AAAF Park” minlərlə sakini evinə köçə bilmir - 798 manatlıq bəla
17-yan-2017“AAAF Park” bu günlərdə yeni kampaniyaya başlayıb. İlkin ödəniş 20 faiz olmaqla 10 illik kreditlə mənzillər satışa çıxarılıb
Amma şirkət unudub ki, yaşayış kompleksinin minlərlə sakini hələ də evinə köçə bilmir. Bu gedişlə onların mənzillərində tezliklə məskunlaşması uzun çəkəcək. Onların problemini fikirləşməyən şirkət yeni-yeni mənzillər satmağa başı qarışıb.
Məlumat verən bir qrup payçı qeyd edir ki, şirkət çıxılmaz vəziyyətlə qarşılaşıb. “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyi kompleksindən ev alanların boynuna sayğac pulunu biçib deyə firma nə edəcəyini bilmir. Bu vəsait də az deyil.
Sakinlər işıq, qaz və suya smartkart sayğacların quraşdırılması üçün nə az, nə çox 798 manat ödəməlidir. Hər mənzildən təqribən 800 manat tələb olunması şirkətlə vətəndaşları üzbəüz qoyub.
İndiki ağır dövrdə bu məbləği ödəmək çox çətindir. Kimisi ödəsə belə, kütləvi şəkildə hamı 798 manat verə bilmir deyə su, qaz və işıq problemi yaşanır. Sakinlər gözləyir ki, yay gəlsin, qaz və işığa tələbat azalsın, onda evlərinə köçsünlər.
Onların sözlərinə görə, bu tikinti firmasından mənzil aldıqlarına görə peşman olublar. Səbəb isə kommunal infrastrukturun qurulması zamanı xərclərin onların dərisindən qoparılmasıdır.
Şirkət isə öz hesabından ödəmir və bunun sakinlərin öz cibindən verməli olduqlarını söyləyir. Hərçənd ki, belə bir qanun yox idi. Onlar qeyd edirlər ki, sayğacların quraşdırılması dövlət strukturlarının işidir və hər yerdə bu təchizat təmin olunur.
Politika.Az xəbər verir ki, “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyinə müraciət hazırlanır. Eyni zamanda prezidentə də məktub göndəriləcək. Sakinlər deyirlər ki, məcburi köçkünlər kimi, onlar da evlərinə quraşdırılan sayğac bəlası ilə üzləşib.
Sadəcə, bu bəla pulludur. Beləcə, Bakıda yeni tikilən binalardan mənzil alan vətəndaşlar o qədər problemlərlə üzləşiblər ki, indi “novostroyka”da ev almaq istəyənlər xeyli tərəddüd yaşayırlar.
Mənzilin sahəsinin hesablanmasına gəlincə, qanunun tələbləri pozulub. Mənzillərin sahəsini divarların çölündən hesablayırlar.
Bəzi binaların çox keyfiyyətsiz tikilməsi, bəzilərində qiymətlərin bahalığı, bəzilərində isə mənzil alan müştərilərə verilən vədlərin yerinə yetirilməməsi mənzil almaq istəyənlərin arzusunu ürəyində qoyur.
Hər gün telekanallarda reklamı verilən tikinti komplekslərinin çoxu haqqında araşdırma apardıqda isə vəziyyətin həqiqətən də çox acınacaqlı olduğu üzə çıxır.