"Bu bəyanat iki ölkəni müharibəyə cəlb etmək deməkdir" - Elxan Ələsgərov
03-mar-2017Bu ilin sonuna qədər dövlətlərdən biri Dağlıq Qarabağın "müstəqilliyi"ni tanıya bilər.
Ermənistan Dağlıq Qarabağdakı ermənilərin hüquqlarını tapdalayır.
Martın 1-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. O, fevralın son günlərində baş verən ağır döyüşlərdən sonra cəbhədəki vəziyyətlə maraqlanıb. Erməni KİV-lərinin məlumatına görə, Nalbandyan Xankəndidə olarkən deyib ki, bu ilin sonuna qədər dövlətlərdən biri Dağlıq Qarabağın "müstəqilliyi"ni tanıya bilər. Amma o, konkret hər hansı dövlətin adını çəkə bilməyib.
Bununla bağlı məsələni Milli.Az-a şərh edən "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov deyib ki, Edvard Nalbandyan belə bir bəyanatı səsləndirməklə bir çox səhvlərə yol verib:
"Birincisi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi istiqamətində aparılan danışıqlar ərəfəsində belə bir bəyanatın verilməsi göstərir ki, Ermənistan danışıqlardan əlini üzüb və əsas məqsədi onu dünyaya tanıtdırmaqdır. İkincisi, Dağlıq Qarabağı tanıtdırmağa, məhz Ermənistan rəhbərliyi çalışır, amma eyni zamanda deyirlər ki, guya ki, "Dağlıq Qarabağ xalqı" öz müqəddəratını təyin etməlidir. Bir halda ki, Dağlıq Qarabağdakı ermənilərin taleyini Sarkisyan və Nalbandyan həll edir, o zaman onlar öz müqəddəratını necə təyin edə bilərlər, özü də onların özlərinin xəbəri olmadan?! Özü də referendum keçirilməmiş, Dağlıq Qarabağdakı ermənilər öz istəyini bildirməmiş Nalbandyan qaçaraq pul və ya hiylə vasitəsilə Dağlıq Qarabağı tanıtdırmaq istəyir".
Ekspertin fikrincə, mövcud Ermənistan rəhbərliyi bu bəyanatla tamamilə ziddiyyətli mövqe ortaya qoyur: "Çünki bu həm Azərbaycanla danışıqlardan çəkilib iki ölkəni müharibəyə cəlb etmək deməkdir, həm də Dağlıq Qarabağdakı ermənilərin fikrini nəzərə almadan atılan addımdır. Yəni bununla Dağlıq Qarabağdakı ermənilərin də hüquqları tapdanmış olur. Nalbandyanın bu açıqlaması Ermənistan hakimiyyəndəki "Qarabağ klanı"nın nə dünya görüşünün, nə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir nəzəri və ya praktik planının olmadığına sübutdur".
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.