"Bu şərəfli tarixdən Azərbaycan insanının xəbəri varmı?" - Mehriban Vəzirdən Yaqub Mahmudovun İrəvan bəyanatına cavab
04-fev-2017Mehriban Vəzir: “Parlamentdə oturub, gülünc bəyanatlar verməyin yeri deyil”
AMEA-nın Tarix İnstitutunun rəhbəri, deputat Yaqub Mahmudovun parlamentin son iclasında əzəli Azərbaycan torpağı olan İrəvanın qaytarılması ilə bağlı dediklərinə münasibət heç də birmənalı deyil. İrəvanın qaytarılmasının mümkünlüyü barədə danışanlar da, bunun əksini deyənlər də var.
Tarixi ərazimizin geri qaytarılmasının mümkün olduğunu deyənlərin əsas arqumentləri İrəvanın 99 il müddətində icarəyə verilməsi və həmin zamanın bu ilin mayında başa çatması, eyni zamanda, müqavilədə irəli sürülən şərtləri ermənilərin pozmasıdır. Bu məsələdə ümidsiz olanlar isə dünyanın düzəninin dəyişdiyini və Dağlıq Qarabağ problemində ədaləti müdafiə etməyən dünya güclərinin burada da yanımızda olmayacağını deyirlər. Daha bir fikir də var ki, bu da tarixçi deputatın dilindən bu cür fikirlərin məqsədli şəkildə ortaya atılması ilə bağlı iddialardır. Bununla gündəmi dəyişmək cəhdi edildiyi də ehtimal edilir.
Yazıçı-publisist Mehriban Vəzir tarixçi-alimin fikirlərinin əleyhinə çıxdı: “Siyasi və beynəlxalq hüquq müstəvisindən yanaşılarsa, son dərəcə yerində olmayan bəyanatdır. Dünyanın qəbul etdiyi hazırkı düzən var, dövlətlərin müəyyən edilmiş sərhədləri var. Bəli, o torpaqlar bizimdir, Rusiyanın silahlı təcavüzü, işğalı nəticəsində bizim torpaqlarımızda ”Ermənistan" qurulub. Təəssüf ki, dünya bu haqsızlığı, bu işğalı artıq “yeni düzən” kimi qəbul edib. Azərbaycanın tarix elmi öncə İrəvan dərslərini vətəndaşına öyrətməlidir. Tarix İnstitutu öncə dövlət qarşısında vəsatət qaldırmalıdır ki, Qafqazın ruslar tərəfindən işğalı, ermənilərin ruslar tərəfindən Azərbaycan torpaqlarına köçürülməsi, İrəvanın erməni paytaxtına çevrilməsi dərsliklərə doğru-dürüst salınmalıdır. Bu tarixi həqiqətlər vətəndaşa ilkin təhsil dövründən və təhrifsiz öyrədilməlidir.
Azərbaycan vətəndaşına öncə İrəvanı nə şəkildə itirdiyi, dədə-babalarının hansı qəhrəmanlıqla vuruşduğu öyrədilməlidir. İrəvan qalası 22 il nəhəng rus imperiyasına müqavimət göstərə bilib. İrəvanın müqaviməti, böyük sərkərdələrimiz, o cümlədən, Sarı Aslan ləqəbli Hüseynqulu xan Qacar kimi qəhrəmanların hesabına 22 il çəkib. Rusların Qafqaza sahib olması İrəvan kimi qalaların müqaviməti hesabına 22 il yubanıb. Ruslar İrəvana girmək üçün generallar itirib, ordu, qoşun, nəhəng sursat itirib, amma tam 22 il buna nail ola bilməyib. Nə qədər rus zabiti, məhz böyük rus imperiyasının zabirləri, genaralları, əsgərləri İrəvan qalasının darvazaları önündə rüsvay olaraq ölkəsinə dönüb. Bu, Azərbaycanın parlaq qəhrəmanlıq tarixidir.
Bu şərəfli tarixdən Azərbaycan insanının xəbəri varmı? Bu kimi şərəfli kimlik səhifələri ictimailəşibmi, kütləviləşibmi, ictimai şüurda yer alıbmı? Vətəndaşımız İrəvan əfsanəsindən, o parlaq tarixdən xəbərdardırmı? Sarı Aslanı tanıyırmı? Sarı Aslana abidə qurubmu? Xeyr!
Tarix İnstitutu vətəndaşın bu bilgisizliyində öz məsuliyyətini hiss edirmi? Tarix İnstitutu İrəvan qalasının qəhrəmanlıq tarixini əbədiləşdirmək üçün dövlət qarşısında hər hansı bir müraciətlə çıxış edibmi?".
Yazıçı-publisist Yaqub Mahmudovun dediklərinin yersiz olduğunu bildirdi: “Öncə İrəvan qəhrəmanlarını, İrəvanın müqavimətini, nə qədər bizə məxsus olduğunu ictimailəşdirmək lazımdır. Öncə bu şərəf salnaməsinin məktəb kitablarına salmaq lazımdır. İctimai şüuru tarixi kimlik şüuru ilə zənginləşdirmək lazımdır, bunu dövlətdən tələb etmək lazımdır. Bu olar alimlik. Sonra bu tarixi dünya vətəndaşlarının diqqətinə çatdırmaq üçün dövlətin proqramı, strategiyası olmalıdır. Tarix İnstitutu bu işlərlə məşğul olmalıdır. Ura-patriotluq etməməlidir. Yoxsa parlamentdə oturub, gülünc bəyanatlar verməyin yeri deyil. Bu, ”İrəvana atom bombası atarıq" bəyanatı qədər boş və məsuliyyətsiz sözdür. Azərbaycanı dünyaya aqressor kimi tanıdan mövqedir. Həm də dünyanı özünə güldürməkdir, sözün yerini bilməməkdir. Buna çox təəssüflənirəm. Parlamentdə çıxış həm də siyasi savad istəyir.
Bu gün sıravi Azərbaycan vətəndaşına deyəndə ki, İrəvan bizimdir, o, gülür, istehza edir, deyir birinci Qarabağı alaq, dünyanın tanıdığı sərhədlərini bərpa edək, sonra İrəvana gedək.
Çünki Azərbaycan tarix elmi ictimai şüura İrəvan həqiqətlərini oturda bilməyib. Tarix İnstitutu öz məsuliyyətini hələ yerinə yetirə bilməyib. Vətəndaşına öz tarixini öyrədə bilməyən, İrəvan haqqında ictimai rəyi mərkəzləşdirə bilməyən tarix elmimizin belə görkəmli bir nümayəndəsinin bu siyasi bəyanatı komikdir".
Cavanşir ABBASLI