Güclü külək Goranboyun 15-dən çox kəndini işıqsız qoyub
01-apr-2017Güclü külək Goranboy rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurub.
“Report”un Qərb bürosu xəbər verir ki, saat 19 radələrindən başlayan külək nəticəsində Goranboyun mərkəzinin bir hissəsi, habelə rayonun 15-dən artıq kənd işıqsız qalıb.
Güclü külək zamanı bəzi ərazilərdə elektrik naqillərinin qırılaraq bir-birinə toxunması nəticəsində bir neçə transformator sıradan çıxıb. Rayonun ən böyük yaşayış məntəqələri olan Qızılhacılı, Balakürd, Boluşlu, Zeynallı kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda Goranboy Elektrik Şəbəkəsinin əməkdaşları küləyin fəsadlarının aradan qaldırılmasına çalışırlar. Goranboy Elektrik Şəbəkəsindən verilən məlumata görə, külək davam etdiyindən elektrik enerjisinin bərpası prosesi çətinləşib. Bu səbəbdən kəndlərdə enerjinin verilişində yaranmış problem sabah səhər saatlarında həllini tapacaq.
Qeyd edək ki, martın 20-dən 21-ə keçən gecə güclü külək rayonun 20-ə yaxın kəndini işıqsız qoymuşdu.