Dünya Azərbaycanlılarının yeni birliyi yarandı - Kiyevdə
16-iyun-2016Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyəti Bakıda keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayından sonra diaspor hərəkatının inkişafına töhfə verəcək yeni qurumun yaradıldığını elan edib.
Yeni qurumdan daxil olan xəbərə görə, Mərkəzi ofisi Kiyev şəhərində yerləşəcək Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) adlanan yeni qurum artıq Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Layihənin ideya müəllifi və rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur.
Koordinasiya Mərkəzi tam şəkildə fəaliyyətə başlayandan sonra Hikmət Cavadovun UABD rəhbərliyindən istefa verəcəyi gözlənilir. Koordinasiya Mərkəzi dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə fəaliyyət barədə razılıq əldə edib. Koordinasiya Mərkəzinin yaydığı açıqlamada bildirilir ki, artıq bir çox təşkilatlar əməkdaşlığa razılıq verib: “Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Bakıda keçirilən sonuncu qurultayında səsləndirdiyi “mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq” – kimi dəyərli fikirlərindən qaynaqlanan bu ideya ətrafında dünyanın bir çox diaspor təşkilatlarının birləşəcəyinə ümid edirik.
Prezidentin qeyd etdiyi kimi, birlik əsas məsələdir. Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi bu birliyə nail olmaqla qurultayda səslənən digər problemlərin də qısa zaman ərzində həllinə nail olmaq əzmindədir. Təbii ki, yenə də Prezident İlham Əliyevin söylədiyi kimi: “...Birlik hesabına. Əgər, diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşma varsa, deməli, bu məqsədə çatmaq üçün daha da asan yollar müəyyən ediləcək”.
Koordinasiya Mərkəzi ilk növbədə “informasiyanı və informasiyadan qorunmaq” prinsipini əsas götürərək bir alət kimi mövcud olan informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışacaq, ictimai fikri ölkəmizin xeyrinə dəyişməyə nail olacağıq: “Düşünürük ki, hazırda bizim buna kadr və texniki potensialımız var. Sadəcə dünyada yaşayan azərbaycanlılardan ibarət çevik qüvvələri daha operativ koordinasiya etməklə məqsədimizə qısa zaman kəsiyində nail ola bilərik.”
Mərkəz bu istiqamətdə əsas fəaliyyətini Azərbaycan prezidentinin səsləndirdiyi narahatlıqların aradan qaldırılmasına yönəldəcək: “Xarici media qurumları ilə işimizi gücləndirməyə çalışacaq, hazırda çox məhdud olan xarici mediaya çıxış imkanlarını genişləndirəcəyik. Eyni zamanda Dünya Azərbaycanlılarını birləşdirəcək virtual sosial şəbəkə yaradılacaq. Artıq bu istiqamətdə də işə başlanılıb. Həmçinin informasiya müharibəsində qalib gəlmək üçün yeni layihə üzərində iş gedir. Bu layihəyə Azərbaycanın KİV nümayəndələri də cəlb olunacaq”.