Hakimiyyət hərəkətləndi: Torpaq satan başçı və bələdiyyələr vəlvələdə - Şok siyahı
08-fev-2017Prezidentin məmurlar tərəfindən zəbt edilmiş torpaqların geri qaytarılması barədə fərmanı icra olunmağa başlanır
Hakimiyyət əkin sahələrini zəbt edən və malikanələr tikən məmurlarla haqq-hesab çəkməyə hazırlaşır.
Hazırda ən çox hansı ərazilərdə qanunsuz torpaq satışının həyata keçirilməsinin siyahısı tərtib olunur. İlkin siyahı mətbuatda yayımlanıb. Ancaq bununla məsələ kifayətlənmir. Torpaqların zəbti ilə bağlı real işlər görüləcək.
İqtidar məmur ordusunun özbaşınalıqlarına görə aqrar sektorun məhv olmasını istəmir. Çünki neft erası bitib və qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır.
Məlumatlara görə, bəzi məmurlar təşviş içindədir. Xüsusi ilə torpaqları satan bələdiyyə sədrləri və icra başçılarının canına vəlvələ düşüb.
Artıq Azərbaycanda 2016-cı ildə torpaqların qanunsuz satışı və icarəyə verilməsi ilə məşğul olan bələdiyyələrin adları məlum olub.
Bu sıraya Bakı şəhəri Sabunçu bələdiyyəsində 900 min manata yaxın pul vəsaitinin qanunsuz silinməsi və minimum bazar qiyməti 1.5 milyon manatdan çox olan 3.8 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququ tanınmadan və müvafiq icra hakimiyyəti orqanlarının rəyləri olmadan 81 manata satılması qeydə alınıb.
Qala bələdiyyəsində 60 min manata yaxın pul vəsaitinin qanunsuz xərclənməsi, bələdiyyənin mülkiyyət hüququ tanınmadan, müvafiq icra hakimiyyətləri orqanlarının rəyləri olmadan minimum bazar qiyməti 535 min manata olan 5.4 ha torpaq sahəsinin 87 min manata satılması, Qobu bələdiyyəsində 900 min manatdan çox pul vəsaitinin qanunsuz silinməsi və satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid 20 ha torpaq sahəsinin satılması aşkarlanıb.
Politika.Az-a daxil olan məlumata görə, Şamaxı rayonu üzrə Dədəgünəş, II Cabanı, Keçməddin və Həmyəli bələdiyyələrində satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ümumilikdə 205 ha torpaq sahəsinin 131 min manata satılması müəyyən edilib.
Göygöl rayonu Zurnabad bələdiyyəsində, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsində oxşar faktlar aşkarlanıb.
Bu gün Azərbaycanda əkinə yararlı torpaq çatışmazlığı müşahidə olunmaqdadır. Elə ərazilər də var ki, onlar yüksək vəzifə sahibləri, məmurlar, nazirlər tərəfindən zəbt olunub.
Qəsb edilən yerlərdə villalar ucaldılıb. Əkin üçün nəzərdə tutulan ərazilərdə yüksək çinli məmurlar istirahətlə məşğuldurlar.
Bu siyahıda icra başçıları, nazir və komitə sədrləri, deputatlar var. Məsələn, Beyləqan, Lerik, Astara, Şəki, Ağcabədi, Sabirabad, Saatlı, İmişli və Hacıqabul, Ucar və Qubada məmurlar hektarlarla ərazini ələ keçirib.
Bu rayonlarda icra hakimləri əkin sahələrini ələ keçiriblər, Göygöl və digər bölgələrdə torpaqları işğal ediblər. Hazırda belə şəxslərin siyahısı hazırlanır, bu isə bir çox məmurlara baha başa gələ bilər.