Dələduzluqda ittiham edilən: - “O pulla qızımı həkimə aparmışdım”
16-iyun-2016Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 6 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən R.Quliyev məhkəmədə son deyib. O, alver adı ilə zərərçəkmişlərin birindən 4900 manat, digərindən 3700 manat aldığını, onları işə düzəldəcəyini vəd etmədiyini, həmin pulla gözləri tutulan qızını İrana müalicəyə apardığını deyib.
Məhkəmənin hökmü ilə R.Quliyev 5 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ramin Quliyev vətəndaşların etibarından sui istifadə edərək, onlara məxsus əmlakları mənimsəyərək dələduzluq edib. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.