İran prezidenti Qarabağ münaqişəsindən bircə cümlə deyib – ŞƏRH
06-mar-2017Martın 5-də Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərində prezidentlər daha çox iki ölkə arasında iqtisadi, ticari məsələlərdən danışıblar. Bu səfərdə də İran prezidenti Azərbaycanın Ermənistanla Dağlıq Qarabağ münaqişəsi haqqında danışanda “ümidvarıq ki, münaqişə danışıqlar yolu ilə həllini tapacaq”la kifayətlənib.
Bundan öncə bəzi siyasi dairələrdə İranın münaqişənin həllinə qoşulacağı ehtimalları səslənirdi. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, indiki şəraitdə bu ehtimallar doğrula bilməz. Çünki İranın baxışında dəyişiklik yoxdur:
“Son 3 ildə İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir. Ortada böyük layihələr, dəmir yol tikintisi var. İran Azərbaycana, Azərbaycan İrana sərmayələr qoyur. İndi iki ölkə arasında ən yüksək iqtisadi əməkdaşlıq dövrü yaşanır. Amma çox təəssüf ki, bunu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı demək olmaz. Çünki İranın baxışında heç bir dəyişiklik yoxdur”.
Azərbaycana dəstək vermək istəyən dövlətin başçısı nə deməliydi?
E. Şahinoğlunun fikrincə, əvvəllər İranda münaqişənin həllində fəal olacaqlarını desələr də, son zamanlar heç bunu da dilə gətirmirlər. O, Azərbaycan tərəfinin İranın fəal vasitəçiliyinə razılaşacağını, İranda mövcud rejimin Qarabağ məsələsində Azərbaycana dəstəyini artıracağını da düşünmür:
“İran rəsmiləri və din xadimləri bəzən Azərbaycanın daxili işlərinə çox açıq müdaxilə edirlər. Məsələn, İsrailin baş naziri Benjamin Netanyahu Bakıya səfər edəndə İran sərt bəyanatlar verdi. Ancaq Ermənistanla sıx əlaqələr qurur, Azərbaycan rəsmiləri İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilər deyə, bunun əleyhinə açıqlama vermirlər. Bu gün İran prezidenti Hasan Rohani bir cümlə deyib ki, münaqişənin sülh yoluyla həllinə tərəfdarıq. Ancaq Qarabağ münaqişəsində Azərbaycanla əməkdaşlıq etmək, Azərbaycana dəstək vermək istəyən dövlətin başçısı nə deməliydi? Deməliydi ki, Azərbaycan ərazisinin bütövlüyünü dəstəkləyirik, işğal altındakı rayonlar azad olunmalıdır. Necə ki, bunu Azərbaycanın strateji müttəfiqləri Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı deyir. Ancaq İran bunu demir. Əgər İranda demokratikləşmə prosesi getsə, ordakı azərbaycanlıların rolu artsa, İranın da münaqişənin həllinə baxışı dəyişə bilər”.
“Məsələ dinc yolla həll olunsun” bəyanatından başqa heç nə”
“Qarabağ məsələsində İranın hansısa rol oynayacağını gözləmək sadəlövhlük olardı. Çünki İran Azərbaycana yardım etmək istəsəydi, 1995-ci ildən bu günə qədər Ermənistana hər sahədə davamlı yardımlar eləməzdi”.
Bunu isə İran üzrə ekspert Sədrəddin Soltan deyir. O bildirir ki, son illər İran – Azərbaycan münasibətləri, əsasən, iqtisadi və mədəni əlaqələrə köklənib. Perspektivdə İranın neft qaz layihələrinə qoşulmaq ehtimalı var. Ekspertin fikrincə, Prezident İlham Əliyevin də İrana səfəri daha çox iqtisadi məsələlərlə bağlıdır və rəsmi Tehranın İranın Qarabağ danışıqlarına qatıla biləcəyi ağlabatan deyil:
“Elə bu günlərdə İranın yaxın müttəfiqi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, ATƏT-in Minsk qrupu vasitəçiliyinə alternativ yoxdur. Ona görə bu ehtimal da ağlabatan deyil. Heç Azərbaycan ictimaiyyəti də İranın bu məsələdə ədalətli mövqe tutacağına inanmır. Apreldən üzübəri baş verən hadislərdə İran hakimiyyətinin mövqeyi göründü. ‘Biz istəyirik ki, məsələ dinc yolla həll olunsun’ bəyanatından başqa heç nə demədi. İran bir dəfə demədi ki, ‘ay işğalçı, çəkil kənara, camaat öz torpağında yaşasın’. Türkiyə açıq-aşkar deyir ki, ‘Ermənistanın Azərbaycana işğalı davam edir. Bu işğal davam elədikcə də bölgədə sabitliyə təhdid var’. İran bu cümləni heç vaxt deməyib. Deməyib ki, Ermənistan Azərbaycan ərazisini işğal edib. İran həmişə istəyir ki, Azərbaycanın başı öz daxilinə qarışsın və İrandakı milyonlarla Azərbaycan türkünün milli haqqının beynəlxalq hüquq çərçivəsində belə müdafiəsinə hər hansı formada cəhd göstərməsin”.
S.Soltanın sözlərinə görə, elə bu səbəbdən də son 5 ildə Azərbaycanla İran iqtisadi, mədəni əlaqələrin inkişafı yönündə davamlı əməkdaşlıq edirlər. Prezidentlərin də səfərləri daha çox iqtisadi maraqlara xidmət edir. (Azadliq.org)