İlham Əliyev müavinəti artırdı, Əli Kərimlinin cavabı verildi
16-fev-2017İlham Əliyev qaçqın və məcburi köçkünlərin daxili siyasətində prioritet olduğunu bir daha isbat etdi
Dövlət başçısı iqtisadi böhrana və büdcə gəlirlərinin azalmasına baxmayaraq, yurd-yuvasından didərgin düşmüş insanların sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində növbəti mühüm addım atdı.
Söhbət qaçqınlara verilən 36 manat müavinətin 56 manata qaldırılması barədə fərmana edilən dəyişiklikdən gedir. Köçkünlərin kommunal xərclərinin ödənilməsinə böyük dəstək olan bu dəyişiklik qarşıdakı dövrdə müavinətin artırılacağını xəbər verir.
Eyni zamanda “Qaçqınkom” məcburi köçkünlərə olan həssas münasibətini bir daha göstərdi. Həqiqətən də ən vacib məqamda dövlətdən qaçqınlara dəstək gəldi və gərginliyə son qoyuldu.
Politika.Az anvarın 31-də yazmışdı ki, müavinətlər artırılacaq və xəbərimiz təsdiqini tapdı. Yazmışdıq ki, prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmana düzəliş oluna bilər.
Hökumət məcburi köçkünləri narazı salmaq istəmir. Ölkə rəhbərliyi hər zaman bu təbəqəyə qarşı həssas və diqqətli olub.
Məcburi köçkünlərə ayrılan vahid müavinətdən sonra deputatlara təlimat verilib ki, onlarla tez-tez görüşsünlər, problemlərini dinləsinlər, narazı qaçqın ordusu yetişməsinə zəmin yaratmasınlar.
Bu arada müxalif düşərgədən gələn fikirlərə münasibət bildirilib. “Təəssüflər olsun ki, bəzi müxalif qüvvələr çıxış edirlər ki, 20 gün bundan qabaq imzalanan fərmana nə üçün dəyişiklik edilməlidir? Əli Kərimli çox böyük səhv edir, onun şüur səviyyəsi elə ora qədərdir”.
Bunu Cəbrayılda jurnalistlərə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyevin yanvarın 23-də imzaladığı fərman 3-5 günə ortaya çıxmayıb:
“Cənab Prezidentin tapşırığına əsasən 4 ay əvvəl "Qaçqınkom" və digər aidiyyatı qurumlar həmin fərman üzərində çalışırdı. 2016-cı ilin dekabr ayında fərmanın ilkin variantı hazır oldu və müzakirələr zamanı bu sual xüsusilə "Qaçqınkom" tərəfindən qoyulmuşdu. Cənab Prezidentin də məlumatı var idi. Bəzi məcburi köçkünləırin yaşadığı yerlərdə təbii qaz yoxdur.
Elə yaşayış yerləri də var ki, qaz, su, işıq var amma sayğacların quraşdırılması üçün şərait yoxdur. Harada qaz yoxdursa, təbii ki, orada elektrik enerjisi sərfiyyatı çox olacaq. Lakin biz dekabr ayında konkret rəqəmləri ortaya qoya bilmirdik.
Ona görə də Prezident İlham Əliyev 30 gün muddətində yenidən vaxt verdi ki, aidiyyatı qurumlar və yerli icra hakimiyyəti orqanları ilə birlikdə monitorinq aparılsın. Qaz olmayan yataqxanalar, pansianatlar, yarımçıq tikililər, qazı, suyu, işığı olan, sayğacların quraşdırılması mümkün olan yerlər müəyyən edildi. Burada söhbət kompakt, yəni 50-100 ailənin birlikdə yaşadığı yerdən gedir.
Biz yanvar ayında artıq real sərfiyyatı Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə müəyyənləşdirdik və Prezident İlham Əliyevə məruzə etdik. Yanvar ayının 1-dən qaz, su, elektrik enerjisi olan, sayğac quraşdırmaq mümkün olmayan yerlərdə ödəniş əvvəlki qaydada olacaq”.
Politika.Az xəbər verir ki, son günlər mediada məcburi köçkünlərlə bağlı müzakirələr gedir, müxtəlif fikirlər səslənir, təkliflər irəli sürülür. Qaçqınların heysiyyatına toxunan tezislər də mətbuat səhifələrində görünür ki, iqtidar kifayət qədər həssaslıq nümayiş etdirir.
Məlumatda deyilir ki, Elman Məmmədov, İmamverdi İsmayılov, Astan Şahverdiyev, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Aqil Abbas, Flora Qasımova, Cavid Qurbanov, Bahar Muradova qaçqın rayonların millət vəkilləridir.
Onların arasında A.Şahverdiyev çıxışı ilə qalmaqal yaratmışdı. Bundan sonra deputatlara diqqətli olmaq və regionlara tez-tez səfərlər etmək tapşırılıb.
Əgər hansısa qaçqından şikayət daxil olarsa, Prezident Administrasiyası tərəfindən həmin millət vəkilinə xəbərdarlıq olunacaq və limit dosyesinin üstünə bir “quş” qoyulacaq.
"Cənab prezident İlham Əliyev bu məsələ ilə bağlı yaranmış anlaşılmazlıqların mahiyyətini dərindən araşdırandan sonra belə bir qərar qəbul etdi”. Bunu Xocalının deputatı Elman Məmmədov deyib.
O bildirib ki, prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər şəxslərin sosial müdafiəsi ilə bağlı imzaladığı növbəti fərman, ancaq aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.