Deputatdan prezidentə sabotaj: “Avromed” Tarif Şurasını “divara dirəyib” - Bahalaşdır!
06-fev-2017Bir neçə gündür ki, apteklərdə dərman qıtlığı yaşanır. Vətəndaşlar isə dərman qıtlığı ilə üz-üzə qalıb. Apteklərdə müxtəlif adda dərmanlara ehtiyac yaranıb.
“Zeytun”, “Avromed”, “Diamed”, “Zəfəran” və digər dərman satan şirkətlər Tarif Şurası qarşısında məsələ qaldırıblar.
Onların tələbi budur ki, ya dərmanların qiyməti dərman şirkətləriylə razılaşdırılsın, ya da anbarlardan dərman preparatları apteklərə paylanmayacaq.
“Avromed” deputat Cavanşir Feyziyevindir. Deputatın firması prezidentə qarşı sabotaj etməklə məşğuldur. Millət vəkilinin şirkəti və başqa dərman mafiozları Tarif Şurasını “divara dirəyib” ki, bahalaşdır.
Bu da getdikcə yaşayış səviyyəsi aşağı düşən və yoxsullaşan əhaliyə arxadan zərbə endirməkdir. Deputatın firması və dərman mafiozları xalqın acınacaqlı vəziyyətindən də sui-istifadə edir.
Tanınmış dərman firmalarından biri olan “Avromed” şirkəti dərman preparatlarını Bakı və bölgələrdə olan anbarlarında saxlamaqla özündən asılı olan apteklərin fəaliyyətini iflic edib. Bu şirkət rəqabət qaydalarını pozaraq fırıldaqçı yola əl atıb.
Bu şirkətlə yanaşı digər dərman firmaları hələlik dərman preparatlarını anbarlarda saxlamaqda davam edir. “Avromed” şirkətinə daxil olan qeyri-rəsmi informasiyaya görə Tarif Şurası dərman preparatlarının qiymətini 12% artıracaq.
Politika.Az xəbər verir ki, bu səbəbdən anbarlarında olan malların üzərində əlavə 12% qazanmaq imkanıni itirməmək üçün dərman şirkətləri əhalini çıxılmaz vəziyyətə salıb. Prosesin nə qədər davam edəcəyi məlum deyil.
Əslində, bir müddət əvvəl Tarif Şurasının dərman bazarında bahalaşma qərarı diqqətdən kənarda qaldı. İşıq və qaz pulunun qalxması dərman sektorundakı qiymət artımı haqda qərarı arxa plana keçirdi.
Amma faktiki olaraq apteklərdə dərman böhranı hökm sürür. “Avromed” isə Şuranı təhrik edir ki, yenə bahalaşdır. valyuta bazarında yaşanan gərginlik, bankların dollar satmaqdan imtina etməsi, sahibkarların maliyyə durumunun pisləşməsi əczaçılıq sahəsində ciddi problemlərə yol açıb.
Bu da əhalinin sağlamlığını təhdid edir. Problemlərdən biri müxtəlif adda dərmanların apteklərdən yoxa çıxmasıdır. Bu sahədə inhisarçılıq yaranıb. Bəzi inhisarçı şirkətlər öz apteklərinə dərmanı ucuz, digərlərinə isə baha verirlər. Beləcə daha çox alıcı cəlb edirlər.