Biləsuvarda icra hakimiyyəti qarşıdırma yaradır - Mahir Quliyev örüş sahələrini SƏLƏMçilərə satır
31-mar-2017Biləsuvarda icra hakimiyyəti qarşıdırma yaradır - Mahir Quliyev örüş sahələrini SƏLƏMçilərə satır
Biləsuvar rayonunda fermer təsərrüfatı ilə məğşul olan sakinlərin uzun illər qışlaq sahəsi kimi istifadə etdikləri ərazilər indi onlardan alınır.
Miq.az-a daxil olan şikayətlərdə bildirilir ki, Biləsuvar Rayon İcra Hakimiyyətindən fermerlərə ünvanlanan məktubda bildirilir ki, istifadələrində olan örüş sahələrindən səmərəli istifadə etmədikləri üçün müqavilələrinə xitam verilib. Onların istifadə etdikləri örüş sahələri başqa insanlara satılıb.
Fermerlərin sözlərinə görə, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonun Babaş qışlağı deyilən ərazisində örüş sahələrini başqa insanlara satır. Artıq bir-neçə fermerə məxsus örüş sahəsində icra hakimiyyəti tərəfindən soğan və sarımsaq əkilib. Halbuki Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi örüş sahəsindən əkin üçün istifadə edilməsi qadağan edilir və torpaqların təyinatı üzrə istifadə edilməsini nəzərdə tutur.
Babaş qışlağında fermer təsərrüfatı ilə məşğul olan onlarla şəxsin prezident İlham Əliyevə müraciətindən sonra icra başçısı Mahir Quliyev narazı fermerlərin bir-neçəsi ilə danışıq aparaq, onları razı sala bilib. Miq.az-a daxil məlumatda bildirilir ki, şikayət edən fermerlərdən biri olan Əvəz Miriyev Mahir Quliyev tərəfindən rayonun Ağsaqqallar Şurasının sədri vəzifəsinə gətirilib. Ancaq buna baxmayaraq Mahir Quliyevin qanunsuz olaraq satdığı əraziləri qanuni müqavilə ilə istifadə edən fermerlərin sayı artmaqda davam edib. Onlar heç bir vəhclə istifadə etdikləri örüş sahələrinin başqa insanlara satılmasına imkan verməyəcəklərini bildirirlər.
Qeyd edək ki, icra hakimiyyəti tərəfindən örüş sahələrinin şumlanması üçün göndərilən traktorların bir-neçəsi fermerlərin ciddi müdaxiləsi nəticəsində ərazidən geri qayıtmalı olub.
Miq.az-a daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, Mahir Quliyev bölgədə sələmçi kimi tanınan şəxslərə həmin örüş sahələrini satmaqda davam edir. 70 hektar örüş sahəsi üçün icra hakimiyyətinə 7 min manat verildiyi də bizə çatan məlumatlar sırasındadır.
Xatırladaq ki, Babaş qışlağı deyilən örüş sahəsində Qırmızı Kİtaba düşən ağac növləri də var. Həmin ərazinin şümlanması nəticəsində qiymətli bitkilər də məhv edilməkdədir.
Bu arada qeyd edək ki, fermerlərin icra başçısı Mahir Quliyevin özbaşınalığı ilə bağlı Prezident İlham Əliyevı ünvanladığı şikayətlərə heç bir reaksiya verilməyib. Səbəb isə Prezident Administrasiyasındakı yüksək vəzifəli şəxsin Mahir Quliyevi himayə etməsidir. Həmin məmurun kimliyi ilə bağlı araşdırmalarımız davam edir.
Fermerlərin bir qrupu Biləsuvar rayon İcra Hakimiyyətinin qanunsuz addımları ilə bağlı məhkəməyə də müraciət ediblər.
Araşdırmamız davam edir. Bizi izləyin!