İrəvandan savaşı tətikləyəcək addım – Bakıya unikal fürsət...
20-fev-2017Bu gün - fevralın 20-də Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı separatçı qurumda “konstitusiya islahatları” adı altında saxta referendum keçirməyi planlaşdırır. Bu təxribatçı addım, şübhə yox ki, qondarma “DQR”i beynəlxalq birliyə legitim qurum kimi sırımaq yönündə düşmənin növbəti hiyləsidir. Guya ki, dünyada bu adda da dövlət var, onun konstitusiyası var və o, hətta vaxtaşırı “parlament”, “prezident” seçkiləri, “referendum”lar keçirir.
Təbii ki, özünü aldatmadır. Birinci ona görə ki, Dağlıq Qarabağdakı qondarma qurumu bu günədək heç bir dövlət, hətta heç işğalçı Ermənistanın özü tanımayıb, tanımağa cürət etməyib - o ki ola hansısa ciddi, özünə hörmət edən dövlət. Əksinə, ermənilərin növbəti referendum tamaşası əks-effekt verərək, faktiki özünü ifşaya çevrilib.
Məsələ ondadır ki, artıq iri dövlətlər, bizə dost-müttəfiq ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə bir daha dəstək ifadə etməli olublar. Bu gün Qarabağda oynanılan referendum tamaşasının yeganə siyasi əhəmiyyəti əslində elə budur - ermənilərin iç üzü bir daha dünyaya faş olub, onların sülh istəmədiyi, regionu daima böyük müharibəyə təhrik etdikləri növbəti dəfə öz təsdiqini tapıb.
O sırada Rusiya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstan, İran, Avropa Birliyi işğalçının təhrikedici, sülhü daha əlçatmaz edən addımı ilə bağlı aydın mövqe ortaya qoyub, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini, “DQR” adında “müstəqil” qurumu tanımadıqlarını bəyan ediblər. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa nümayəndəsi məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib.
Diplomat qeyd edib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı digər ölkəsi, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. “Bundan irəli gələrək keçirilməsi nəzərdə tutulan referendumun nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və bu referendum Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə hər hansı təsir göstərə bilməz”, - deyə Fransa nümayəndəsi qeyd edib. Bundan əlavə, o, həmsədr dövlətlər adından vəziyyətin gərginləşməsinə xidmət edən addımdan çəkinməyə çağırış edib.
*****
Qeyd edək ki, erməni tərəf “referendum”la Dağlıq Qarabağın adını “Artsax” ifadəsinə dəyişmək istəyir. Ancaq aydındır ki, heç bir hüquqi qüvvəsi olmayan bu “referendum”u beynəlxalq birlik tanımayacaq. Demək, həm vasitəçi dövlətlər, həm də digər ölkələr “Dağlıq Qarabağ” adından istifadə etməkdə davam edəcək. Bununla belə, qanunsuz və beynəlxalq hüquqa zidd plebissit Azərbaycanda müharibə ab-havasını gücləndirəcək, cəmiyyətimizdə işğalçı ilə ayrı dildə danışmağın mümkünsüzlüyü rəyini qətiləşdirəcək.
Düşmən tərəfin xüsusilə bugünkü təxribatçı addımı fonunda Azərbaycanın tam haqqı çatır ki, nizamlama prosesini daima sabotaj edən təcavüzkarı cəzalandırmaq və yerində oturtmaq üçün ən radikal yola əl atsın, saxta referendumun baş tutmasını əngəlləsin. Elə məhz bu gün Azərbaycan referendum oyununu pozmaq üçün hərbi hərəkətlərə əl atarsa, tamamilə məntiqli görünəcək və heç bir beynəlxalq qınağa tuş gələ bilməz. Bu mənada 20 fevral münaqişə zonasında kritik bir gün, Bakı üçün unikal şans da sayıla bilər.
Siyasi analitiklər də ermənilərin işğal altında olan torpaqlarımızda növbəti referendum hoqqasından narahatdırlar. Məsələn, Müsavat.com-un məlumatına görə, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza hesab edir ki, bu hadisə konfliktin həllini daha da qəlizləşdirəcək: “Erməni tərəfinin bu hərəkətində münaqişənin tezliklə həllinə yönəlik istək və məntiq görünmür. Əksinə, ”referendum" problemin dinc həllinə heç cür kömək etməyəcək, prosesi yalnız mürəkkəbləşdirəcək", - deyə eks-diplomat qeyd edib.
“Bu ”referendum" mənasız bir iş olsa da, bölgədə gərginliyi artıra bilər. Ermənistanın belə bir həssas dönəmdə təxribatları davam etdirməsinin yalnız bir anlamı var: o da bilərəkdən müharibənin başlanmasına rəvac verməkdir". Bunu politoloq Elxan Şahinoğlu axar.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, saxta referendum reallıqda durumu dəyişməsə də, vəziyyəti gərginləşdirəcək: “Bir tərəfdən ”sülh"də maraqlı olduqlarını deyirlər, digər tərəfdən isə təxribatlarla məşğuldurlar. Bu halla barışmayacağıq. Azərbaycan artıq taktikasını dəyişib və Dağlıq Qarabağ ətrafındakı işğalçı qüvvələrin bütün postları, canlı və hərbi texnikası hədəfə alınır. Görünür, yenidən vəziyyəti bilərəkdən gərginləşdirməkdə maraqlıdırlar. Bu “referendum” çox mənasız bir iş olsa da, bölgədə gərginliyi artıracaq. Ermənistan bu təxribatı davam etdirməklə, əslində müharibənin başlanmasına birbaşa rəvac verir. Bir il əvvəl Ermənistan cəmiyyəti aprel müharibəsinin yenidən təkrarlanmasından qorxarkən rəsmi İrəvan Dağlıq Qarabağda “referendum” keçirməklə hərbi toqquşmanın tarixini yaxınlaşdırır".
***
Ancaq bütün hallarda Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, erməni separatçıların əsas arzusu ürəklərində qalacaq. Prezident İlham Əliyevin ötən həftəsonu “Əl-Cəzirə” telekanalına verdiyi müsahibə bu xüsusda Azərbaycan dövlətinin qətiyyətini bariz şəkildə ortaya qoyub. Ölkə başçısı bildirib ki, Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz: “Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalı, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq”, - İlham Əliyev qeyd edib.
Kəsəsi, erməni xalqına da əmin-amanlıq, tərəqqi və təhlükəsizlik vəd edən sülhü yaxınlaşdırmaq müstəsna olaraq ermənilərin özündən asılıdır. Əfsus ki, bu gün işğal altındakı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan saxta referendum ədalətli sülhü deyil, böyük savaşı yaxınlaşdırır.
Nə etməli, düşmən müharibə istəyirsə, onu da alacaq. Ancaq Qarabağı... heç vaxt!