Bu gün:
Xezer.info » Siyasət » “Onsuz da Gömrük Komitəsi sahibkara kompensasiya verməyəcək” - Qalmaqal

“Onsuz da Gömrük Komitəsi sahibkara kompensasiya verməyəcək” - Qalmaqal


“Onsuz da Gömrük Komitəsi sahibkara kompensasiya verməyəcək” - Qalmaqal
2016-cı il oktyabrın 19-da Kavkaznews.az “Gömrükdə özbaşınalıq” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə iş adamı Həmid Vəkilovun Qafqaz Xəbər Agentliyinə müraciətindən söz açılırdı “Mən fiziki şəxs kimi sahibkarlıqla məşğul oluram. Bu günlərdə Dövlət Gömrük Komitəsinin Enerji Gömrük İdarəsi, xüsusilə də həmin idarənin maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev tərəfindən süründürməçiliyə məruz qalmışam. Türkiyədən altı ədəd TIR-a yüklənmiş akkumlyatorlar gətirmişəm.
Maşınlar Gürcüstan-Azərbaycan sərhədlərini keçməmişdən, mən idxal bəyannaməsi verməyə çalışdım, lakin mənə günlərlə maneə yaratdılar. İnspektorlar işi bir-birinə ötürə-ötürə, nəhayət ki, idxal bəyannaməmi qəbul etdilər. Artıq maşınlar gəlib, amma neçə gündür ki, mənim malımı ölkəyə buraxmırlar. Bəhanə isə ondan ibarətdir ki, guya, mən bəyannamədə malın qiymətini azaltmışam. Lakin mənim əlimdə sənədlər var və Türkiyədə mal aldığım şirkətin sənədləri ilə bəyannamədəki qiymətlər eynidir. Dövlət başçısı dəfələrlə məmurlara tapşırıb ki, sahibkarlara şərait yaradılsın və ölkədə biznes inkişaf etsin. Lakin 6 gündür ki, mən səhərdən axşama qədər vaxtımı gömrükdə keçirirəm.
Mənə xeyli əsəb yaşadılıb və mal söz verdiyim müştərilər qarşısında da yalançı çıxmışam. Bir çox müştəri də artıq maldan imtina edib. Hər maşında 48 min dollardan artıq dəyəri olan mal var. Malların çoxu üçün qabaqcadan pul da almışam. Məndə olan məlumata görə, Enerji Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Rəfael Niftəliyev DGK sədrinin müavini Səfər Mehdiyevin qohumudur.
Məhz Rəfael Niftəliyev mənim işimi ləngidərək, 30 min manatdan çox ziyana düşməyimə səbəb olub. Mən mallara görə, 160 min 850 manat gömrük rüsumu da ödəmişəm. Rəfael Niftəliyev mənə deyib ki, əlavə olaraq 13 min manat da rüsum ödəməlisən. Yaxşı, əgər qiymətləri süni surətdə azaltmışdımsa, o rüsum ödənişi niyə araşdırılmadan qəbul olundu?
Süründürməçiliyə məruz qalan sahibkar tək mən deyiləm. Neçə gündür görürəm ki, başqa sahibkarlar da incidilir və gömrükdə onlara stress yaşadırlar. R.Niftəliyev sahibkarları süründürməsi və incitməsi ilə özünə mənfi reputasiya qazanıb”, – deyə H.Vəkilov vurğulayıb.
H.Vəkilov məsələ ilə bağlı Prezident yanında Apellyasiya Şurasına da şikayət etmişdi. Məqalənin dərcindən bir neçə gün sonra, H.Vəkilovun idxal etdiyi mallar gömrükləşdirildi. Bu günlərdə H.Vəkilov bildirdi ki, Enerji Gömrük İdarəsi tərəfindən törədilən süni əngəllər ona ciddi ziyan vurub: “Bu hərəkətlər nəticəsində mənə 50 min manat ziyan dəydi.
O mallara görə, 160 min manatdan çox rüsum ödəmişdim. Amma mənim tərəfimdən təqdim edilən qəbz qanuni sənəd olaraq qəbul edilmədi, Rəfael Niftəliyev tərəfindən günlərlə süründürməçiliyə məruz qaldıq. Sonunda haqlı olduğumuzu sübut etsək də, günlərimizi və xeyli mənfəəti itirdik. Hər gün üçün, mən Enerji Gömrük İdarəsinin deposuna 130 manat ödəməli olmuşam. Bundan başqa, mal söz verib gecikdirdiyim adamlara pullarını qaytarmalı olmuşdum”.
“Siz nə etməyə hazırlaşırsınız?”, – deyə soruşduq. “Mən Dövlət Gömrük Komitəsini məhkəməyə verərək, mənə dəyən zərərin ödənilməsini tələb edəcəm”, – deyə H.Vəkilov cavab verdi.
Dövlət Gömrük Komitəsi sahibkara vurduğu ziyanı qarşılayacaqmı? Biz sualımıza cavab almaq üçün, Dövlət Gömrük Komitəsinə müraciət etdik “Ləngimənin səbəbi nə olub? Əgər Həmid Vəkilov malın dəyərini düz göstərməyibsə, gömrükçülər bu məsələni aydınlaşdırmaq üçün, ətraflı araşdırma aparıblar”, – DGK əməkdaşı Lamiyə Səfərli LEGİON-a bildirdi.
Onun sözlərinə görə, əgər invoys doğru göstərilibsə, Gömrük Məcəlləsinə görə, bu halda zərərçəkmiş məhkəməyə müraciət edib, ona dəyən zərərin ödənilməsini tələb edə bilər.
“Dövlət Gömrük Koomitəsinin nə vaxtsa sahibkarlara kompensasiya verməsi halı olubmu?”, – deyə soruşduq. “Bunun praktikada olub-olmaması mənə məlum deyil”, – deyə L.Səfərova LEGİON-a bildirdi. Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, iş adamı Dövlət Gömrük Komitəsindən kompensasiya tələb edə bilər. “Lakin ona kompensasiya veriləcəyi real deyil”, – deyə N.Cəfəroğlu LEGİON-a bildirdi.