ondan ibarətdir ki, ölkə iqtisadiyyatında dövriyyədə olan pul kütləsinin kəskin azalması valyuta bazarında ABŞ dollarına olan tələbin aşaği salınması və manatın məzənnəsinin sabitləşməsi məqsədilə həyata keçirilib. Bu, faiz dərəcəsinin yüksəlişilə əlaqədar ölkədə iqtisadi aktivliyin və əhalinin alıcılıq qabiliyyətini azalmasına səbəb olduğundan, hazırda dövriyyədə olan manat kütləsi monetar və ya fiskal alətlərdən biri (və ya eyni zamanda hər ikisindən istifadə) əsasında artırılmalıdır.
Məsələn, Q.İbadoğlunun fikirlərinə əsasən “Azərbaycanda həm sənaye istehsalında tənəzzül gedir, həm də digər sektorlarda böhran yaşanır. Bütövlükdə işsizliyin artmasının, iqtisadi aktivliyin aşağı düşməsinin, alıcılıq qabiliyyətinin azalmasının əsas səbəbi məhz dövriyyədə manatla olan pul kütləsinin azalmasından qaynaqlanır”.
Eyni ilə, V.Əhmədovun söylədiyi fikirlərə əsasən “Manatın məzənnəsində sabitləşmə gedir. Çünki pul qıtlığı yaratmısınız. Ölkədə kredit verilmədiyindən real sektor inkişaf etmir. Biz bunun əziyyətini 2-3 aydan sonra görəcəyik” və s.
Şübhəsizki deyilənlərin bir qismində həqiqət var, yəni, həqiqətən Azərbaycanda 2015-2016-cı illər ərzində manatın ucuzlaşması və inflyasiyanın sürətlənməsi ilə əlaqədar olaraq dövriyyədə olan pul kütləsinin mütləq və nisbi ifadələrdə azalması, faiz dərəcəsinin yüksəlməsi iqtisadi fəallığa neqativ təsirlər müəyyənləşdirib. Lakin mübahisəli və ya mənim fikrimcə qüsurlu olan deyilənlərdən çıxan nəticədir – yəni, hazırda ölkədə iqtisadi fəallığın yüksəldilməsi üçün dövriyyədə olan manat kütləsinin (!!!) mövcud monetar alətlər (bankların kreditləşməsinin genişlənməsi) və ya fiskal alətlər (büdcə xərclərinin artımı) vasitəsi ilə genişlənməsinin zəruriliyidir.
Fikirlərimi izah edim.
Hazırda Azərbaycan iqtisadiyyatında yaranmış vəziyyətə istər iqtisadi nəzəriyyənin məlum yanaşmalara (yeni klassik nəzəriyyələr, post keynsçilər, yeni keynsçilər və s.), istərsə də makroiqtisadi tənzimləmənin mövcud praktiki təcrübəsi baxımından yanaşdıqda müəyyən qənaətə gəlmək olar. Bu zaman birmənalı olaraq qeyd etmək olar ki, ölkədə istər fiskal, istərsədə monetar alətlər vasitəsilə dövriyyədə olan pul kütləsinin artımının qısamüddətli dövr üçün iqtisadi sabitliyin, uzunmüddətli dövr üçün isə dayanıqlı iqtisadi artımın stimullaşdırılması üçün müvafiq şərtlərin ödənilməsi zəruridir.
Nəyə görə???
Məsələ ondadırki, Azərbaycanda 2014-cü ilin sonlarından etibarən dövriyyədə olan pul kütləsi sürətlə azalır. Bu azalmanın həm obyektiv, həm də subyektiv səbəbləri var. Ötən illər ərzində Azərbaycan iqtisadiyyatı iki güclü “şok” təsirlə üzləşib:
Birnicisi, neftin dünya bazar qiymətlərinin kəskin eniş olub – 1 barrelin dünya bazar qiyməti 2014-cü ildəki 110-115 dollardan, 2016-cı ilin əvvəlləri 30-35 dollar səviyyəsinə endi;
İkincisi, bank sektorunda ölkə miqyası üçün misli görünməmiş itkilər və ölkə hökumətinin bu itkiləri ödəməsi məcburiyyəti yarandı.
Bu “şok” təsirlər bir tərəfdən dövriyyədə olan pul kütləsinin artım mənbəyi kimi çıxış edən Neft Fondundan transfert imkanlarının kəskin məhdudlanmasına (böhran illərində ilk dəfə olaraq Neft Fondunun balansında azalma meyli müəyyənləşdi), digər tərəfdən isə bank sektoru və dövlət müəssisələrinin beynəlxalq öhdəlikləri ilə bağlı kapital axına, əhalinin kütləvi surətdə bank sektorundan vəsaitlərini geri çəkməsinə səbəb odu. Bu da dövriyyədə olan pul kütləsini 3 dəfəyə qədər azaltdı.
Nəzəri yanaşmalar baxımından bu, o deməkdir ki, məcmu tələbin ardıcıl olaraq sıxılması iqtisadiyyatda yeni tarazlıq nöqtəsinin müəyyənləşməsini tələb edir. İndi təsəvvür edin, bazar münasibətləri şəraitində iqtisadiyyatın tənzimlənməsi 3 biri-biri ilə qarşılıqlı əlaqədə olan parametrlər – manatın məzənnəsi, faiz dərəcəsi və inflyasiya səviyyələrinin tənzimlənməsi vasitəsi ilə həyata keçirilir. Hər üç parametrin səviyyəsi üzrə dəyişikliklər biri-biri ilə əlaqəlidir və ölkənin bütün iqtisadiyyat nazirlikləri üzrə – Maliyyə nazirliyi, Mərkəzi bank, Vergilər Nazirliyi, Dövlət Gömrük Lomitəsi, İqtisadiyat Nazirliyi (dövlət investisiyaları xətti üzrə) – qəbul olunan qərarlar bu parametrlər üzrə dəyişiklikləri müəyyənləşdirir. Hər bir nazirliyin isə təbiiki bu parametrlər üzrə öz maraqları və hədəfləri var:
- Maliyyə Nazirliyinin əsas hədəfi büdcə daxilolmalarının müəyyənləşmiş səviyyəsinin təmin olunmasıdır. Bu, manatın məzənnəsinin ucuzlaşmasını və yüksək inflyasiya şəraitini tələb edir;
– Mərkəzi Bankın hədəfi manatın məzənnəsinin sabitliyi və inflyasiyanın kiçik səviyyəsi (qanuvericiliklə müəyyənləşib). Bu, hazırki mərhələdə, bankın qızıl – valyuta ehtiyatlarının əsaslı surətdə istifadəsi səbəbindən pul-kredit siyasətinin sərtləşdirilməsini və dövriyyədə pul kütləsinin sıxılmasını tələb edir;
– Iqtisadiyyat Nazirliyi dövlət ivestisiyalarının səviyyəsinin artımı və iqtisadi artımın bu əsasda sürətlənməsində və müvafiq olaraq dövriyyədə olan pul kütləsinin artımında maraqlıdır və s.
Əgər Maliyyə Nazirliyi xətti ilə dövriyyədə olan pul kütləsi artırılarsa bu, ya dövlət büdcəsinə olunan transfertlərin səviyyəsinin artımını (strateji valyuta ehtiyatlarının azalması), yaxud büdcə kəsrinin artımını və onun mərkəzi bankın ehtiyatları əsasında örtülməsini (bankın onsuzda kəskin azalmış ehtiyatlarının dahada azalmasını, manata dayanıqlıq riskinin yaradılmasını), yaxud daxili borclanmanın artımını (dövriyyədə olan pul kütləsinin azalmasını) tələb edir.
Əks təqdirdə inflyasiyanın sürətlənməsi qaçılmazdır. Hər iki variant hazırki mərhələdə qeyri- məqbuldur.
Eyni ilə, əgər Mərkəzi Bank (mövcud məhdud valyuta ehtiyatları şəraitində) dövriyyədə olan pul kütləsini bankların kreditləşməsinin genişləndirilməsi əsasında artırarsa, bu, bir mənalı olaraq valyuta bazarında manatın məzənnəsinə ucuzlaşma istiqamətində təzyiqlərin güclənməsini, inflyasiyanın sürətlənməsini və faiz dərəcələrinin artımını müəyyənləşdirəcək. Yenə, eyni qayda üzrə, dövlət investisiyalarının artımı makroiqtisadi şəraitdə neqativ dəyişikliklər müəyyənləşdirir.
Hazırki mərhəldə iqtisadi inkişafın sürətlənməsi, ilk öncə, ölkədə makroiqtisadi sabitliyin yaradılmasını, yəni, baş vermiş “şok” təsirlərin neqativ nəticələrinin aradan qaldırılmasını, sonrakı mərhələdə, makroiqtisadi şərait üzrə müvafiq investisiya mühitinin yaradılmasını (inflyasiyanın minimum səviyyəsi, faiz dərəcəsinin sərt endirilməsi və manatın məzənnəsinin sabitliyinin təmin olunması) və bununla da, iqtisadiyyatda investisiyaların davamlı artımı əsasında, dayanıqlı iqtisadi artımın təmin olunmasını tələb edir.