Toyuq əti və yumurta niyə bahalaşıb? - açıqlama
06-mar-2017Novruz bayramı yaxınlaşdıqca bazar və mağazalarda ət məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Son günlər mal əti ilə yanaşı toyuq əti və yumurtanın da qiyməti qalxıb.
Respublika Quşçular Cəmiyyətinin (RQC-nin) sədri Aydın Vəliyev AzVision.az-a bildirib ki, qiymətləri mağaza sahibləri, bazarda çalışanlar süni şəkildə qaldırırlar.
“Bu gün bizdə yem xaricdən alındığı üçün yumurtanın bir ədədinin qiyməti 14-15 qəpiyə başa gəlir. Yumurta 11 qəpiyə satılanda istehsal həddən artıq çox, təlabat isə az idi. Məcburən qiymətləri endirdik. İri təsərrüfatlar yemi xaricdən birbaşa özləri alırlar. Onlar üçün yumurtanın maya dəyəri nisbətən ucuz olur, xırda təsərüfatlar isə yemi 2 və 3-cü əldən aldıqları üçün nisbətən yumurtanın maya dəyəri bir qədər baha başa gəlir. Bizdə isə yumurta maya dəyərinə, hətta ondan aşağı satılır”.
A.Vəliyevin bildirdiyinə görə, topuq ətinin maya dəyəri 3.80, 3.90 manatdır: “Lakin bazarlarda 3.20 manata, 3.50 manata da toyuq əti satılır. Ümumiyyətlə, bizdə quş əti maya dəyərindən yuxarı satılmır. Mağaza qiymətləri ilə bizim satdığımız mallar arasında 30-40 faiz fərq var. Başqa ölkələr, müsəlman ölkələrində bayram qabağı hər şeyin qiyməti enir, amma bizdə qaldırırlar. Bu, bizim milli mentalitetimizdənir”.