Vergilər Nazirliyi “artıq vergi ödəmələri” ilə bağlı izahat verdi
04-fev-2017Şahin Məmmədov: “Nazir qeyri-rəsmi ödənişləri yox, vergi qanunvericiliyində təsbit olunmuş artıq ödəmələri nəzərdə tutub”
Bir neçə gün öncə vergilər naziri Fazil Məmmədovun “Artıq vergi ödəmələri ləğv oluna bilər” açıqlaması ilə bağlı rəy yazısı hazırlamışdıq. Məqalədə ekspertlər nazirin qeyd etdiyi artıq vergi ödəmələrinin qeyri-rəsmi ödənişlər və korrupsiya olduğunu bildirmişdilər. Yazıda Vergilər Nazirliyinin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildirmişdik.
Bu gün Vergilər Nazirliyindən həmin məqalədə səslənən fikirlərə rekasiya gəldi.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məqalədə vergilər naziri Fazil Məmmədovun çıxışında qeyd etdiyi “artıq ödəmələr” ifadəsi düzgün anlaşılmayıb və ekspertlər tərəfindən yanlış şərh edilib: “Nazir yazıda göstərildiyi kimi ”əlavə ödənişlər" deyərkən hansısa qeyri-rəsmi ödənişləri yox, vergi qanunvericiliyində təsbit olunmuş artıq ödəmələri nəzərdə tutub. Vergi qanunvericiliyini dərindən bilməyən, lakin kimlərinsə şəxsi təxəyyülünün məhsulu olan əsassız fikirlərinin mətbuatda qərəzli şəkildə şərh olunması yalnız təəssüf hissi doğurur. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi heç də bəzilərinin təsəvvür etdiyi kimi bəsit qaydalar toplusu deyil və onu şərh etmək üçün xüsusi biliklərə malik olmaq vacibdir. Qüvvədə olan Vergi Məcəlləsinin 151-ci maddəsinin müddəalarına əsasən hüquqi şəxslər mənfəət və fərdi sahibkarlar gəlir vergisi üzrə rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsi qədər və ya bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
Məcəllənin 201-ci maddəsinin müddəalarına əsasən əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.
Göründüyü kimi, cari vergi məbləğləri bəyannamə təqdim edilmədən müvafiq dövr üzrə vergi ödəyicisinin ötən ilin göstəricilərinə əsasən hesablanılır və büdcəyə ödənilir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəalarına əsasən azaldılır".
Şahin Məmmədov qanunvericilikdə artıq ödəmələrin nəzərdə tutduğu maddələri də diqqətə çatdırdı: “Məcəllənin 175-ci maddəsinin müddəalarına görə sıfır dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV-yə cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir. Bu halda vergi ödəyicisi tərəfindən təqdim edilən mal, iş və xidmətlər üzrə ƏDV hesablanmadığından, əvəzləşdirilmiş ƏDV məbləğləri üzrə artıq ödəmə yaranır. Bu hal hesabat dövrü ərzində əvəzləşdirilən ƏDV məbləği, təqdim olunan mal, iş və xidmətlər üzrə hesablanan ƏDV məbləğindən artıq olduğu halda da baş verir.
Məcəllənin 179-cu maddəsinin müddəalarına əsasən ƏDV üzrə əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən bu Məcəllədə nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır.
Vergi qanunvericiliyinin tələblərinə əsasən artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. ƏDV istina olmaqla artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilmiş qaydada, 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Qəzetdəki yazıda istinad olunan çıxışda da məhz bu məsələlər barədə danışılıb".