Bu gün:
Xezer.info » Bu gün » Tarif Şurasından "dərman qıtlığ"ına münasibət

Tarif Şurasından "dərman qıtlığ"ına münasibət


Tarif Şurasından "dərman qıtlığ"ına münasibət
Bəzi kütləvi informasiya vasitələrində ölkədə dərman vasitələri bazarında qıtlıq müşahidə edildiyi, qiymətlərin günbəgün bahalaşdığı barədə periodik şəkildə məlumatlar dərc olunur.

"Report"un məlumatına görə, bu barədə Tarif (qiymət) Şurasının Katibliyinin yaydığı açıqlamada qeyd olunub.

Məlumatda bildirilib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qeydiyyatından keçmiş dərman vasitələri aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır: "Faktiki satışda olan dərman vasitəsi aktiv, satışda olmayanlar isə passiv dərman vasitəsi hesab olunur. Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur. Ölkəmizdə gün ərzində satılan dərman vasitələrinin sayı yüz minlərlə ifadə olunur və hansısa aptekdə, hansısa ticarət adında dərman vasitəsinin olmaması qıtlıq demək deyil. Passiv olan dərman vasitələrinin də eynitərkibli, eyni xəstəliklərin müalicəsi baxımından müxtəlif alternativləri mövcuddur".

Açıqlamada vurğulanıb ki, dərman vasitələrinin qiymətləri aydın və şəffaf mexanizmlə tənzimlənir: "Mövcud mexanizmdə idxalçıların hansısa dərman vasitəsini süni şəkildə passiv vəziyyətə gətirməklə qiymət artımı üçün "təzyiq edərək" nəticə almaları mümkün deyil və bu barədə məlumatların heç bir əsası yoxdur. Dərman vasitələrinin mütləq əksəriyyətinin idxal olunduğu nəzərə alınaraq, hazırki şəraitdə əsas amil rolunda manatın məzənnəsindəki ciddi dəyişikliklər çıxış edir. Bununla belə, dərman vasitələrinin qiyməti məzənnə dəyişikliyi də tətbiq olunan mexanizmlə aydın şəkildə tənzimlənir. Məzənnədə kəskin artım olduğu təqdirdə etibarlı təchizatın təmin edilməsi, azalma olduğu təqdirdə isə istehlakçıların maraqlarının qorunması baxımından vəziyyət diqqətdə saxlanılmaqla qiymətlər manatın məzənnəsinə uyğunlaşdırılır. Məlum olduğu kimi, dərman vasitələri üzrə son qiymət tənzimlənməsi ötən ilin noyabrın 28-də həyata keçirilmiş və həmin tarixdən sonra tənzimlənmiş qiymətlərdə dəyişiklik olmamışdır. Manatın hazırki məzənnəsi də (1,7301 manat/ABŞ dolları) həmin tarixə olan məzənnəyə uyğundur. Aydındır ki, manatın məzənnəsi iki il əvvəlki səviyyədə olsaydı, dərman vasitələrinin qiyməti manatla ifadədə hazırkı səviyyədən də ən azı iki dəfə aşağı olacaqdı".

"Dəfələrlə qeyd edilməsinə baxmayaraq, əksər hallarda bioloji fəallığa malik qida əlavələri bəzi KİV-də dərman vasitəsi kimi təqdim olunur, müxtəlif apteklərdə bir-birindən kəskin fərqlənən və baha qiymətlərlə satıldığı bildirilir. Bir daha vurğulayırıq ki, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə istifadə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyildir və qiymətləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət tərəfindən tənzimlənmir. Bioloji fəallığa malik qida əlavələrinin qiymətlərinin bir sıra hallarda qəpiklə ifadədə dəqiq göstərilməsi (məsələn, 15,03 manat) dövlət tərəfindən tənzimləndiyi təəssüratını yaratsa da, həmin qiymətlər dövlət tərəfindən tənzimlənmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır, üzərində və içlik vərəqlərində aydın şəkildə "dərman vasitəsi deyildir" sözləri yazılmalıdır. Reklam edilərkən də onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir. Aydındır ki, dərman vasitəsi olmadığından və qiyməti tənzimlənmədiyindən bioloji fəallığa malik qida əlavələrinin adı Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən dərman vasitələrinin qiymət cədvəlinə də daxil edilməmişdir. Dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (tariff.gov.az) "Dərman vasitələri" bölməsində, həm də İqtisadiyyat və Səhiyyə nazirliklərinin rəsmi internet səhifələrində yerləşdirilmişdir. İstehlakçılar həmin qiymət cədvəlini mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi də istifadə edə bilirlər. Beləliklə, aptekdən dərman vasitəsi alan zaman istehlakçıya qiymətin tənzimlənmiş qiymətlə eyni olub-olmadığını müəyyən etmək imkanı yaradılmışdır və fərqli qiymətlə qarşılaşdıqları təqdirdə İqtisadiyyat Nazirliyinin "Çağrı mərkəzi"nə (195-2) dərhal bu barədə məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.

Açıqlamada bildirilib ki, müxtəlif ölkələrin minə yaxın müəssisəsinin istehsalı olan dərman vasitələri ölkəmizdə qeydiyyatdan keçib və dərman vasitələrinin idxalı 50-dən çox fəal idxalçı tərəfindən həyata keçirilir: "Dərman vasitələrinin qiymətlərinin sərbəst buraxılacağı təqdirdə daha optimal səviyyədə olacağına dair təkliflərlə bağlı bir daha qeyd edirik ki, dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə qiymətlərin sərbəst buraxılması nəinki qiymətlərin aşağı düşməsini təmin etmir, əksinə qiymətlərin qalxmasını stimullaşdırır. Məhz bu səbəbdən inkişaf etmiş və liberal Avropa ölkələrində də qiymətlər dövlət tərəfindən tənzimlənir. Tətbiq olunan mexanizmə əsasən, istehsalçı daha aşağı qiymətin təsdiq olunmasını istəyirsə, bunun üçün müvafiq qaydada müraciət edir və qiymət yenidən endirilir. Göründüyü kimi, mövcud mexanizmdə qiymətlərin endirilməsi istiqamətində rəqabət mümkündür. Qiymətlərin liberallaşdırılması dedikdə qiymətlərin bahalaşdırılması imkanı nəzərdə tutulursa, qiymətlərin dövlət tənzimlənməsi də məhz bunun qarşısını alır.

Tarif (qiymət) Şurası bir daha kütləvi informasiya vasitələrinə diqqətli olmağı, məsələnin sosial baxımdan həssaslığını nəzərə alaraq əhali arasında çaşqınlıq yarada biləcək məlumatları dərc etməkdən çəkinməyi tövsiyə edir".