Bu gün:
Xezer.info » Mədəniyyət » Akademik Çingiz Qacarın XALQA MƏKTUBU

Akademik Çingiz Qacarın XALQA MƏKTUBU


Akademik Çingiz Qacarın XALQA MƏKTUBU
Son günlər Azərbaycan xalqının türksoylu xalq olmasını şübhə altına alan müsahibəsi ilə gündəmə gələn akademik Çingiz Qacar məsələ ilə bağlı xalqa məktub ünvanlayıb.
Turkustan.info-ya təqdim edilən həmin məktubu nəzərinizə çatdırırıq.
Əziz oxucular!
2017-ci il martın 7-də məndən “müsahibə” almaq məqsədilə Fizika institutundakı otağıma iki gənc gəldi. Özümü reklam etməyi sevmədiyim üçün müsahibədən qətiyyətlə imtina etdim. Çox inadkar, hətta həyasız gənclər otağımı tərk etmirdilər. Bir saatdan artıq sürən mübahisədən sonra az-maz tanışlıq quruldu və gənc jurnalistlər müxtəlif adlar və soyadlar işlətməklə sanki məsum sullar verməyə başladılar. Sən demə danışıq icazəsiz diktafona yazılırmış. Nəticədə “Akademik Ç.Qacar Türkiyəni Azərbaycanın bir nömrəli düşmanı hesab edir” adlı cəfəng bir məqalə ortaya çıxdı. Mən belə bir ifadəni nəinki işlətməmişəm, bu hətta ağlımdan belə keçməz! Belə fikri gənclər Çaldıran savaşı haqda dediyim sözlərdən çıxarıblar – “o uzaq zamanlarda Azərbaycanın ən böyük düşmənlərindən biri türklər olub”.
Ümumiyyətlə söhbət mənim müasir türk estrada musiqisini bəyənmədiyimdən və onun bizim musiqiyə güclü təsir göstərdiyindən başladı.
Mən dedim ki, biz uzun müddət SSRİ-nin daxilində olanda belə bizim musiqiyə rus musiqisinin təsiri bir o qədər də olmamışdı. Burada isə 10 il kifayət oldu ki, Azərbaycan musiqisi özünəməxsusluğunu itirsin. Gənclərə xüsusən xoş gəlməyən o ifadə olub ki, “bizim respublikamız Azərbaycan, dilimiz isə Azərbaycan dilidir”.
Dərin hörmət bəslədiyim bir neçə adam bu “müsahibə” yə çox kəskin reaksiya göstərdi. Onlardan heç biri əvvəlcədən quraşdırılmış “müsahibə”nin hansı məqsədlə hazırlanmasını heç araşdırmayıb. Akademiya uzaqda deyil. Mənə zənk vurub bir baş özümdən nəyin necə olduğunu soruşmaq çətin deyildi. Görünür oğlan uşaqlarının avtoriteti, nüfuzu mənimkindən böyük imiş…
Söhbət əsnasında etdiyim kiçik mülahizələr iki gənc tərəfindən şişirdilərək və mənası çevrilərək böyük bir ittiham kimi irəli sürülüb. Belə çıxır ki, siz hər hansısa bir dükanın şikayət kitabına öz şikayətlərinizi yazsanız, həmin dəqiqə xalq düşmanı olacaqsınız.
Dünyaya göz açdığı andan Qacar soyadını daşıyan bir insan necə türklərə düşman deyə bilər? Digər tərəfdən, türkpərəstliyin qızğın tərəfdarı və parlament üzvü olan biri türk soyadını daşıyan və postsovet məkanında Qacarlar və Azərbaycanın türk hökmdarları haqda ilk kitabları yazan insana araşdırmasız-yoxlamasız necə belə ittihamlar irəli sürə bilər?! Həmin kitablar Azərbaycan, rus, ingilis, fars dillərində çap olunub.
Məgər Azərbaycanı çox sevmək günahdır? Məni günahladıran hər bir kəs irəli çixib desin –indi daşıdığı türk soyadını sovetlər vaxtında nə üçün qəbul etməmişdi?! Bəlkə qorxurdu? Lakin indi vicdanlı və səmimi bir insanı günahlardırmağa qorxmur. Əgər siz bolşeviklərin vaxtında Qacar türk soyadını daşımağın necə çətin olduğunu bilsəydiniz, indi tutulmuş iki “fəal”ın yazdığına daha tənqidi yanaşar, fikrin təhrif edildiyini aydın görərdiniz.
Məni pisləyənlərdən bir şeyi soruşmaq istərdim – siz özünüz Türkiyə üçün nə etmisiniz? Mən hər halda özümü Türkiyəyə borclu hiss etmirəm. Metrologiya məsələləri ilə bağlı müntəzəm olaraq Türkiyənin “TÜBİTAK” elmi mərkəzində olmuşam. Yeni minilliyin əvvəlində Türkiyənin Təhlükəsizlik nazirliyinin sifariş etdiyi çox məsuliyyətli bir layihə- təyyarələr üçün gecə görmə sisteminin işlənib hazırlaması və sınaqdan keçirilməsi üçün Türkiyəyə gedən Fotoelektronika institutunun əməkdaşlarından ibarət böyük bir elmi qrupa rəhbərlik etmişəm. Komandamız çox təmtəraqla qarşılanmışdı. Şəhərə, muzeyə və ya dükana gedəndə məni iki avtomatçı müşayiət edirdi. Türk qəzetlərində “Azərbaycanlı alimlərin işindən sonra bizə heç nə qorxulu deyil” adlı məqalələr çıxmışdı. Hazırladığımız gecə görmə qurğuları bütün sınaqlardan uğurla keçdi və biz Bakıya qayıtdıq. Bundan sonra mənim üç çox bacarıqlı və yaxın yetirməm Türkiyədə qaldı və orada indi bütün Avropada nüfuz qazanmış cihazqayırma firmasını təsis etdi. Sonra mən Türkiyədə gənclər üçün çap olunan populyar elmi kitabların tam komplektini alıb Aqzərbaycanda yayımı üçün AMEA Rəyasət heyətinə verdim.
Bir daha sizdən soruşmaq istəyirəm – SİZ Türkiyə ilə necə bağlısınız?!
Siyasətdən uzaq insana yersiz ittihamlar irəli sürməkdən başqa Siz özünüz çox sevdiyiniz ölkə üçün nə etmisiniz?!