Rəsmi Bakı işğal olunmuş ərazilərə uçan bütün təyyarələri vuracaq - Azərbaycan vədinə əməl etdi
14-iyun-2016Aprel döyüşləri zamanı əldə edilən üstünlük vətənpərvərlik hisslərinin artmasına səbəb oldu. Azərbaycan öz ərazisində işğalçı, düşmən tərəfə məxsusi texnikanı vurdu. Azərbaycanın razılığı olmadan savaş bölgəsində soxulan düşmənin hərbi texnikasının vurulması istər ölkə qanunlarına, istərsə də beynəlxalq qanunlara görə anlaşılandır. Bunu çoxdan etmək lazım idi. Rəsmi Bakının öz ərazisinə düşmən kimi soxulan istənilən hərbi qüvvəni məhv etmək hüququ var və bu addım yalnız təqdir edilə bilər.
Belə bir addımı istənilən ölkə atır. Məsələn, İraqda ABŞ təyyarələrini, Əfqanıstanda SSRİ təyyarələrini dəfələrlə vurublar. Rəsmi məlumatlara əsasən, 1979-89-cu illər ərzində SSRİ 333 vertolyot itirib. Rəsmi məlumatlara görə, bunun 299-u Mi-8, Mi-10, Mi-24 olub. Habelə, 30 hərbi nəqliyyat əfqanlar tərəfindən vurulub.
Bu faktlar da onu deməyə əsas verir ki, ölkə ərazisinə soxulan hərbiçiləri heç kəs duz-çörəklə qarşılamır.
Ən maraqlısı odur ki, son zamanlar Ermənistanda rəsmi İrəvana qarşı aksiyalar artan xətt üzrə inkişaf edirdi. Aksiya təşkilatçıları arasında Qarabağ münaqişəsinin mərhələli tənzimlənməsinə tərəfdar çıxan insanlar da az deyildi. Belə bir vaxtda, ermənilərə məxsus hərbi texhikasının Azərbaycanın işğal olunmuş ərazilərində görünməsi ermənilər tərəfindən düşünülmüş ssenariyə bənzəyirdi. Görünən odur ki, İrəvan sülh prosesini pozmaq üçün əlindən gələni edirdi.
Azərbaycan ordusunun ermənilərin cavabını verməsi Ermənistan və Rusiyanın daha bir təxribatına qarşı bir addım kimi də dəyərləndirilə bilər. Lakin yarı yolda dayanmaq olmaz. Azərbaycanın rəsmi razılığı olmadan onun ərazilərində uçuşlar həyata keçirən hər bir vertolyot, təyyarə vurulmalıdır və canlı qüvvə məhv edilməlidir.
Azərbaycan ordusu aprel döyüşləri ilə ilə yüz minlərlə insana bir stimul vermiş oldu. İstisna deyil ki, ermənilər bunun acığını çıxmağa, Azərbaycan ərazisində diversiyalar törətməyə çalışacaqlar. Ermənilər artıq Azərbaycana qarşı kəskin addımlar atmağa çağırıblar.
Unutmaq olmaz ki, Dağlıq Qarabağ heç bir ölkə tərəfindən tanınmayıb, odur ki, Azərbaycanın icazəsi olmadan bu bölgəyə heç kəs iqtisadi yatırım qoymayacaq.
Azərbaycan bildirib ki, işğal olunmuş ərazilərə uçan bütün təyyarələri vuracaq və aviaşirkətləri öz laynerlərini və sərnişinlərini təhlükə altına salmamağa çağırıb. Aprel döyüşləri zamanı erməni texnikasını məhv etməklə Azərbaycan bütün bu deyilənlərin quru söz olmadığını sübuta yetirdi.
Bu addım iqtidarlı-müxalifətli bütövlükdə cəmiyyətin təqdir etdiyi addım idi. Davamlı olmasını da hər kəs arzulayır. Bakının Qarabağı azad edəcəyi günə çox qalmayıb...
Avropa.info-nun ekspert qrupu