Bu gün:
Xezer.info » Siyasət » İcra başçısının Biləsuvarı kimlərə satdığı bilindi - Şok siyahı

İcra başçısının Biləsuvarı kimlərə satdığı bilindi - Şok siyahı


İcra başçısının Biləsuvarı kimlərə satdığı bilindi - Şok siyahı
Biləsuvarda torpaqların məmurlar arasında peşkəş olunması aranı qarışdırıb. Rayon rəhbərliyi ilə yerli camaat arasında gərginlik hökm sürür.
İcra hakimi Mahir Quliyevin özbaşına əməlləri barəsində prezident İlham Əliyevə və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə biləsuvarlılar adından müraciət hazırlanır. Bu məktub isə PA rəhbəri ilə ölkə başçısının müşavirələrdə icra başçılarına etdiyi xəbərdarlıqdan az sonrakı dövrə təsadüf edir. Sakinlərin hazırladığı müraciətdə torpaqların konkret olaraq hansı məmurlara baışlandığı və ya satıldığı müfəssək şəkildə açıqlanıb. Bu barədə “Gündəm-Xəbər” qəzetinə yerli sakinlərin verdiyi məlumatda ciddi narazılığın olduğu və qanunsuzluqlara yol verildiyi qeyd olunur. Habelə, rayonda torpaqları əllərindən alınmış camaatın etiraz aksiyası keçirəcəyi də istisna olunmur. Amma buna qədər Biləsuvar sakinləri ölkə rəhbərliyinin onların müraciətinə cavabını gözləyəcək. Çünki rayon sakinləri Biləsuvarda cəbrayıllı köçkünlərin aksiyasının ardınca növbəti qarışıqlıq istəmir. Onlar ümid edirlər ki, prezident səviyyəsində məsələyə müdaxilə olunacaq və Mahir Quliyevin özbaşınalıqlarına son qoyulacaq. Bəs bu qanunsuzluqlar nədən ibarətdir?

Mahmud Quliyev də var?

“Gündəm-Xəbər” qəzetinə verilən məlumatda bildirilir ki, Biləsuvarın icra başçısı Cəlilabad, Cəbrayıl, İmişli və s. regionlarda ayrı-ayrı məmurlara camaatın torpaqlarını satıb. Şübhə doğurmur ki, Mahir Quliyev özünü də düşünüb, hektarlarla ərazi ayırıb. Amma ilk növbədə qonşu rayonlardakı məmurlar pay götürüb. M.Quliyevin bu əməlləri barəsindən xəbər tutan sakinlər dəfələrlə Biləsuvar RİH-nə müraciət edib, xəbərdarlıq şəklində ismarıc göndərib, qanunsuzluğa son qoymağa çağırıb. Di gəl ki icra başçısı heç kəsi saymayıb. Buna görə də vəziyyət mürəkkəbləşib və sakinlər prezidentə yazmaq məcburiyyətində qalıb. Əldə etdiyimiz xəbərlərdə deyilir ki, Cəbrayılın keçmiş başçısı Mahmud Quliyev də zamanında Mahir Quliyevdən xeyir görüb. Ona da hektarlarla torpaq satılıb. Bütün bunlar əndazəni aşıb, İmişlidə, Cəlilabadda məmurların adlarına torpaq sahələri sənədləşdirilib. Bu zaman kənd sakinlərinin hüquqları pozulub. İddialara görə, torpaqları zəbt etmiş məmurlar arasında ayrı-ayrı rayonların prokuror, maliyyə rəisi, idarə müdirləri, icra nümayəndələri, icra başçıları var.

İcra başçısının Biləsuvarı kimlərə satdığı bilindi

25 min hektar və fərmana zidd

“Gündəm-Xəbər” qəzetinə verilən məlumatda bildirilir ki, Mahir Quliyev 25 min hektara yaxın əkin və otlaq sahələrini biləsuvarlıların əlindən alıb. Prezidentin verdiyi göstərişə əsasən növbəti əkin ili üçün 12000 hektar pambıq, 3000 hektar çuğundur əkilməsi məqsədi ilə boş olan sahələr ayrılıb. Buna baxmayaraq, biləsuvarlıların əkin və heyvandarlıq məqsədi ilə istifadə etdiyi əkin və otlaq sahələri Mahir Quliyev tərəfindən işğal olunub. Bu torpaqlardan 800 hektar sahədə Mahir Quliyev artıq özü üçün taxıl əkdirib. Baş verənlərlə bağlı sakinlərin nəzəri müraciəti mətbuatda tirajlanıb. Amma yeni detallı müraciət hazırlanır ki, mətndə hər şey açıq-aşkar izah olunacaq. Sakinlər güman edir ki, məktubda məmurların adlarını açıqlamaqla problemin daha dərininə varmaq mümkün olacaq. Bildirək ki, prezident İlham Əliyev “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Sərəncam torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir. Azərbaycanda əkinə yararlı iri torpaq sahələrini zəbt edən məmurların siyahısı hazırlanır. Belə məlum olur ki, əksəriyyəti yüksək vəzifəli şəxslər olmaqla, əkin sahələrini ələ keçirib orada dəbdəbəli villalar ucaldan xeyli şəxs var. Hazırda yüzminlərlə hektar əkinə yararlı torpaq faktiki olaraq ya təyinatı üzrə tamamilə istifadəsizdir, ya da orada şəxsi mülklər, imarətlər inşa olunub. Bu torpaq sahələri ilə bağlı məsələyə son vaxtlar ölkə başçısı İlham Əliyevin çıxışlarında da tez-tez toxunulur .

“Sahil”də ofisiantlıqdan “parnik”ədək

“Gündəm-Xəbər” qəzetinə verilən məlumatda bildirilir ki, Mahir Quliyevin karyerası ofisiantlıqdan başlanıb bə biznes işində səriştəli adamdır. Onun Bakıda “Sahil” restoranında işləməsi ictimaiyyətə sirr deyil və bunu təsdiqləyən vikipedik məlumat da var. Üstəgəl, ofisiantlıqdan icra hakimiyyətinə gedən yolda böyük maneələri aşmağa müvəffəq olub. Bu üstünlüyü və ustalığı sayəsində yuxarı dairələrdə özünə dayaqlar qazanıb. Bəzi qüvvələrin gözünə girən və iş qabiliyyəti xoşuna gələn himayəçilər onun vəzifə yüksəlişinə səbəb olublar. Nəticədə günün birində Astaraya, bir müddət sonra Biləsuvara icra hakimi təyin olunub. Yeri gəlmişkən, Mahir Quliyev illərdir ki, bir həqiqəti gizlədir: Biləsuvarın əsas girişində Əliabad, Xırmandalı və Bəydili kəndlərindən keçən yolun bir neçə il əvvəl təmir edilmiş asfalt örtüyü daxil olmaqla, sadaladığımız kəndlərin bir zamanlar fəsadsız asfalt yolları, həmin yolu öz gözəl mənzərəsilə əhatə edən yaşıl ağacları yoxdur. Çünki qeyd etdiyimiz kənd yollarının bərbad olması, avtomobil hərəkəti üçün çox yararsız olması birbaşa icra başçısına sərf edir. Səbəb isə budur ki, Mahir Quliyev Bakı-Astara magistral yolundan keçərkən heç kimin Biləsuvarın əsas girişindən istifadə edərək, rayonun içərisinə doğru keçməsini önləməkdir. Əliabad, Xırmandalı və digər kənd yollarının üzərində bir vaxtlar kəndlilərə məxsus olmuş, sonradan isə, başçı tərəfindən zəbt edilmiş torpaqlarda onun yaratdığı ucsuz-bucaqsız istixanaları görməsini istəmir. Nəticə olaraq, yuxarıda qeyd etdiyimiz səbəblərdən uzun zamandır ki, kənd yollarının bərbad olması icra başçısı üçün çox əlverişlidir. Əgər möhtərəm Prezidentimiz Biləsuvara girişi zamanı əsas girişdən gələrsə, təbii ki, icra başçısının bu kəndlərdə yerləşən gizli biznesi ölkə başçısının diqqətindən yayınmayacaq.

PA tərəfindən təftiş

“Gündəm-Xəbər” qəzetinə verilən məlumatda bildirilir ki, icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar yuxarı dairələrin diqqət mərkəzindədir. M.Quliyevin fəaliyyətinin təftişinə başlana və Hesablama Palatası tərəfindən ciddi şəkildə araşdırıla bilər. Eyni zamanda onun bu qədər tənqid və ittiham dolu faktlardan sonra vəzifəsini itirmək təhlükəsi realdır. Yerli camaatın saysız-hesabsız müraciətləri və PA-ya göndərdikləri məktublar artıq nəzarətdədir və müəyyən nəticələr çıxarılmaqdadır. İcra başçısı Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib. İlk növbədə açıqlamalarda vurğulanır ki, bu gün Biləsuvarda müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda Mahir Quliyevin təpkisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, dərhal icra başçısı və ya onun yaxınları tərəfindən nəzarətə götürülür. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. İcra başçısı ölkə prezidentinin müvafiq göstərişlərinə zidd hərəkət edərək, rayonda sosial gərginliyin əmələ gəlməsinə şərait yaradır. Daxil olan məlumatlarda vurğulanır ki, bu gün Biləsuvarın iqtisadiyyatında elə bir sahə tapmaq mümkün deyil ki, həmin sahə Mahir Quliyevin “maraq dairəsinə” daxil olmasın. İcra başçısı rəhbərlik etdiyi rayonda bütün sahələrdə biznes şəbəkəsi formalaşdırıb. Biləsuvar rayonunda dövlət tərəfindən ayrılan sosial yardımların da yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılıb onlarla yarı bölündüyünü vurğulayırlar. Həmçinin rayon camaatının torpaq problemi də var. Əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkirlər. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir.

İşıq idarəsi də satılıb

Başqa bir məlumatda isə bildirilir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur. Mənbənin bildirdiyinə görə icra başçısı Mahir Quliyev rayona ayrılan büdcə pullarının talan edilməsində addımbaşı ittiham olunur. Hətta RİH binası yaxınlığındakı işıq idarəsinin binasını da icarəyə verib. Mərkəzi parkdakı ərazini isə satıb. Əgər Mahir Quliyev bir-iki il də vəzifədə qalarsa, o zaman Biləsuvarda ümumiyyətlə yaşayış mümkünsüz bir həddə çata bilər. Elə biləsuvarlılar da bunu bildiklərindən indidən həyəcan təbili çalaraq, dövlət başçısı İlham Əliyevdən yardım istəyirlər. RİH-nin mövqeyini dərc etməyə hazırıq.