Bu gün:
Xezer.info » Dünya » Rusiyanın ABŞ-a cavabı gecikmədi – Qarabağ

Rusiyanın ABŞ-a cavabı gecikmədi – Qarabağ


Rusiyanın ABŞ-a cavabı gecikmədi – Qarabağ
Lavrovun Qarabağ açıqlamasını Amerika tərəfinə Rusiyanın özünəməxsus cavabı kimi də qiymətləndirmək olar.

Bu sözləri Axar.az-a Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son müsahibəsini şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, Lavrovun Dağlıq Qarabağ məsələsi ilə bağlı bir çox aspektlərin razılaşdırılmasına dair açıqlaması özlüyündə yeni məzmun tərkibinə malik deyil:

“Həmsədr ölkələri arasında daxili qarşıdurma yenidən baş qaldırıb. Suyu bulandıran isə yenə də Amerikanı təmsil edən həmsədr oldu. Vaşinqton təmsilçisi bildirir ki, Lavrovun planı artıq önəmsiz sayılmalıdır və bunun müqabilində yeni plan üzə çıxmalıdır. Ancaq plana gəldikdə, amerikalı diplomat detalları açıqlamır. Belə görünür ki, ABŞ Rusiyanın üç həmsədri adından hərəkət etməsinə xitam vermək üzrədir. Lakin belə olsa da, Moskva əvvəlkitək bölgəyə yaxın və bələd olduğundan, üçlər arasında birinciliyini saxlamağa çalışacaq. Lavrovun açıqlamasını Rusiyanın Amerika tərəfinə özünəməxsus cavabı kimi də qiymətləndirmək olar”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bir müddət öncə Qarabağa dair dövriyyədə 3 hissədən ibarət plandan bəhs etmişdi.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə APA-ya müsahibəsində Qarabağ nizamlanması üzrə danışıqların detallarının konfidensial xarakter daşıdığını, bununla belə, bir çox aspektlərin artıq razılaşdırıldığını, yalnız bir neçə mürəkkəb məsələnin qaldığını deyib.