BANK RƏHBƏRİ HƏBSDƏN ÇIXMAQ ÜÇÜN NEÇƏ MİLYON ÖDƏYİB? – “Ayda 250 min kredit ödəyir”
01-apr-2017Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin şöbəsi rəisi, polkovnik Vüsal Ələkbərovun işi üzrə məhkəmə prosesində qalmaqallar yaranıb. Virtualaz.org-a məlum olub ki, MTN müstəntiqi məhkəmədə etiraz olaraq hakimə arxasını çevirib, daha sonra zərərçəkənlər iş üzrə şahid qismində ifadə verən keçmiş bankir, “Texnikabank”ın (ləğv olunub) rəhbəri olmuş Etibar Əliyevi Eldar Mahmudovla əlbir olmaqda günahlandırıblar.
Xatırladaq ki, Vüsal Ələkbərovun və nun şevi, general Mövlam Şıxəliyevin hədə-qorxu, təhdid yolu ilə milyonlarla dollar pulunu qəsb etdiyi şəxslər “Texnikabank”ın iri əmanətçiləri olublar. Onlar başlarına gələnlərə görə Etibar Əliyevi də günahlandırır və iddia edirlər ki, bankda böyük məbləğdə əmanətləri olan müştərilərin siyahısını MTN rəhbərliyinə məhz o, ötürüb. Çünki Etibar Əliyev əvvəllər Eldar Mahmudovla əlbir olub. Nəticədə, həmin adamları çağırıb pullarını əllərindən alıblar.
Etibar Əliyev isə məhkəmə ifadəsində bu iddianı yalanlayıb və xatırladıb ki, MTN onun özünü də həbs etmişdi: “Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm? Mənim özümü də aylarla həbsdə saxlayıblar”.
Etibar Əliyev dindirilərkən zərərçəkənlərdən Hüseyn Səfərov deyib ki, hazırda onun özü də kredit borclarına görə ağır durumdadır: “Etibarın özü də həbsdən çıxmaq üçün banklardan külli miqdarda pul götürüb, MTN-ə verib. İndi də hər ay banklara 250 min manat kredit ödəyir”.Keçmiş bankir banklara kredit borcu olmasını inkar etməyib: “Banka krediti mən ödəyirəm, sənə nə dəxli var?”.
Etibar Əliyev deyir ki, bu işdəki zərərçəkənlərin “Texnikabank”ın “Bakı” filialının sabiq müdiri Zal Yusifovla (bir neçə il əvvəl həbs olunub – red.) münasibətləri olub. Yusifov onların pullarını ələ keçirib: “Zal Yusifov Hüseyn Səfərova deyib ki, gəl, birlikdə bank açaq. Hüseyn Səfərov da qohumlarından pulları yığıb, ona verib. Sonradan Zal Yusifov bankın kassasından oğurluq edərək, onlara aylıq əmanət faizi verib. Həmin vaxt mən məzuniyyətdə olmuşam. Bu məsələ araşdırıldı, Zal Yusifovu işindən kənarlaşdırdıq. Yəni zərərçəkmişlərin pulları bankın balansına oturdulmayıb, onları Zal Yusifov mənimsəyib”.
Bu məsələ ilə əlaqədar zərərçəkən Hüseyn Səfərovla Etibar Əliyev qarşılıqlı ittihamlar səsləndiriblər. Sabiq bankir MTN-də zərərçəkənin haqqında başlanmış, sonradan xitam verilmiş (özünün dediyinə görə, tələb olunan pulu verəndən sonra) cinayət işinin yenidən bərpa edilməsini istəyib.Hakimlər Etibar Əliyevə şahid kimi ifadə verdiyini xatırladaraq, ondan səlahiyyət həddini aşmamağı, zərərçəkəni suçlamamağı tələb ediblər.
Məhkəmədə o da məlum olub ki, MTN-in İstintaq İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyevin və Etibar Əliyevin həbs olunmasından ötrü zərərçəkənlərin prezidentə və birinci vitse-prezidentə, eləcə də başqa dövlət qurumu rəhbərlərinə ünvanladıqları məktublar araşdırılmaqdan ötrü Ali Məhkəməyə göndərilib və bu işə baxan hakimlərə yönəldilib.
“Biz də həmin məktubları cinayət işinə əlavə edirik və məhkəmə iclasında araşdırılacağı barədə qərar qəbul edirik” – hakim həmin məktublar haqda belə deyib.
Hazırda Dövlət Təhlükəsizlik Xidmətində çalışan, vaxtilə Vüsal Ələkbərovla iş yoldaşı olmuş Rövşən Hüseynov məhkəməyə şahid kimi çağrılsa da, gəlməyib. O, teleqram vuraraq, işinin çox olduğunu, ibtidai istintaqa ifadəsini təsdiqlədiyini bildirib.
Vüsal Ələkbərov keçmiş iş yoldaşının məhkəməyə gəlməməsinə etiraz edib:“Bu adam müstəntiqdir, zərərçəkən Akif Qurbanovun işini aparıb. Çox həqiqətləri bilir. Bu şahidin ifadəsinin elan olunması ilə kifayətlənsək, o biri müstəntiqlər də məhkəməyə gəlməyəcək. Akif Qurbanovla bağlı epizod dövlət mənafeyi ilə bağlı məsələdir, mənim bununla bağlı Rövşən Hüseynova suallarım var. Burada mənim taleyim həll olunur, tələsmək lazım deyil. Heç mən özüm də tələsmirəm. Məni qarşıda 15 il həbsxana həyatı gözləyir”.
Xatırladaq ki, Vüsal Ələkbərovun işi üzrə məhkəmədə general Mövlam Şıxəliyev də ifadə verib, o, barəsində irəli sürülən ittihamların heç birini qəbul etmir. Mövlam Şıxaəliyevin əleyhinə çoxsaylı dəlillər və zərərçəkənlərin ifadələri olsa da onu nəyə görəsə həbs etməyiblər.
Qeyd edək ki, Etibar Əliyevin hər ay banklara 250 min manat kredit ödəməsi, onun həbsdən çıxmaq üçün külli miqdarda pul verdiyini ehtimal etməyə əsas verir. Maraqlıdı, neçə milyon və kimə verib?