İran prezidenti: “Ümid edirik ki, Qarabağ münaqişəsi öz həllini tapacaq”
05-mar-2017Bu gün geniştərkibli görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani mətbuat konfransı keçirib.
APA-nın Tehran bürosunun məlumatına görə, mətbuat konfransında prezident H.Ruhani deyib ki, ötən 3 il ərzində iki ölkənin əlaqələri həm siyasi və həm də mədəniyyət sahəsində çox inkişaf edib.
H.Ruhani bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin artması hər iki ölkə rəhbərliyinin münasibətlərin daha da genişlənməsi ilə bağlı iradəsinin göstəricisidir: "İki ölkə arasında tranzit sahəsində də əməkdaşlıq yaxşı səviyyədə qurulub və Şimal-Cənub Nəqliyyat Dəhlizi bu əlaqələrin qurulmasında böyük rol oynayır”.
H.Ruhani əlavə edib ki, Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisində İranla əməkdaşlıq edir və bu əməkdaşlığın regionda dəmir yolunun inkişafında böyük rolu var: "İki ölkə neft sahəsində də əməkdaşlıq edir. İran neft mübadiləsi (swop) sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Yəni İran nefti Xəzər dənizində təhvil alsın və İranın cənubunda dünya bazarına çıxarsın”.
İran prezidenti qeyd edib ki, iki ölkə arasında avtomobil istehsalı sahəsində də əməkdaşlıq inkişaf edib: "Biz görüşdə ekologiya, Xəzər dənizində ətraf mühitin qorunması, Xəzəryanı ölkələrin əldə etdiyi razılıqların icrası üçün davamlı əlaqələr qurmaq və Xəzərin ekoloji təmizliyini qorumaq məsələlərini müzakirə etdik. Xəzər dənizində neft yataqlarının birgə işlədilməsi ilə bağlı çoxlu müzakirələrimiz olub. Bu gün də bu müzakirəni davam etdirdik. Qərara alındı ki, iki ölkənin neft nazirləri razılıq əldə olunana kimi müzakirəni davam etdirsinlər”.
H.Ruhani deyib ki, görüşdə İran, Azərbaycan və Rusiya, eləcə də Azərbaycan, İran və Türkiyə və Azərbaycan, İran və Gürcüstan üçtərəfli görüşləri haqqında danışıqlar aparılıb: "Görüşdə həmçinin regionda baş verən proseslər müzakirə olundu. İran bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini vurğulayır. Ümid edirik ki, Qarabağ münaqişəsi də öz həllini tapacaq. Münaqişələr müzakirə və siyasi yollarla öz həllini tapmalıdır”.