Göyçayda rüşvət qalmaqalı: Göyçay Məhkəməsinin sədri 3240 manat yeyib? - Video
18-fev-2017“Göyçay rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev vəzifə səlahiyyətlərindən və savadsızlığımdan sui-istifadə edərək 3240 manat pulumu alaraq məni aldadıb”
Bunu Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Allahverdiyeva Vüsalə Teyyub qızı bildirib.
Şikayətçi müraciətində deyib: “Belə ki, iki nəfərin mənə borclu olduğu 17 000 manat pulumun geri alınması ilə bağlı iddia ərizəsi yazılması üçün Göyçay rayon Məhkəməsinə getdim.
Orada sədrin köməkçisi Ülkər Kərimova məni dinlədi və dedi ki, buna görə ilk növbədə 3240 manat dövlət rüsumu ödəməliyəm ki, iddia ərizəmə baxılsın. Ü.Kərimovaya inanaraq həmin məbləği borc alıb şahidlərin yanında ona verdim.
İddiama baxan hakim F. Əfəndiyev konkret və mötəbər sübutlarımı işə əlavə etmədən iddiamın təmin edilməsinə dair qətnamə çıxardı. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verdi. Şəki Apellyasiya Məhkəməsində hakim mənə bildirdi ki, sübutların burada yoxdur.
Həmin vaxt mənə məlum oldu ki, Göyçay rayon Məhkəməsinin hakimi F.Əfəndiyev qarşı tərəflə də danışaraq razılaşıb və məni aldadıb, 3240 manat pul alsa da qətnaməni başdansovdu çıxarıb. Təqdim etdiyim sübutları məhv edib. Hansı ki, mənə pul borcu olan şəxsin səs yazısı olan disk vardı ki, orada mənə borclu olduğunu etiraf etmişdir”.
Vətəndaş Politika.Az-a şikayətində təfsilatını yazıb: “Şəki Apellyasiya Məhkəməsi Göyçay rayon Məhkəməsinin qətnamsəsini ləğv etdi. Mən aldanıldığımı bilib Göyçay rayon Məhkəməsinə gəlib Ülkər Kərimovadan 3240 manat verdiyim pulumu geri tələb etdikdə, o, mənə bildirdi ki, həmin pul hakim Fərhad Əfəndiyevə çatıb, onluq heç bir iş yoxdur.
Mən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etdim. Mənim və şahidlərin ifadələrimiz alınıb. Bundan sonra hakim Fərhad Əfəndiyev məni şantaj etməyə başladı.
Məhkəməyə təqdim etdiyim sənəddə rəqəmləri artırıb özü 2 rəqəmi yazıb və bunu mənim etdiyimi əsas gətirərək barəmdə cinayət işi başlanılmasına cəhd göstərdi. Guya mən mülki işdə sübutları saxtalaşdırmışam.
Sonra hakim Fərhad Əfəndiyevin sifarişi ilə 3 nəfər öyrədilmiş şəxs mənim barəmdə şikayət etdilər və məni şantaj etməyə başladılar.
Buna görə məcbur olub 10 il işlədiyim Göyçay musiqi məktəbindən öz ərizəmlə işdən çıxdım və Bakı şəhərinə köçüb orada yaşamağa məcbur oldum. Burada da mobil telefonuma gizli nömrələrlə tez-tez zənglər edilib məni hədələyirlər.
Ü.Kərimovaya 3240 manat pul verməyimi təsdiq edən şahidlərim var. Hətta Ü.Kərimova həmin pulu məndən alan zaman onu da qeyd etdi ki, bu pul dövlət rüsumudur, Ədliyyə Nazirliyinə gedəcək nazir Fikrət Məmmədov qəbzi imzalayıb bura göndərəcək.
Başdansovdu çıxarılan qətnamə ləğv edildikdən sonra isə Ü. Kərimova iki nəfər şahidin yanında mənə dedi ki, pul sədr Fərhad Əfəndiyevə çatıb, get ondan istə. Bu korrupsioner cütlüyün qanunsuz əməlləri nəticəsində mənim 3240 və 17000 manat pulum əlimdən çıxıb.
Mən mətbuat vasitəsi ilə də ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edərək xahiş edirəm ki, məni aldadıb pulumu alan F. Əfəndiyevin və Ü. Kərimovanın barəsində tədbirlər görsünlər”. Qeyd edək ki, bu hakimin adı mətbuata tanışdır və bir neçə dəfə qalmaqallı olaylarda hallanıb.