Bu gün:
Xezer.info » Siyasət » İlham Əliyevi boğaza yığan nazirlə komitə sədri: Prezident şikayət eşitməkdən bezib

İlham Əliyevi boğaza yığan nazirlə komitə sədri: Prezident şikayət eşitməkdən bezib


İlham Əliyevi boğaza yığan nazirlə komitə sədri: Prezident şikayət eşitməkdən bezib
Prezident İlham Əliyevi və sahibkarları xirtdəyə qədər boğaza yığan iki məmur var: vergilər naziri Fazil Məmmədov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev. Hər iki yüksək çinli məmurun əlindən iş adamları cana doyub.

Prezident nazirlə komitə sədrinin əməllərindən bezib.

İ.Əliyev onlar barəsində şikayət eşitməkdən də yorulub. Çünki dövlət başçısına ən çox gömrükdən və vergidən şikayətlər daxil olur. Bu gedişat prezidenti vadar edir ki, hər iki qurumu ləğv edib səlahiyyətlərini ASAN Xidmətə versin.

Gömrük və vergi sahibkarların dərisinə saman təpir, onlara divan tutur. Ölkəyə mal gətirməyinə peşman olan iş adamları nə vaxtsa Gürcüstan kimi Azərbaycanın da Şengen vizası ləğv edilmiş ölkəyə ümid edir.

Sıralamada ön yerləri bölüşdürən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və vergilər naziri Fazil Məmmədov hələ də öz postlarında oturublar. Onların yaratdığı korrupsiya maşınından hər gün minlərlə vətəndaş əziyyət çəkir.

Gömrük-keçid məntəqələrindəki durum haqda yazmaq izafi işdir - sərhəd bölgələrinin sakinləri ailələri üçün etdiyi bazarlığı belə ölkəyə buraxmırlar, gömrük sərhədlərinə gömrükçülər yox, “broker” cildində olan monopolistlərin nümayəndələri nəzarət edirlər.

Ancaq təəssüf ki, siyasi hakimiyyət ordu, təhsil, aqrar və sosial müdafiə sektorundan fərqli olaraq gömrük sistemində səliqə-sahman yaratmağa tələsmir.

Əvəzində isə hər gün gömrük sərhədlərində minlərlə vətəndaşın hüquqları pozulur, dövlət rüsumu kimi büdcəyə çatacaq milyonlarla manat vəsait qeydiyyatdan yayındırılır, korrupsiya setinin başında duran gömrük general-leytenantı Aydın Əliyev isə toxunulmaz qalır.

Vergilər naziri Fazil Məmmədovun vergi sistemində yaratdığı korrupsiya şəbəkəsini götürək. Zahirən nazirliyin vergi ödəyiciləri ilə münasibətlərinin sivil formada tənzimlənməsi barədə iddialar ola bilər.

Vergi ödəyiciləri rüblük və illik hesabatları elektron formada nazirliyə təqdim edir, yəni vergi müfəttişləri ilə iş adamlarının canlı təmasları yoxdur. Ancaq bu, aysberqin suyun üzündə qalan, yəni görünən hissəsidir.

Vergilər Nazirliyinin Vergi Auditi Departamentinin əməkdaşlarının iş adamları ilə intensiv təmasları olur. Vergi auditorları özəl müəssisləri bir-bir gəzir, dövriyyəsindən asılı olaraq onlardan küllü miqdarda “illik haqq” yığır.

Bu arada yanvarın 30-da Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans bir-sıra maraqlı məqamları ilə yadda qalıb.

Qeyd edək ki, iş adamlarının, sahibkarların da iştirak etdiyi konfransda nazirlərin çıxışından sonra Prezident İlham Əliyev yekun nitqi söyləyərək, toplantını tərk edib.

Bundan sonra konfrans iqtisadiyyat naziri Şahin Müstafayev, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə davam etdirilib. Prezidentin göstərişi ilə onlar sahibkarların problemlərini dinləyiblər.

Politika.Az azpolitika.info-ya istinadla xəbər verir ki, prezidentin yekun nitqində söylədiyi fikirlərdən cəsarətlənən iş adamları nazirləri çox çətin suallar qarşısında qoyub, çaş-baş vəziyyətə salıblar.

Mikrofonu götürüb çıxış edən sahibkarların demək olar ki, hamısı dövlət qurumlarına, əsasən də vergi və gömrük orqanlarına qarşı ciddi iradlar səsləndiriblər.
Vergi orqanlarında, gömrükdəki neqativ hallarla bağlı konkret faktlar ortaya qoyaraq, nazirdən və komitə sədrindən cavab istəyiblər.

Məsələn, sahibkarlardan biri vergi orqanlarının ondan 1 milyon pul tələb etdiyini söyləyərək, nazir Fazil Məmmədovdan bunun əsaslandırmasını istəyib. Nazir deyib ki, belə bir şey olmamalıdır. Digərləri gömrüklə bağlı konkret məsələlər ortaya qoyublar.

Belə bir mənzərə ilə qarşılaşacaqlarını gözləməyən nazirlər, komitə sədri iş adamlarının çıxışları, sualları qarşısında çıxılmaz vəziyyətə düşüblər. Verilən suallara cavab verməkdə çətinlik çəkiblər.