Bu gün:
Xezer.info » Qarabağ » Erməni silahlı bölmələri mart ayında atəşkəsi 3 964 dəfə pozub

Erməni silahlı bölmələri mart ayında atəşkəsi 3 964 dəfə pozub


Erməni silahlı bölmələri mart ayında atəşkəsi 3 964 dəfə pozub
Mart ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3 964 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən, D-44 toplarından, iriçaplı pulemyotlardan, 60, 82, 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Düşmən bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub. Erməni tərəfi cəbhədə vəziyyəti növbəti dəfə məqsədyönlü şəkildə gərginləşdirməyə cəhd edərək təxribatlara əl atıb. Cavab tədbirləri nəticəsində düşmən susdurulub, cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Mart ayında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib. Düşmən canlı qüvvə sarıdan xeyli itki verib. Eyni zamanda, cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Ötən ay Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi də dəqiq atəşlə məhv edilib. Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində isə düşmən 5 nəfərədək itki verib.

Cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55″ taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT”>BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT”>BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.