Bu gün:
Xezer.info » Sosial » Bir yumruğa otaq yoldaşının gözünü çıxardı - Xəstəxanada şok hadisə

Bir yumruğa otaq yoldaşının gözünü çıxardı - Xəstəxanada şok hadisə


Bir yumruğa otaq yoldaşının gözünü çıxardı - Xəstəxanada şok hadisə
Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan xəstələrdən biri yumruqla digərinin gözünü çıxarıb.

Bu haqda xəsarət almış xəstə, 51 yaşlı Mürvət Səfərov İsrail oğlunun qardaşı Allahverdi Səfərov məlumat verib.

Xəstənin qardaşı bildirib ki, qardaşı artıq neçə ildir, idarəolunmaz vəziyyətdə olduğundan Maştağadakı ruhi dispanserdə müalicə alır: "Dediyim bu hadisə də bazar günü səhər saat 10 radələrində baş verib. Qardaşımın sol gözünə xəsarət yetirərək çıxarıblar, bir də qabırğası sınıb. Hadisənin kim tərəfindən törədildiyini dəqiq bilmirik”.

A.Səfərov əlavə edib ki, hazırda qardaşı Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda əməliyyat olunub: "Xəstəxanadan çıxandan sonra güman ki, qardaşımı yenidən həmin dispanserə qaytarmalı olacağıq. Çünki evdə baxılası durumda deyil”.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyini öyrənmək üçün Maştağa 1 saylı Ruhi Əsəb Dispanseri ilə əlaqə saxladıq.

Dispanserin baş həkim müavini Sevinc Cəmilqızı bildirib ki, hadisə M.Səfərovun otaq yoldaşı tərəfindən törədilib: "Bazar günü M.Səfərovun otaq yoldaşı psixi durumu ilə əlaqədar ona əl qaldırıb. Əl qaldırarkən xəstə göz nahiyəsindən xəsarət alıb. M.Səfərova köməklik göstərilib, lazımı tədbirlər görülüb. Xəstə gözündən cərrahi əməliyyat olunub. Həkimlə də əlaqə saxlamışam və bildirilib ki, xəstənin görməsi bərpa olunub, durumu qənaətbəxşdir. Vəziyyəti yaxşı olduqdan sonra yenidən mərkəzimizə gətirəcəyik”.

S.Cəmilqızı deyib ki, hadisə ilə bağlı akt da tərtib olunub: "Xəstəxanamızda xəstələrin vəziyyətindən asılı olaraq bir otaqda bir nəfər, ola bilsin, 2 və ya ya 7-8 nəfər birlikdə saxlanılır”.

Baş həkim müavini deyib ki, hadisə xəstə oyanıq vəziyyətdə ikən bir saniyənin içində olub: "Xəsarət yetirən xəstə oyanıq durumda olub. Oyanıq durumda olan xəstəni heç 10 nəfər belə saxlaya bilmir. Hərdən elə olur ki, verdiyimiz dərmanlar xəstəyə təsir etmir. Həmin vaxt xəstənin əynində xüsusi geyimi də olmayıb. Elə onu geyindirərkən anidən yumruq atıb. Şikayət edən hər bir valideyn buranın ruhi dispanser olduğunu və xəstələrin durumunu da nəzərə almalıdır. Heç bir həkim istəməz ki, xəstəsinə nəsə olsun”.

S.Cəmilqızı qeyd edib ki, 1 saylı Ruhi Əsəb Dispanserində hazırda 2 min 242 xəstə qeydiyyatdadır.

///lent.az