Bu gün:
Xezer.info » Siyasət » Azərbaycan dünyanın nəbzini müəyyən edir - iki supergüc generalının Bakı görüşü

Azərbaycan dünyanın nəbzini müəyyən edir - iki supergüc generalının Bakı görüşü


Azərbaycan dünyanın nəbzini müəyyən edir - iki supergüc generalının Bakı görüşü
Fevralın 16-da dünyanın iki nəhəng dövlətinin ordu generallarının Azərbaycan paytaxtında bir araya gəlməsi günün əsas hadisələrindən biri oldu.

ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimovun görüşü 2014-cü ildən sonra Rusiya ilə ABŞ arasında baş tutan ən yüksək səviyyəli hərbi danışıqlardır və aylardır tərəflər belə bir görüşün reallaşması üçün müzakirələr aparırmış.

Rusiya Baş Qərargahı: “ABŞ-Rusiya əlaqələrinin hazırkı durumu müzakirə edilib”

ABŞ Baş Qərargahları mətbuat xidmətinin yaydığı ilkin məlumatda deyilirdi ki, görüşdə tərəflər müxtəlif məsələləri, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi müzakirə olunacaq. Digər mənbələr isə tərəflərin Suriyadakı hərbi əməliyyatları, İŞİD-ə qarşı birgə mübarizəni və Ukraynadakı situasiyanı, habelə son vaxtlar artan nüvə təhdidlərini və digər məsələləri müzakirə edəcəkləri xəbərini yayıb. ABŞ Baş Qərargahları mətbuat xidmətinin yaydığı ilkin məlumatda deyilirdi ki, görüşdə tərəflər müxtəlif məsələləri, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi müzakirə olunacaq. Bakı zirvəsində ABŞ-Rusiya münasibətləri ilə bağlı müzakirələrin aparıldığı da şübhə doğurmur. Bunu hələ görüşdən qabaq Moskvadan verilən açıqlama da təsdiqləyir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, Müdafiə Nazirliyi Pentaqon rəhbəri, “quduz köpək” ləqəbli məşhur dəniz piyadaları generalı Ceyms Mattisin “Birləşmiş Ştatlar Rusiya ilə güc mövqeyindən dialoq aparmaq niyyətindədir” bəyanatı ilə bağlı Amerika tərəfindən izahat gözləyir. ABŞ və Rusiyanın Baş qərargah rəisləri görüş zamanı böyük ehtimalla Suriyada İŞİD-ə qarşı birgə əməkdaşlıq məsələlərini, gələcəkdə hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə əməkdaşlığın bütün detallarını müzakirə edəcək. Bunu “Trend”ə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, Bakı Moskva və Vaşinqtonun rəsmi nümayəndələrinin görüşü üçün əlverişli məkandır: “Azərbaycan NATO-nun da üzvü deyil, lakin həm Rusiya ilə, həm də ABŞ ilə yaxşı əlaqələri var”.

Qəzet çapa gedərkən Rusiya Baş Qərargahına istinadən “İntefaks” qısa xəbər yayıb. Bildirilib ki, generalların görüşdə ikitərəfli əlaqələrin indiki vəziyyəti müzakirə edilib, fikir mübadiləsi olunub. O cümlədən regional təhlükəsizlik, Avropa, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətə dair müzakirələr aparılıb. Söhbət zamanı hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılması istiqamətləri müəyyən edilib.Habelə təmasların davamı barədə razılıq əldə olunub.

Prezidentlə görüş

Generallar günün ikinci yarısında baş tutan ikitərəfli görüşə qədər Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə bir araya gəlib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, prezident İlham Əliyev ABŞ-ın Baş Qərargahlar rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. C.Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.
Günün ikinci yarısında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da həm amerikan, həm də rusiyalı generalla görüşüb. Hər iki görüşdə generallar ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildiriblər.

***

ABŞ və Rusiyanın ordu rəhbərliyinin görüşü üçün niyə məhz Bakını seçməsi az qala müzakirə mövzuları qədər bir çox dairələri maraqlandırıb və geniş diskussiyalara səbəb olub. Məlumatlara görə, görüşün konkret harada kecirilməsi ilə bağlı ortaq anlaşma yox imiş. Nəhayət, ABŞ və Rusiya generaliteti belə mühüm və tarixi görüş üçün ortaq ünvan olaraq, Azərbaycanın - Bakının üzərində dayanıb.

Qeyd edək ki, bu, C. Danford və V. Gerasimov arasında ilk görüş idi. Bundan əvvəl onlar bir dəfə telefonla danışmışdılar.
Bəzi ehtimallara görə, bu, Azərbaycanın hazırda boranlı durumun hökm sürdüyü və ABŞ-la Rusiya maraqlarının toqquşduğu mürəkkəb Yaxın Şərq bölgəsinə, Suriyaya ən yaxın ölkə olması ilə əlaqədardır. Lakin ona qalsa, indilikdə həm Rusiya, həm də ABŞ-la normal münasibətlərdə olan NATO üzvü Türkiyə regiona daha yaxındır. ABŞ-ın Ərəbistan yarımadasındakı müttəfiqləri də böyük məmnuniyyətlə bu görüşü təşkil edərdi.

Görüş üçün niyə məhz Azərbaycan paytaxtının seçilməsinin səbəbindən bəhs edən “Nyu York Times” qəzetinin məlumatına görə, görüş yerinin seçimi heç də asan olmayıb. Qəzet ABŞ hərbi rəsmilərinə istinadən yazır ki, Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib. Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. Nəticədə, son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib. (APA)

Rusiya Müdafiə Nazirliyindəki mənbə isə “Vedemosti”yə bildirib ki, danışıqlarda “əvvəlcədən razılaşdırılmış məsələlər-Rusiya və ABŞ arasında hərbi sahədə əlaqələrin cari vəziyyəti, tərəflərin hərbi fəaliyyəti ilə əlaqəli insidentlərin qarşısının alınması” müzakirə olunur. Habelə danışıqlarda dünyanın böhranlı nöqtələrində təhlükəsizlik sahəsində fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, danışıqlar üçün Bakının seçilməsi təsadüfi deyil. Çünki Danford hazırda Yaxın Şərq regionuna səfərə çıxıb , Azərbaycan isə həm Rusiya, həm ABŞ-la hərbi sahədə yaxın münasibətlər saxlayır.

Bəzi ehtimallara görə, bu, Azərbaycanın hazırda boranlı durumun hökm sürdüyü və ABŞ-la Rusiya maraqlarının toqquşduğu mürəkkəb Yaxın Şərq bölgəsinə, Suriyaya ən yaxın ölkə olması ilə əlaqədardır. Lakin ona qalsa, indilikdə həm Rusiya, həm də ABŞ-la normal münasibətlərdə olan NATO üzvü Türkiyə regiona daha yaxındır. ABŞ - ın Ərəbistan yarımadasındakı müttəfiqləri də böyük məmnuniyyətlə bu görüşü təşkil edərdi.

O cümlədən də, Güney Qafqazdakı digər ölkələr Gürcüstan və Ermənistanda da belə bir zirvənin baş tutması tamamilə mümkün idi. İrəvan həm Rusiyaya yaxındır, onun forpostudur, eyni zamanda beynəlxalq erməni lobbisi Amerikada böyük nüfuza, təsir gücünə malikdir. Bütün bu seçənəklər sərasında məhz Azərbaycanın seçilməsi onu göstərir ki, ölkəmizin mövcud göstəriciləri və Azərbaycan hakimiyyətinin balanslı xarici siyasəti bütün “konkurs şərtləri”ndən daha yüksəkdə dura bilən göstəricilər formalaşdıra bilib. Azərbaycan illərdir həm Rusiya, həm də ABŞ-la bərabər məsafəli, normal münasibətlər saxlaya bilir. Hətta Bakının Amerika və Rusiya ilə münasibətlərini qardaş Türkiyənin iki güc mərkəzi ilə analoji əlaqələrindən daha balanslı hesab eləmək olar. Üstəlik, Azərbaycan hazırda dünyanın ən təhlükəsiz ölkələrindən biridir.

Hər halda gerçək belədir ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın və yaxşı münasibətlər qurub və qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Azərbaycan prezidenti İlham Əliyevin istər ABŞ prezidenti Donald Tramp, istərsə də Rusiya prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri mövcuddur. Hər iki liderin Azərbaycanın dövlət başçısı ilə əlaqələrə mühüm önəm verməsi də faktdır. Görünən budur ki, rəsmi Bakının yürütdüyü siyasət öz nəticəsini verib və artıq beynəlxalq güclər sivilizasiyalararası dialoqun mərkəzinə çevrilən Bakıda ziddiyyətli hərbi-siyasi müzakirələrin aparılması üçün də ən münasib məkan olaraq seçirlər. Bu, həm də ABŞ və Rusiyanın beynəlxalq dialoq üçün meydana çevrilən Bakıya etibarlı müttəfiq olaraq verdikləri önəmin və göstərdikləri etibarın göstəricisi sayıla bilər. Generalların zirvə görüşünə Bakının ev sahibliyi etməsini Ermənistanla müharibə vəziyyətində olan ölkəmizin növbəti siyasi-diplomatik uğuru da saymaq olar. Eyni zamanda hadisənin blogger Aleksandr Lapşinin Bakıya ekstradisiyasının ardınca İrəvanın Qarabağla bağlı təbliğat maşınına vurulan növbəti zərbə adlandırmaq mümkündür.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ və Rusiya baş qərargah rəislərinin Bakıdakı görüşü Ermənistanı pat vəziyyətinə salıb: “Ermənilər anlamırlar ki, bu cür mötəbər təmas üçün iki böyük dövlət niyə Azərbaycanın paytaxtını seçib? Bir tərəfdən paxıllıq hissi, digər tərəfdən Azərbaycanın bölgədə artan rolunu həzm edə bilmirlər. Rəsmi İrəvan ümid edirdi ki, ABŞ və Rusiya Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq üçün hərbi təzyiqinə qarşı sərt mövqe ortaya qoyacaqlar, onlar isə tam əksinə, Bakıya danışıqlar məkanı kimi etibar edirlər. Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır”.

Ekspertlər nə deyir?

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov deyib ki, görüşün Bakıda keçirilməsi Rusiya tərəfindən təklif olunub. Çünki Rusiya həmişə öz müttəfiqlərini irəli çəkir. Onun sözlərinə görə, Vaşinqton və Moskva Bakıda İŞİD-ə qarşı birgə əməkdaşlığı, hərbi əməkdaşlığn gələcək perspektivlərini müzakirə edəcək.

“ABŞ və Rusiyanın hərbi komandanlığının iki generalının Bakıda-Azərbaycan paytaxtında görüş keçirməyə razılaşması siyasi və təhlükəsizlik baxımından son illərin ən mühüm beynəlxalq hadisələrindən biridir”.

Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında belə dedi. O, qeyd etdi ki, beynəlxalq ekspertlərin diqqətindən yayınmayan bir cəhəti ayrıca vurğulamaq yerinə düşər: “İkinci Dünya Müharibəsinin hərbi teatrından xeyli kənarda-Tehranda böyük dövlət başçıları arasında gedən tarixi görüşlərlə indi Bakının yüksək danışıqlar paytaxtı kimi seçilməsi arasında paralellər rəmzi oxşarlıqdan daha böyük mənaya malikdir. Çünki ötən illər ərzində Azərbaycan çox mühüm beynəlxalq münasibətlərinin çözülməsində misilsiz rol oynayıb. Adətən, dövlətləri beynəlxalq münasibətlərin subyektinə çevirən məhz böhran dövründə onların necə hərəkət etmək qabiliyyətdir”.

Z.Oruc qeyd etdi ki, rəsmi Bakı dayanıqlı siyasi davranışları ilə nəinki yaxın müttəfiqləri arasında biri-digərinə qarşı savaşın forpostuna çevrilməkdən uzaqda dayana bilib, eləcə də sonralar məhz tənzimləyici rolu ilə qlobal təhlükəsizliyə töhfə verib: “Nüvə qalmaqalı çözülməyən İranla Qərb arasında gedən informasiya-siyasi müharibəsində, yaxud Rusiya-Türkiyə arasındakı amansız qarşıdurmanın normallaşmasında Azərbaycanın rolu əvəzsiz idi. Tel-Əviv və Ankara arasında mavi Mərmərə gəmisi ilə yaranmış ixtilaflar da dediklərimizin üzərinə gələ bilər. Bir sözlə, Bakını hazırki görüşlərin yalnız formal ev sahibliyi, yaxud dünya informasiya kanallarında siyasi reklamdan daha böyük mənafelərinin olduğunu unutmaq lazım deyil. Azərbaycan Qarabağ münaqişəsinin həllində Amerika və Rusiya generallarının məhz Bakıda görüşməsini arzu edərdi. Çünki Yaxın Şərq və yaxud İranla bağlı qərarların nəticəsindən asılı olmayaraq, tərəflər Türkiyə, Gürcüstan, Ermənistanda deyil, məhz Azərbaycanda görüşməklə Qafqazda hansı ölkənin həqiqi müstəqilliyə malik olduğunu bir daha təsdiq ediblər. Ona görə biz son tarixi görüşün nəticələrinin uğurlu olmasında hamıdan çox maraqlıyıq”.

Politoloq Hikmət Hacızadə isə generalların görüşündə yalnız Suriya məsələsinin müzakirə mövzusu olmadığını bildirdi: “O cümlədən Ukrayna məsələsi də müzakirə oluna bilər. İran məsələsi də mütləq müzakirə olunub. Mənə elə gəlir ki, ABŞ Rusiyaya bəzi yerlərdə güzəşt gedib. İrani onun əlindən almaq planını işə salıb. Bu, çox mühüm bir məsələ olardı. Həmçinin ABŞ-Rusiya münasibətləri də müzakirə mövzusu olub”. Bakının görüş yeri seçilməsinə gəldikdə, H.Hacızadə “Azərbaycan burada öz neytrallığına və coğrafi mövqeyinə görə seçilib. Azərbaycan alovlanan Yaxın Şərqin ən stabil ölkəsidir”-dedi.
Qeyd edək ki, amerikalı general C.Dunford fevralın 17-də Türkiyəyə səfər edəcək. Publika.az “Hürriyyət”-ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin müdafiə naziri Fikri İşık bildirib. \\musavat.com\\