Şamaxılı sahibkarlardan etiraz - "Əsl, real hesabat bu olacaq!"
01-mar-2017Məlum olduğu kimi, ötən ilin yekunları ilə bağlı Şamaxıda kənd və qəsəbələrdə keçirilən hesabat yığıncaqlarının yekunu olaraq dünən RİH başçısı Asif Ağayev rayon ictimaiyyətinə 2016-cı ilin yekun hesabatını təqdim edib. Bununla bağlı DİA.AZ-a açıqlama verən yerli sahibkarlar Asif Ağayevin hesabat verməsinə birmənalı yanaşmayıblar.
Onlar redaksiyamıza yazırlar: "Asif Ağayev yaxşı olardı ki, sahibkarlara, fermerlərə necə əngəl yaratmasının hesabatını versin. Bundan danışsa, inandırıcı olar. Yoxsa başqa rayon icra başçılarının hesabatını kopyalayıb, Şamaxıda görülən işlər kimi təqdim etmək nağıl danışmaqdan başqa şey deyil.
O tədbirdə Prezident Administrasiyasının nümayəndəsi də olub. Yəni Asif Ağayev həm də "yuxarılara" yalan danışıb rəsmən. Hesabatına uyğun olaraq qısa bir araşdırma aparılsa, Şamaxının elə mərkəzində olub bir-iki nəfəri danışdırsan, Asif Ağayevi ifşa etmək olar".
Şamaxılı sahibkarlar dia.az-a müraciətlərində onu da əlavə ediblər ki, yaxın günlərdə Bakıda mətbuat konfransı keçirəcəklər: "Əsl, real hesabat bu olacaq. Qoy bütün ölkə bilsin ki, şamaxılılar nə zülm çəkir".
Qarşı tərəfi də dinləməyə hazırıq...