Bu gün:
Xezer.info » Qarabağ » Bakının “sürünən müharibə” taktikası - işğalçının iflası...

Bakının “sürünən müharibə” taktikası - işğalçının iflası...


Bakının “sürünən müharibə” taktikası - işğalçının iflası...
Qarabağ münaqişəsi zonasında gərginlik artmaqda davam edir. Əksər müşahidəçilərə görə, əsas səbəb işğalçı Ermənistanın rəhbərliyinin apreldəki parlament seçkiləri ərəfəsi cəbhədə hansısa uğur əldə eləmək və ötən ilin aprelindəki hərbi uğursuzluğu heç olmasa, bu yolla ictimai şüurda unutdurmaq cəhdi ilə bağlıdır. Ancaq artıq məlumdur ki, bu cəhdlər, o sırada son 26 fevral insidenti fiasko olub: təmas xətti bir santimetr də olsa, ermənilərin xeyrinə dəyişməyib.

Böyük ehtimalla, seçki gününə kimi, daha dəqiqi, ötən ilki aprel məğlubiyyətinin ildönümü yaxınlaşdıqca, düşmənin belə təxribatlarının sayı artacaq - həm də daha arxayın şəkildə. Ona görə ki, İrəvan rəsmiləri münaqişə zonasında Moskvanın - öz əsas havadarının genişmiqyaslı hərbi əməliyyatlarda maraqlı olmadığını yaxşı bilirlər. Apreldən sonra Ermənistana “İsgəndər” raket kompleksləri də müharibə eləmək üçün yox, Azərbaycanı müharibədən çəkindirmək və erməniləri sakitləşdirmək üçün verilib.

***

Yaranmış vəziyyətdən Azərbaycan üçün ən optimal yol - işğalçı Ermənistanı taqətdən salacaq, onu iqtisadi cəhətdən tam çökdürəcək, paralel surətdə onun hərbi itkilərini artıracaq siyasəti davam etdirməkdir. Söhbət öncəliklə düşmənin izolyasiyasını gücləndirməyə, onu bundan sonra da iri regional iqtisadi-kommunikasiya layihələrindən kənarda qoymağa yönəlik siyasi kursdan, habelə maliyyə-iqtisadi resursları minimal olan Ermənistanı silahlanma yarışına çəkməklə onu bir az da böhranlı vəziyyətə salmaqdan, nəhayət, İrəvanı işğal rejimini uzatmağa peşman etməkdən gedir.

Sadalanan proseslər fonunda təbii ki, Ermənistandan ölkədən miqrasiya daha sürətli şəkil alacaq. Təsadüfi deyil ki, ölkədən kütləvi köç Serj Sərkisyanın prezidentliyi dövründə ən böyük miqyas alıb. Aydındır ki, rəsmi İrəvan bu kimi proseslərin, daha dəqiqi, Azərbaycanın başlatdığı “passiv müharibə”nin hara apardığının yaxşı fərqindədir. (Buna “sürünən savaş” da demək olar). Axır vaxtlar İrəvan rəsmilərinin bəzi etirafları qənaətimizi təsdiq edir. Serj Sərkisyanın Xarici İşlər Nazirliyində təşkil edilən dünənki toplantıda etdiyi çıxışı zamanı “İrəvan və Stepanakert (Xankəndi-red.) müharibə istəmir” sözləri eyni qəbildən sayıla bilər.

Bəlli məsələdir ki, indinin özündə öz ordusuna çağırışçı problemi yaşayan Ermənistan böyük müharibə zamanı, sadəcə, xəritədən yox olacaq, simvolik dövlətçiliyini də itirəcək. Çünki belə müharibəni aparmağa onun nə iqtisadi, nə də insani resursları var. Sərkisyanın sön açıqlaması şübhə yox ki, ən əvvəl bu reallığın dərkindən irəli gəlir - hər nə qədər özündənrazı açıqlamaları da olsa...

***

Konflikt ətrafındakı son durumu şərh edən siyasi ekspertlərin bu xüsusda maraqlı şərhləri var. Məsələn, musavat.com-un məlumatına görə, tanınmış rusiyalı analitik Andrey Yepifansev hesab edir ki, münaqişə zonasında müharibə ehtimalı artsa da, hələ ki genişmiqyaslı toqquşma ehtimalı görünmür, çünki beynəlxalq şərtlər bunu istisna edir: “Əgər Azərbaycan üçün ideal situasiyadan danışsaq, o, belə ola bilər: dünya neft bazarı 10 il öncəki duruma, yəni ”satıcı bazarı"na qayıdır. Cənubi Avropanın Azərbaycanın neft və qazından asılılığı alternativsizlik şəraitində artır. Belə bir şəraitdə hərbi əməliyyatlar qızışır və erməni tərəfi hansısa neft borusunu bombalayır (qeyd edim ki, İrəvanın özü həmişə bu haqda danışır, hədələyir). Avropa isə borunun o biri ucunda karbohidrogen qıtlığı hissi edir və dünya birliyi Dağlıq Qarabağ probleminə ciddi diqqət ayırır".

Politoloq Azərbaycan üçün başqa məqbul variantları da mümkün hesab edir: “Misal üçün, Rusiya-Ermənistan münasibətlərinin qəfil pisləşməsi. Nəzəri cəhətcə bu mümkündür. Ermənistan faktiki surətdə bir neçə il qabaq Avropa Birliyi ilə assosiativ saziş imzalayıb - hansı ki, Rusiyadan ötrü məqbul deyil. Onu da görürük ki, son günlər İrəvan-Moskva əlaqələri mürəkkəbləşib. Nədən ki, Ermənistan Rusiyanın Dağlıq Qarabağ məsələsində tutduğu mövqedən və Azərbaycana silah satmasından xeyli narazıdır. Ötən ilin aprelində Qarabağ uğrunda gedən döyüşlərdə Ermənistan gözləyirdi ki, Rusiya aydın şəkildə ermənipərəst mövqe tutacaq, ancaq bu, baş vermədi. Hətta ABŞ-dakı son prezident seçkilərində erməni lobbisi ilə yanaşı, rəsmi İrəvan da Rusiyanın mövqeyindən narazılığın təzahürü kimi Hillari Klintona stavka edirdi. Ermənilərlə söhbətdə ”Biz öz mövqeyimizi balanslaşdırmaq istəyirik" sözlərini eşidirik. Əslində isə onların istəyi Rusiya və ABŞ-ı toqquşdurmaqdır. İndi İrəvanda deyirlər ki, “madam ki, Hillari gəlmədi, o zaman Rusiya ilə strateji müttəfiq olduğumuzu yada salmalıyıq”. Yarım il öncə isə tamam ayrı bəyanatlar verirdilər". Ekspertin fikrincə, bütövlükdə qısamüddətli perspektivdə konkret addımlara keçmək üçün münasib şərtlər yoxdur. “Odur ki, konflikt kiçik intensivlikdə, kifayət qədər müntəzəm, aylıq kəskinləşmələrlə davam edəcək”.

Belədirsə, deməli, Azərbaycanın “sürünən müharibə” taktikası da davam edəcək. \\musavat.com\\